Qeyri-neft sektoru inkişaf edir, yoxsa?
Davosda keçirilən Dünya Iqtisadi Forumu yanvarın 25-dək davam edəcək. Forumda iştirak edən prezident Ilham Əliyev bu gün Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorun payına düşdüyünü bildirib.
Dövlət başçısı söyləyib ki, iqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir: “Biz bu gün neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq. Çünki bizim iqtisadiyyatımızın böyük bir hissəsi qeyr-neft sektorunda formalaşıb. Avropa Yenidənqurma və Inkişaf Bankının və digər təşkilatların köməyi ilə böyük infrastruktur layihələri həyata keçirilir”.ÿPrezidentin sözlərinə əsasən, neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı qarşısında yeni vəzifələr qoyur: “Burada müsbət məqamlar da var. Bu bizi daha səmərəli olmağa, daha az xərcləməyə səfərbər edəcək və aşağı neft qiymətləri ilə yaşamağa öyrədəcək ki, bu da bizim üçün çox faydalıdır”.ÿ
“Regionların transformasiyası: Avrasiya” mövzusunda keçirilən sessiyada iştirak edən dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi hazırda uğurla davam etdirilir: “Artıq Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyir”.
Məsələni şərh edən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, ölkə iqtisadiyyatı neft sektorundan asılı vəziyyətə gətirilibsə, sonrakı dövrdə bu sektor müxtəlif amillərin təsiri altında perspektivsiz görünəcəksə, gəlirlər azaldığı fonda qeyri-neft sektorunu inkişaf etdirmək zərurəti yaranır. Ekspertə görə belə bir vəziyyətdə neftin dünya bazar qiymətinin aşağı düşməsi zorən qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur edir:
“Bir az ağıllı olan ölkələr belə halların yarana biləcəyini öncədən proqnozlaşdıra bilir. Odur ki, öz ölkələrinin iqtisadi cəhətdən tarazlı inkişafı üçün addımlar atırlar. Amma Azərbaycanda hökumət fakt qarşısında qalıb. Hökumətdə oturanlar vəzifələrinə məsuliyyətsiz yanaşıb əllərinə düşən pul vəsaitlərini dağıtmaqla məşğul olublar. Buna normal hökumət demək olmaz. Zamanında ölkənin iqtisadi sahələri arasında tarazlı inkişafı təmin etməyiblər. Iqtisadiyyat birtərəfli inkişaf edib”. N.Əliyev onu da bildirir ki, konkret halda son dövrlər ölkənin ümumdaxili məhsulunun formalaşmasında çəki qeyri-neft sektorunun xeyrinə dəyişib. Ölkədə neftin pik nöqtəsinin 2009-cu ildə olduğunu yada salan ekspert, o vaxt 50,8 milyon ton xam neft hasil edildiyini söyləyir. Ondan keçən dövr ərzində neftin xüsusi çəkisinin azalması hesabına qeyri-neft sektorunun payı artmış şəkildə göstərilir. Sadəcə olaraq bu, riyazi hesablamalarda balans şərtlərindən irəli gələn məsələdir. Ekspert bu mənada qeyri-neft sektorunun şaxələndirilmiş vəziyyətdə inkişaf etdirilməsi təbliğatını əsassız sayır:
“Belə təbliğat yanlışdır. Nəticədə belə bir təlbliğatın təsirinə düşüb ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində real addımlar atmaq istəmirlər. Hökumətin vergi dərəcələrinin, yanacağın qiymətinin artırılması istiqamətində atdığı addım da həmin yanlış təbliğatın doğurduğu nəticələrdir”.
Nigar