Elçin Məmməd həbs oluna bilər
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, “Yüksəliş naminə” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Elçin Məmməd bu gün səhər saatlarında yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində olub. Bu barədə onun rəhbərlik etdiyi QHT məlumat yayıb. Məlumatda deyilir ki, hüquq müdafiəçisi bir qrup QHT-yə açılan cinayət işi ilə bağlı yenidən dindirilib və rəhbərlik etdiyi təşkilatın, həmçinin həyata keçirilən layihələrlə bağlı sənədləri istintaqa təqdim edib. Bundan əlavə, QHT rəhbərindən NED, German Marşal Fondu, ABŞ səfirliyi, Soros fondu və digər beynəlxalq təşkilatlardan alınan qrantlar barədə də soruşulub. Həmçinin bildirilir ki, Elçin Məmməd iltizam alındığı üçün aparılan istintaq barədə detallı məlumat verə bilməyəcək. O da qeyd edilir ki, Elçin Məmməd aparılan istintaqla əlaqədar yenidən prokurorluğa çağırılacaq və onun həbs olunmaq ehtimalı var. Elçin Məmmədin rəhbəri olduğu qurumun digər üzvləri Elçin Həsənov və Seymur Şirinov da istintaqa çağırılacaq.
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi hesab edir ki, Azərbaycanda QHT sektoru çətin günlərini yaşayır və siyasi hakimiyyət vətəndaş cəmiyyəti institutlarını çökdürməyə çalışır. QHT rəhbərinin bu istintaqa çağırılması təsadüfi deyil və müstəqil QHT-lərə qarşı aparılan kampaniyanın tərkib hissəsidir.