Noyabrın 11-də Ali Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verilən şikayətə baxılacaq. Məlumatı “Media forum” saytına vəkil Elçin Sadıqov verib.
Vəkil qeyd edib ki, prosesə hakim Gülzar Rzayeva sədrlik edəcək: “Bakı Apellyasiya Məhkəməsi apellyasiya baxışını qismən məhkəmə istintaqı ilə aparmaqdan imtina etdiyi üçün ilkin qərardan kassasiya şikayəti vermişik. Ümid edirəm ki, Ali Məhkəmə bizim kassasiya şikayətimizi təmin edib apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara alacaq”.
Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.
İş külli miqdarda mənimsəmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə aparılıb.