Namizədlərin qeydə alınması icra başçısının rəyindən asılıdır
“Masallıda seçki rəzaləti yaşanır. Rayonun icra başçısı Rafil Hüseynov sanki alternativ Dairə Seçki Komissiyası yaradıb və kimi istəyirsə onun namizədliyini qeydə aldırır”. Bu sözləri “Azadlıq”a hələlik adının çəkilməsini istəməyən bələdiyyəyə namizədlərdən biri deyib.
Onun sözlərinə görə, Rafil Hüseynov “arzuolnumaz” namizədlərə imza verən şəxslərə təzyiq edir: “Xüsusilə ”arzuolunmaz” namizədlərin yaxınlarına təzyiqlər olunur. Konkret olaraq Musakənd bələdiyyəsinə namizədliyini irəli sürən və icra başçısının siyahısından kənarda olanlar bu təzyiqlərlə üz-üzədir”.
Mənbə bildirib ki, məsələ ilə bağlı Dairə Seçki Komissiyasına müraciət edilib. Komissiyadan isə açıq şəkildə bildirilib ki, məsələ icra başçısının nəzarətindədir və bütün namizədlər onun rəyi ilə qeydə alınır. Mərkəzi Seçki Komissiyasına müraciətlərin də nəticəsi olmayıb.