“Bəli, mübarizə müsavatçılarla hakimiyyət arasında gedir. Əsas məsələ İsa Qəmbərin bu mübarizədə kimlərin yanında olmasıdır”
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin partiya daxilində məsələlərə münasibət bildirməsindən sonra ictimaiyyətdə müxtəlif fikirlər səsləndirildi. Mətbuatda yayılan şərhlərə görə, İsa Qəmbər məlum statusu ilə (“Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir”) demək istəyib ki, partiyada narazı üzvlər hakimiyyətin sifarişini yerinə yetirirlər. Onlar arasında isə partiya üzvü Vurğun Əyyubun da adı çəkilib. Məsələ ilə bağlı “Hafta.az” Vurğun Əyyubla əlaqə saxlayıb. V.Əyyub deyib:
“Ümumilikdə götürəndə bəli, mübarizə müsavatçılarla hakimiyyət arasında gedir. Sadəcə olaraq, biz müsavatçılar partiyanın demokratik bir şəkildə, nizamnaməyə uyğun idarə edilməsinin tərəfindəyik. Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub-olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?”.
Vurğun Əyyub bildirib ki, digər üzvlərdən fərqli olaraq, o, istefa barəsində düşünmür:
“Müsavat Partiyasını yenidən bərpa edən şəxslərdən biriyəm. Eyni zamanda, həyatımın böyük bir hissəsini bu partiyanın qurulmasına həsr etmişəm. Bu baxımdan istefa barəsində qətiyyən düşünmürəm”.