Avtobus sürücüləri indidən narazılıq edir
Nəqliyyat Nazirliyi 2015-ci il martın sonuna kimi Bakıda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi planlaşdırır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.
Namiq Həsənov qeyd edib ki, ictimai nəqliyyatda kart vasitəsilə ödənişə keçidlə bağlı iş davam etdirilir və proses martın sonuna qədər tam başa çatdırılacaq.
Lakin Namiq Həsənov kart sisteminə keçidin detallarını açıqlamayıb. Məsələn bəlli deyil ki, bunun icrası necə həyata keçiriləcək? Bəllidir ki, Bakının ictimai nəqliyyatında sıxlıq olur. Bu halda sərnişinlər ödənişləri necə həyata keçirəcək? Başqa bir məsələ. Güman ki, kart tətbiq olunduqdan sonra sürücülər maaş sisteminə keçəcək. Bəzi sürücülər bildirir ki, onlar hazırda ay ərzində 800-1000 manat pul qazanırlar. Sürücülər deyir ki, onlara bu məbləğdə maaş veriləcəyinə inanmırlar. Ona görə də kart sisteminə keçiddən narazıdırlar. “Lakin hələ gözləyirik, görək nə olacaq. Əgər qazandığımız qədər maaş versələr işləcəyik, yox əmək haqqı bizi qane etməsə, bu sistemdən imtinanı tələb edəcəyik”, – deyə sürücülər bildirir.