AMEA Fizika Institutunun əməkdaşı Elman Şahverdiyev ölkə başçısına məktublarını davam etdirir
Alim budəfəki məktubunun surətini PA rəhbəri Ramiz Mehdiyevə ünvanlayıb
Cənab Prezident! Bildiyiniz kimi, 30 iyunda AMEA-ya Nizamnaməyə və ölkə Konstitusiyasına zidd olaqar Sizin Administrasiyadan gələn siyahı əsasında təyinatlar olub. Təyin edilmişlər arasında elmlə məşğul olmayanlar, seçkidə iştirak etməyənlər, ikili vətəndaşlığı olanlar və s. var. Təyin edilmişlərin böyük əksəriyyəti pensiya yaşını çoxdan keçmişlərdir və onların arasında hətta yaşı səksəni ötənlər də var. Administrasiyadan təyin edilmələrinə baxmayaraq, “seçilmişlərin” səsi saxtakarlıq nəticəsində lazımi baryeri aşmaq üçün dəfələrlə şişirdilib. Bu səbəblərdən son aylar Sizə mütəmadi müraciətlər edirəm ki, bu saxta seçkiləri tanımayasınız, saxta nəticələri ləğv edəsiniz və yeni seçkilərin keçirilməsinə tövsiyələrinizi verəsiniz.
Əlbəttə, bu ölkənin bir elmlə məşğul olan vətəndaşı kimi düşünürəm ki, Sizin iradənizdən kənar belə şeylər baş verə bilməz. Bəs onda sual olunur ki, mən niyə bunları bilə-bilə Sizə aramsız müraciətlər edirəm. Açığı, düşünmüşəm ki, məmurlarınız Sizi namizədlər barəsində bilərəkdən yalnış məlumatlandırıblar. Ona görə də Sizə indiki müraciətimə elmi bioqrafiyamı da əlavə etmişəm. Həm də yaxşı xatırlayıram ki, Siz dəfələrlə ölkə əhalisinə müraciətlər etmisiniz ki, ədalətsizliklər barədə Sizləri məlumatlandırsınlar. Mən də Sizin sözlərin səmimiliyinə inanaraq müraciətlərimi davam etdirirəm. Inanıram ki, lap tezliklə siz ədələtin bərpası istiqamətində qəti addımlar atacaqsınız, seçki saxtakarlarını sərt cəzalandıracaqsınız və AMEA-ya yeni seçkilərin elan edilməsinə nail olacaqsınız. Indiki halda Sizin məmurlar antielm məqsədli saxta seçkilər keçirir, Sizi fakt qarşısında qoyur, düşünürlər ki, bir ay-iki ay keçər, hər şey sakitləşər və onlar və onların mükafatlandırdıqları yenə də bildikləri kimi, heç nə olmamış kimi dövranlarını sürərlər! Faktiki olaraq seçki saxtakarlıqlarını həyata keçirənlər Sizə öz qərarlarını diktə edirlər, Sizi məcbur edirlər ki, bu qərarları Siz də qəbul edəsiniz, çünki qəti əmindirlər ki, Siz saxta seçkilərin ləğvinə getməzsiniz; sizin məmurlar sizi inandırır ki, belə radikal addım hər şeyi silkələyər. Amma mən hələ də ümid edirəm ki, Siz ədalətsizliyə, seçki saxtakarlığına gərəkən reaksiyanı verərək, sizin nüfuzunuza xələl gətirən seçki saxtakarlarını cəzalandıra biləcəksiniz!
Bu “seçkilərdə” presedentsiz, analoqsuz bir sıra hadisələr baş vermişdir. Fizika üzrə müxbir üzvlüyə namizəd idim deyə, bu təyinolmalar barəsində danışacağam.
Təyin edilmişlər arasında 28 il məqalələr dərc etdirməyən bir nəfər var; bu şəxs faktiki ABŞ-da yaşayır, elmlə məşğul olmur, amma AMEA Fizika Institutunda illərdir laboratoriya rəhbəridir; buna baxmayaraq ildə bir dəfə olan laboratoriya hesabatını onun əvəzinə başqaları təqdim edir. Amma hesabat təqdim etməyə vaxt tapmayan adam humanitar yığıncaqda iştirak etmək üşün ABŞ-dan gələ bilir. Yaşı 75 olan bu adam bütün ömrü boyu Azərbaycan elmınə 15-20 sitat gətirib. Onun ABŞ-da yaşadığını qeyd etdim. O, bu hüquqa hər hansı elmi nailiyyətlərinə, xidmətlərinə görə layiq görülməyib. Sadəcə, belə deyək, tarixən və tarixi səbəblərdən ABŞ-a girişinə heç bir məhdudiyyət qoyulmayan (ailə üzvləri ilə birlikdə) dəstənin nümayəndələrindən biridir. Cənab Prezident, mən Sizin diqqətini Azərbaycanın elm mərkəzində baş verən bu selektivliyə, ikililiyə reaksiya verməyə çağırıram!!! Faktiki olaraq “ölü canın” akademiyaya müxbir üzv təyin olunmasından söhbət gedir. Elmi ictimaiyyətə qarşı nə qədər kin-küdurət sahibi, nə qədər sayğısız, aşağılayıcı hərəkət sahibi olasan ki, belə bir təyinata qol qoyasan! Bu şəxsi Sizin yaxın bir rektor qohumunuz təyin etdirib!!!
Bu “seçkilərdəki” ikinci bir analoqsuz hadisə isə bir nəfərin faktiki seçkidə iştirak etməyə-etməyə təyin edilməsi olub. Onu və digər dörd nəfəri Sizin Administrasiyanın Humanitar siyasət şöbəsinin rəhbəri müxbir üzv təyin edib. Administrasiyanın Humanitar Siyasət şöbəsi rəhbərliyinin bir təyinatını də analoqsuz hesab etmək olar. Illərdir Azərbaycana ayaq basmayan, ikili vətəndaşlığı olan bu şəxs yalnız il yarım qabaq doktorluq dissertasiyasını müdafiə etmişdir; ilkin müdafiəni isə Skype vasitəsi ilə Almaniyadan etmişdir. 17 ildir ki, Almaniyada yaşamağına baxmayaraq, elmə yalnız 50 sitat gətirə bilmişdir. Müqayisə üçün mənim sitatlarımın sayı 11 dəfə çoxdur. Digər bir analoqsuz təyinat qısamüddətli Institut rəhbərliyindən müxbir üzv təyin edilmiş Fizika Institutunun direktorudur. Onun məqalələrinə sitatların sayı mənim sitatlarımın sayından dəfələrlə azdır. Yeri gəlmişkən, qoy müvafiq qurumlar Sizə arayış təqdim etsinlər ki, hansı nailiyyətlərinə görə Elm Fondları bu direktora aramsız olaraq ildən-ilə milyonlarla qrant ayırır. Axı direktorluq kimi enerji tələb edən bir işdə necə vaxt tapmaq olar ki, eyni zamanda bir neçə mövzu üzrə elmi işlə məşğul olasan. Bu paradoksun izahı çox sadədir. Sanki sövdələşmə gedir: “Mən sizə qrant, siz mənə məqalə”; düzdür, belə yanaşma özünü yalnız kəmiyyət baxımından “doğruldur”. Son illər direktorun həmmüəllifi olduğu işlərin sayı kəskin artmaqdadır; əksəriyyəti konfrans materialları kimi çap olunsa belə. Sitatlara gəlincə, Türkiyədə yaşayan bir azərbaycanlı alimin direktorun işlərinə olan sitatlarını çıxsaq, onun sitatları SCOPUS-da 100 ətrafında olar. Yəni Nobel mükafatlarından on dəfələrlə artıq qrantlar alınmasına baxmayaraq görülən işlərin səviyyəsi çox aşağıdır, elmə adekvat sitatlar gətirə bilmir. PA-nın Humanitar siyasət şöbəsinin sevimlisinə çevrilmış direktor Institutda bütün 4 müdafiə şurasının sədridir. Bu konteksdə digər bir maraqlı məlumat ondan ibarətdir ki, son iki ildə Science Citation Index (Thomson Reuters) jurnallarında Fizika Institutunun dərc etdiyi məqalələrin sayı azalmışdır. Başqa bir nüans isə dərc olunmuş məqalələrin sayının onilliklərdir ayağı Azərbaycana dəyməyən, ikili vətəndaşlığı olan adamların hesabına şişirdilməsidir! Əslinə qalsa, bu şəxslər Azərbaycan vətəndaşı sayılmırlar, çünki ölkə Konstitusiyası ikili vətəndaşlığa icazə vermir! Bu bir növ “pripiska” əməliyyatıdır! Mənim bu faktlarla bağlı narahatçılığım sosial ədalət naminədir; çünki elmi işlərin keyfiyyətinə, məqalələrə sitatların sayına görə göstəricilərim, təvözakarlıqdan uzaq olsa da deməliyəm ki, xaricdə işləyənlərin də böyük əksəriyyətindən (bütün elm sahələri üzrə cəmi bir-iki istisna olmaqla) daha yaxşıdır.
Qeyd etmək istəyirəm ki, Fizika Institutunun faktiki rəhbəri Sizin administrasiyada 20 ildən artıqdır ki, elmə kuratorluq edən yüksək çinli bir məmurun həyat yoldaşıdır. Özü elmlər namizədi olan bu şəxs bu statusuna görə Institutun bütün işlərinə qarışır, kimin akademiyaya təyin olunması, kimə qrant verilməsi, kimin direktor olması, kimin elmi şuraya, dissertasiya şuralarına üzv olması, lazım gələndə aspirantların elmi rəhbərlərinin münasib adamla əvəzlənməsi, kimin dissertasiyasının nə vaxt təsdiq olunması və ya olunmaması, bölmə və AMEA Rəyasət heyətinin iclaslarının gündəliyinin formalaşması və s. məsələləri həll edir. Həyatın ironiyasına bax, tələbə ikən kəsirə görə kursda qalan indi Azərbaycan elminin prioritet istiqamətlərini müəyyən edir. Daha doğrusu öz yazarlarının məşğul olduğu sahələri “prioritet” istiqamət qəbul etdirib ki, sabah istəmədikləri adamların qrant almağına, akademiyaya üzvlüyünə və s. “qanunu əsaslarla” mane olsunlar. Görəsən ona bu səlahiyyətləri kim vermişdir?! Belə çıxır ki, kimlərsə artıq 20 ildən yuxarı mühüm vəzifədə işləməkdən yorulub, ona görə də öz səlahiyyətlərini yaxın adamına transfer edib. Bunu başqa nə cür dəyərləndirmək olar?!
Yuxarıda qeyd olunan Almaniyada işləyəni məhz bu adam ona indiyə qədər yazdığı məqalələrə və gələcəkdə yazacağı məqalələrə görə təyin etdirib. Qeyd edim ki, o da humanitar yığıncaqların daimi iştirakçısıdır.
Fizika üzrə qalan bir həqiqi və bir müxbir üzvü isə Sizin Administrasiyanın rəhbərliyi təyin edib.
Ümumilikdə fizika üzrə 7 müxbir və 3 həqiqi üzv təyin edilib. Baxmayaraq ki, ən konservativ data bazasında – SCOPUS-da elmi işlərimə sitatların sayı və Hirş indeksim AMEA-nın bütün həqiqi və müxbir üzvləri arasında ən yüksəkdir, mən AMEA-dan kənarda saxlanıldım. Müxbir üzv təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır. Həqiqi üzv təyin edilmiş 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından az qala iki dəfə azdır.
Təyin edilmişlərin böyük əksəriyyəti Azərbaycan elminə cüzi sitat gətirənlərdir. Illərdir həyata keçirilmiş bu cür təyinatların nəticəsidir ki, Azərbaycan elmi işlərə olan sitatların sayına, Hirş indeksinə, bir məqaləyə sitatların sayına görə hər iki Cənubi Qafqaz ökləsindən dəfələrlə geridə qalır. Bir məqaləyə sitatların sayına görə isə Azərbaycan dünyada 238 ölkə və ərazi qurumları arasında 230-cu yeri tutur.
Cənab Prezident!
Mən Sizə müraciətlərimdə hər dəfə elmi işlərə sitat məsələsini qabardıram, çünki müasir dünyada elmi işlərin keyfiyyəti məqalələrə olan sitatların sayı, bir məqaləyə olan orta sitat, Hirş indeksi ilə ölçülür. Bundan əlavə, hazırda dünyada akademiyalara seçkilər, qrantların verilməsi, Nobel mükafatları da, elmi vəzifələrə seçkilər də bu meyarlara əsaslanlanır. Çox təəssüf ki, AMEA prezidenti öz leksikonuna “sitatların sayı” birləşməsini daxil etməkdə böyük çətinlik çəkir. Əlbəttə, bunun səbəbi hamıya bəllidir: 50-60 il elmdə olasan, nüfuzlu data bazalarında elmə heç bir o qədər sitat gətirməyəsən! Bu sayda sitatı elm ölkələrində bir fəlsəfə doktorluğunu bitirməkdə olan araşdırmaçılar qazana bilir!!!
20 ildən artıq fəaliyyəti ilə Azərbaycan elmini bu kökə salmış humanitar siyasət şöbəsinin müdiri elmin müasir cağırışlarını qəbul etməkdə aşılası mümkün olmayan çətinliklər çəkir, amma istədiyi adamı dövlət büdcəsi hesabına maliyyə yağışına qərq edir! Məsələn, yenə təkrar edirəm ki, hansı nailiyyətlərinə görə Fizika Institutuna dirertor təyin olunmuş adam cəmi bir neçə ay sonra müxbir üzv maaşı ilə mükafatlandırılır, Elmin Inkişaf Fondunun (EIF) vəsaitinin üçdə birindən çoxu onun adının keçdiyi layihələrə ayrılır. Mən hələ Dövlət Neft Şirkərinin Elm Fondunun qrantlarını demirəm, AMEA Rəyasət Heyətinin qrantlarını demirəm! Məgər EIF bir nəfər üçün yaradılıb! Bu qədər qrantların müqabilində alınan yaxşı nəticələr (əgər varsa) haradadır?! Ölkə elminə gətirilən sitatlar hardadır?! Yeri gəlmişkən, mətbuatda 2011-ci ildə EIF-in ayırdığı 3 milyon yarım qrantla bağlı hətta plagiat iddiaları da geniş yayılmışdı. Bax belə, plagiatlıqla elmə sitat gətirmək olarmı?!
Ona görə də Azərbaycan elminin geriləməsinin qarşısını almaq üçün Akademiya rəhbərliyi, PA-dakı elmə kuratorluq edən şöbə rəhbəri istefaya getməlidir! Yoxsa elmə ayrılan cüzi vəsaitlər də ustalıqla mənimsəniləcək, amma elm də öz növbəsində geriləməkdə davam edəcək. Mən Sizi bir daha nə qədər gec deyil müvafiq addımlar atmağa çağırıram!
Cənab Prezident!
Bir daha Sizə müraciət edirəm ki, axı necə ola bilər ki, Azərbaycan elminə cüzi sitat gətirənlər akademiyaya üzv təyin edilirlər, mükafatlandırılırlar, ən çox sitat gətirən isə Akademiyadan kənarda saxlanılır, faktiki olaraq maliyyə sanksiyalarına məruz qalaraq cəzalandırılır!!! Sizin bu cür ədalətsizliyə mövqe bildirməməyiniz layiqsiz təyinatları həyata keçirənləri yeni ədalətsizliklərə ruhlandırır və ruhlandıracaq.
Cənab Prezident!
Sizə bir daha müraciət edirəm ki, yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə və ölkə Konstitusiyasına uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara tövsiyələrinizi verəsiniz.
Hörmətlə, Elman Şahverdiyev