Avropa Birliyi Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisini dayandıraraq Türkiyə istiqamətinə eyni gücdə “Türk axını” adı verilən yeni qaz kəməri çəkmək planlarına inanmadığını bəyan edib. Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Davos İqtisadi Forumu zamanı “The Wall Street Journal” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskvanın Ukraynadan yan keçməklə Türkiyədən yeni qaz kəməri çəkmək planları “işləməyəcək”.
M.Şefçoviç deyib ki, plana görə, “Türk axını” kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə ildə 63 milyard kubmetr qaz nəql edilməlidir. Bu həcmdə qaz isə Türkiyənin və Cənub-Şərqi Avropa ölkələrinin illik tələbatından çoxdur.
“İlkin dəyərləndirmələrə görə, bu plan işləməyəcək”- M.Şefçoviç bildirib.
Bundan əvvəl Maroş Şefçoviç demişdi ki, “Qazprom”un Ukrayna ərazisindən Avropaya qaz tranzitini tamamilə dayandırmaq və bu ölkə üzərindən nəql olunan qazı Türkiyə-Yunanıstan sərhədinə çıxarmaq planlarından təəccüblənib. Avropa komissarı Rusiyanın bu planı Brüssellə müzakirə etmədiyini deyib
Qeyd edək ki, “Cənub axını” kəmərinin tikintisinin dayandırıldığı və onun əvəzində Qara dənizin dibi ilə Türkiyənin Yunanıstanla sərhədinə qədər eyni gücdə yeni kəmərin çəkiləcəyi Rusiya prezidenti Vladimir Putinin Ankaraya ötən il dekabrın 1-də etdiyi səfər zamanı elan edilib.
Bu plan Avrasiya regionunda enerji kartlarını alt-üst edir və o cümlədən Azərbaycanda yaxından izlənilir. Çünki Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qaz da TANAP kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə,oradan isə TAP kəməri ilə Avropanın cənubuna nəql edilməlidir. (virtualaz.org)