AB «Cənub axını»nın Türkiyə ilə davamının da uğursuzluğa uğrayacağına əmindir
Avropa Birliyinin təzyiqi ilə Rusiyanın dayandırmağa məruz qaldığı “Cənub axını” proyektinin bəxti açılmır. Avropanın bu layihədən imtinasından sonra Rusiya bu proyekti Türkiyə ilə davam etdirməyə qərar vermişdi.
Bolqarıstana qədər çəkilən kəmər daha sonra Qara dənizin dibilə Türkiyəyə çatmalı idi. Amma Avropa Birliyi Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisini dayandıraraq Türkiyə istiqamətinə eyni gücdə “Türk axını” adı verilən yeni qaz kəməri çəkmək planlarına inanmadığını bəyan edib. Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Davos Iqtisadi Forumu zamanı “The Wall Street Cournal” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskvanın Ukraynadan yan keçməklə Türkiyədən yeni qaz kəməri çəkmək planları “işləməyəcək”.
M.Şefçoviç deyib ki, plana görə, “Türk axını” kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə ildə 63 milyard kubmetr qaz nəql edilməlidir. Bu həcmdə qaz isə Türkiyənin və Cənub-Şərqi Avropa ölkələrinin illik tələbatından çoxdur.
“Ilkin dəyərləndirmələrə görə, bu plan işləməyəcək”- M.Şefçoviç bildirib.
Xatırladaq ki, kəmərə dair razılaşma Putinin Ankaraya ötən il dekabrın 1-də etdiyi səfər zamanı əldə olunmuşdu.
Ekspertlər hesab edir ki, hazırda Türkiyə ilə Rusiya arasında baş verənlərə tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər tarixə diqqət yetirilərsə region dövlətlərindən Iran Rusiya ilə sıx əlaqələrə malik olubsa, Türkiyə inkişaf istiqaməti kimi daha çox Avropanı seçib. Hazırda da Türkiyənin xarici ticarət dövriyyəsində Avropa ölkələrinin payı daha çoxdur. Hazırda Rusiyanın Qərblə münasitbətlərdə yaşadığı gərginlikdən sonra özünə müttəfiq axtarışına çıxması bir faktdır. Ona görə Rusiya ilə Türkiyə arasındakı son yaxınlaşma da siyasi mülahizələrdən irəli gəlir. Rusiyanın imzaladığı layihələrin çoxu uzun müddətli dövr üçün nəzərdə tutulmayıb və daha çox özündə siyasi konfiqurasiyaları ehtiva edir. Rusiyanın əvvəlki müttəfiqlərindən uzaqlaşması bu dövlətin mövcud kövrək vəziyyəti ilə bağlıdır.
Xəyal