Qərbdə «ermənipərəst» axtaran hakimiyyət ermənipərəst Rusiyaya niyə etiraz edə bilmir?
Hakimiyyət yalnız ölkənin vicdanlı insanlarını deyil, hakimiyyətdən demokratiya tələb edən Qərbi də ermənipərəstlikdə ittiham edir. Əsasən də Qarabağ məsələsindən söhbət gedəndə, dünyanın ikili standartlardan çıxış etdiyini, Azərbaycana qarşı qərəzli mövqeyini dilə gətirirlər. Amma hər dəfə sübut olunur ki, bütün mənalarda Ermənistana yardım edən də, Qarabağın işğalının memarı da, Azərbaycan hakimiyyətinin sığındığı Rusiyadır.
Bugünlərdə hökumətyönlü politoloq Mübariz Əhmədoğlu “Trend”ə açıqlama verib və bir neçə maraqlı məqama toxunub. Əslində, politoloqun dedikləri hakimiyyətin növbəti dəfə faktlarla ifşa olunmasıdır: “Rusiya ilə imzalanmış qazla bağlı müqavilələr Ermənistanın ən çox hesablaşdığı və ya qorxduğu müqavilələrdir: Ermənistan Rusiyanın imici ilə əməlli-başlı alver edir. Onu Qərbin qabağında sövdələşmə obyektinə çevirir. Qərb-Rusiya qarşıdurmasında Ermənistan açıq şəkildə Qərbin tərəfindədir. Ermənistan rəhbərliyi ABŞ, AB və NATO rəhbərliyi ilə əməkdaşlığı intensivləşdirmək və genişləndirmək mövzusunda danışıqlar aparır. Amma bunlar Ermənistanın Rusiya ilə imzaladığı qaz müqavilələrinə aid deyil. Rusiya ilə Ermənistan arasında qaza dair 2 müqavilə mövcuddur. Hər iki müqavilə Rusiyadan aldığı qazı öz ərazisindən, yəni beynəlxalq aləmdə tanınmış sərhədlərindən kənara satmağı, nəql etməyi Ermənistana qadağan edir”- deyə Mübariz Əhmədoğlu bildirib.
Bu fikirlərdən də məlum olur ki, Ermənistana təkcə hərbi silah-sursatı deyil, qazı da Rusiya verir və tərəflər arasında qazla bağlı 2 müqavilə imzalanıb. Yəni açıq şəkildə Rusiya Ermənistanı himayə edir. Azərbaycan hakimyyəti isə dünyada “ermənipərəst” axtarır. Ümumiyyətlə, Rusiyanın Azərbaycana vurduğu zərbə təqvimin bütün aylarında özünü göstərir. Yanvarda “20 Yanvar” facisəini qeyd edəcəyik. Fevralda “Xocalı soyqırımı”nı anacağıq. Digər aylar da işğal olunmuş rayonlarımızın ildönümləri ilə əlamətdardı. Və bütün bu faciəli tarixlər Rusiyanın “töhfə”sidir. Bütün bunlardan sonra isə Rusiya Ermənistanı bütün mənalarda himayə edir və Azərbaycan ərazisinin 20 faizini Ermənistana hədiyyə edib. Azərbaycan hakimiyyəti isə faciələrimizin baiskarlarını “böyük qardaş” deyərək qucaqlamaqla məşğuldu.
Mübariz Əhmədoğlunun səsləndirdiyi digər fikirdən məlum olur ki, Ermənistan Qərblə körpüləri tikmək qərarı verir və fürsətdən istifadə edərək ABŞ, AB, NATO rəhbərliyi ilə intensiv əməkdaşlığa cəhd edir. Göründüyü kimi, Ermənistan hakimiyyəti hiyləgər siyasət yeridir və perspektivin Qərblə əməkdaşlıqdan keçdiyini dərk edir. Bu həm də Qarabağ məsələsində mövqeləri gücləndirməkdir. Çünki, dəfələrlə mesaj verilib ki, Qarabağ münaqişəsinin həlli Qərbə inteqrasiyadan keçir. Yəni hansı dövlət demokratik dəyərlərə sahiblənsə, avrointeqrasiya kursunu götürsə və bu siyasətdə səmimi olsa, Qarabağ münaqişsinin həlli də həmin dövlətin xeyrinə yekunlaşacaq. Bütünlüklə Rusiyadan asılı olan Ermənistan bunu dəyərləndirdiyi halda, Azərbaycan hakimiyyəti Rusiyanın əlindən yapışıb. Göründüyü kimi, bu reallıqda Azərbaycan Rusiyanın quberniyası kimi çıxış edir. Hətta Ermənistan kimi bədbəxt bir ölkənin özünə rəva bilmədiyini Azərbaycan hakimiyyəti sevincək reallaşdırır.
Bir anlıq təsəvvür edək ki, Ermənistana qaz, hərbi silah-sursat verən Rusiya yox, hansısa Qərb ölkəsidir. O zaman hakimiyyət təmsilçiləri, ölkə telekanalları gecə-gündüz həmin ölkəni rüsvay etməklə məşğul olardılar. Indi ard-arda bəyanatlar verilər, həmin ölkəyə nota göndərilərdi.
Rusiyanın bu qədər zərbələri qarşısında isə hakimiyyət susur. Nəinki susur, həm də bu ölkəyə dəstək ifadə edir.
Bir daha təsdiq olunur ki, hakimiyyət üçün nə Qarabağ münaqişəsinin həlli, nə də dövlətin müsbət imici maraqlıdır.
Akif