Ölkə mətbuatı Qərbin Azərbaycanda inqilab törədəcəyini tirajlayır
Avtoritar hakimiyyətlərin ən böyük faciəsi odur ki, bütün dünya onların “zəif” yerini dəqiq bilir. Belə ki, avtoritar rejimlər üçün demokratiya, söz azadlığı, qanunun aliliyi təhükəli reallıqdır və hər vəchlə bu “qorxu”dan uzaqlaşmağa çalışırlar. Bu mənada Azərbaycan hakimiyyətinin də “zəif” yeri məlumdur.
Indi hakimiyyətin bu zəif yerindən daha çox Rusiya istifadə edir. Çünki, Azərbaycanın demokratikləşməsi, Qərbə inteqrasiyası Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də imkan düşdükcə Azərbaycan hökumətinə “göz dağı” verilir.
Xatırlayırsınızsa, bir müddət əvvəl “Nezavisimaya qazeta” NATO-nun və ABŞ-ın Xəzər sammiti ərəfəsində Azərbaycanda “rəngli inqilab”lar törədəcəyindən yazmışdı. Guya, belə məqalələrlə Azərbaycanı ayıq olmağa səsləyirdilər və Qərb təhlükəsindən yayınmağın yollarını göstərirdilər. Çıxış yolu kimi isə, Rusiyanın çətiri altına girmək tələb olunurdu. Belə məqalələr təbii ki, səksəkəli hökuməti daha da təlaşlandırır və antiQərb kampaniyasına start verilir.
Ötən günlərdə “Nezavisimaya qazeta” yenidən məqalə yazıb və əvvəlki “təəssübkeş”liyi davam etdirməyə çalışıb. Yazıda ABŞ Dövlət Departamentinin gənclər məsələləri üzrə xüsusi katibi Endryu Reybensin Bakı səfərinə “işıq” salınıb və bu səfərdə niyyətin təmiz olmadığı ehtimal edilib. Guya, ABŞ Dövlət Departamenti ölkə gəncliyinə yatırım etmək niyyətindədir və bununla da inqilablara zəmin hazırlayırlar.
Həmişəki kimi hökumətin “göz-bəbəyi” olan qəzetlər də bu xəbəri genişləndirib və gözlənilən “təhlükə”ni analiz etməyə başlayıblar.
Göründüyü kimi, Rusiya da başa düşür ki, Azərbaycan hakimiyyətini tələyə salmağın ən asan yolu, Qərbin “inqilab aşiqi” olduğunu əsaslandırmaqdan keçir.
Təcrübə də göstərir ki, bu ssenari” məqsədinə çata bilir və dərhal hökumət Qərbə savaş açmağa başlayır.
Bir sözlə, hakimiyyətin qorxusundan yapışıb istədikləri istiqamətə döndərirlər.
Onsuz da Qərbin demokratiya tələblərindən təşvişə düşən hökumətimiz üçün bu “fürsət” göydəndüşmə kimi qiymətləndirilir.
Akif