Nemət Əliyev: «Başqa ölkələrdə 1 milyon dollara başa gələn bir layihə bizdə bir neçə dəfə şişirdilib»
Maliyyə Nazirliyi Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) qiymətləndirməsinin mətnini yayıb. Qeyd edək ki, PEFA layihəsi Dünya Bankının, Avropa Ittifaqının və Iqtisadi Məsələlər üzrə Isveçrə Dövlət Katibliyinin dəstəyi ilə həyata keçirilir.
Yekun hesabat son 3 ilin, yəni, 2011-2013-cü illərin dövlət maliyyəsinin idarə edilməsi sahəsi üzrə göstəricilərin qiymətləndirilməsi əsasında hazırlanıb. Aparılmış qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər əldə edildiyi bildirilib.
Maliyyə Nazirliyinin 31 göstəricinin 17-si üzrə müsbət nəticəsinin sayca az olduğuna diqqəti çəkən iqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, dövlət büdcə xərclərindən 14-ü üzrə göstəricilər yaxşı vəziyyətdə deyil. Ekspertin sözlərinə görə, bu açıqlamanın özündən aydın olur ki, bu, ciddi və mühüm dövlət sənədində 14 xərc maddəsi üzrə vəziyyət yaxşı deyil. Büdcə vəsaitlərinin talanması və təyinatından yayındırılmasını düzgün hal hesab etməyən ekspert, dövlət büdcə vəsaitləri xərc maddələri üzrə prioritetlərin düzgün seçilməməsinin narahatlıq doğurduğunu bildirir: “Ölkənin təhsil, səhiyyə, aqrar sektoru, eləcə də emal sənayesi və digər sahələr inkişaf etdirilməlidir. Xərclərin əsas ağırlıq yükü çox da əhəmiyyəti olmayan, ikinci, üçüncü dərəcəli sahələrə düşüb. Investisiya xərclərinin böyük bir hissəsi təyinatından yayındırılıb. Başqa ölkələrdə 1 milyon dollara başa gələn bir layihə bizdə bir neçə dəfə şişirdilib. Vəsaitlərin təyinatından yayındırılması məsələsi dövlət büdcə xərcləmələrində ən ciddi narahatlıq yaradan məsələlərdəndir. Burada başqa sahələrdə olduğu kimi, Maliyyə Nazirliyi də hökumətin siyasi maraqlarının əlavəsinə çevrilib”.
Nigar