«Baş verənlərin hamısına görə cavab verəcəklər, zülm mütləq bir yerdə qırılacaq»
Kamil Vəli Nərimanoğlu: «Siyasi basqılara son vermək üçün xalq səsini qaldırmalı və baş verənlərə «yox» deməlidir»
Bir müddət əvvəl “Əl müxalifəti” yazısı ciddi müzakirələrə yol açan tanınmış ziyalı, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu məqaləsində ad çəkməsə də ciddi arqumentlərlə fəaliyyəti ilə hakimiyyətə xidmət edən təşkilatları ifşa etdi. Müsahibimiz Kamil müəllimlə söhbətimizə elə bu yazının doğurduğu nəticələrdən başlamaq qərarına gəldik:
“Yel qayadan bir şey aparmaz”
– Təxminən bir ay öncə yazdığım və yayınlanmış “Əl müxalifəti” yazısı Azərbaycanda güclü məlum əks reaksiyaya səbəb oldu. Təbiidir, belə da olmalıdır. Bildiyiniz kimi mən Türkiyədə siyasətlə məşğul deyiləm. Iyirmi beş ilə yaxındır ki, Azərbaycan siyasətinin içindəyəm və ölənə qədər də orda olacağam. Aktiv siyasətçi olmasam da gördüklərimi, bildiklərimi, anladıqlarımı yazmağa borcluyam. Türkiyədə başqanlıq etdiyim Orta Doğu və Qafqaz Araşdırma və Uyğulama Mərkəzi ciddi şəkildə uydurma erməni soyqırımının ermənilər tərəfindən irəli sürülən yüz illiyinə cavab olaraq seriya-proqram hazırlığı içindədir. Bu ağır mücadilədə Türkiyə ilə Azərbaycan vahid siyasi-elmi konsepsiya ilə çıxış etməlidir. Əks təqdirdə ermənilər mənfur istəklərinə nail ola bilərlər. Xüsusilə xaricdə erməni diasporası fəallıq göstərir. Azərbaycanın elm və fikir adamlarının iştirak edəcəyi bu tədbirdə biz öz sözümüzü deməliyik. Moskvadan, Bakıdan, Tiflisdən, Istanbul və Ankaradan toplanmış arxiv materialları, görüntü və sənədlər konfrans və diskusiyalarda səsləndiriləcək, görüntü materialları göstəriləcəkdir.
Taleyim elə gətirib ki, mən bir neçə cəbhədə mücadilə etmək məcburiyyətindəyəm. Siyasət, ədəbiyyat, təhsil və Türkiyədə siyasi, iqtisadi, ictimai durum məsələləri də bu diskusiyaların, araşdırmaların predmetidir. Əqli-səlim olan hər yerdə nə qədər ki, canım sağdır öz mövqe ve əqidəmdə olmaqda qərarlıyam. Təhqir, böhtan, şantaj olan yerlərdə məni görməyəcəksiniz. Azərbaycanda bu qara piar şəbəkəsinin kimlər tərəfindən idarə olunduğunun, kimlərin vasitəsi ilə gerçəkləşdiyini çox gözəl bildiyim üçün mənim hədəfim bu meydandakı tətikçilər, söyüşçülər, folkloru məşğul olanlar, qarayaxanlar deyil, onların sahibləridir. Ona görə də kim nə istəyirsə buyursun yazsın. Yel qayadan bir şey aparmaz. Rəsul Rza demişkən kağızın bol, qələmin ucuz olduğu məmləkətdə tərbiyə, ehtiram, sayğı, mədəniyyət ölçüsü pozulursa və bu hərc-mərcliyin aparıcı adamları öndədirsə, toxunulmazdırsa vay bu yazıq məmləkətin halına.
Azərbaycan cəmiyyəti çox problemli bir cəmiyyətdir. Bu cəmiyyətin elə problemləri var ki, onlar açıq müzakirə olunmalıdır. Fərqli fikirlər ola bilər. Kimin haqlı olduğunu ictimaiyyət müəyyənləşdirməlidir. Amma nədənsə Azərbaycan cəmiyyətindəki gərginlik qarşılıqlı təhqirə, şəxsiyyətə toxunmağa gətirib çıxarır. Bu isə normal hal deyil. Amma Azərbaycan həqiqəti budur. Mənim yazım bir replika idi. Bu replikada mən geçək müxalifətlə, yalançı müxalifət mövzusuna toxunmuşdum. Bu isə kiçik mövzu deyil. Mən yazımda bir ad çəkməmişdim. Amma yazıma reaksiyalar oldu və mən də bu reaksiyalara “soğan yeməmisən için niyə göynəyir” cavabını verdim.
– Ümumiyyətlə hazırkı dönəmdə sosial şəbəkələrin, elektron KIV-lərin sayının artdığı bir məqamda hakimiyyətin nəzarətində olan qüvvələrin gerçəkləri fərqli formada təqdim etməyə çalışması uğurla nəticələnə bilərmi?
– Mənə elə gəlir ki, millət, ictimaiyyət həqiqəti çox gözəl bilir. Mənə çoxlu zənglər oldu, bu mövzu ilə bağlı yazılar yazıldı. Mən bu məsələdə dəstək olanları minətdarlığımı bildirirəm. Bu tendensiya məni məmnun etdi. Mənim yazım olmasaydı belə xalq həqiqəti bilirdi.
“Ölkə həqiqəti siyasi məhbusun övladının gözlərindədir”
– Kamil müəllim, müsahibəmiz Milli Şuranın “siyasi məhbuslara azadlıq” şüarı altında keçiriləcək mitinqə təsadüf edir. Bu aksiya ilə bağlı fikirləriniz nədən ibarətdir və bir ziyalı olaraq cəmiyyətə müraciətiniz necədir?
– Mənim Azərbaycan xalqına çağrış etmək haqqım var. Buna mənim istər siyasi fəaliyyətim, istərsə də minlərlə tələbəmin olması imkan verir. Bu mitinq Azərbaycanın vicdan səsidir. Azərbaycanın həqiqəti yalnız süni yollarla parıldayan, qabardılan ölkədə deyil. Azərbaycanın həqiqəti 200 manat maaş alıb övladını, dərmanını, min bir ehtiyacını qarşılayan həkimin, müəllimin, təqaüdçünün evindədir. Azərbaycanın həqiqəti vilalarda, dəbdəbəli yerlərdə deyil. Ölkə həqiqəti siyasi məhbusun övladının, yaxınlarının gözlərindədir. Bu gün həbsdə yatan siyasi məhbuslar Azərbaycanın layiqli övladlarıdır. Leyla Yunus, Intiqam Əliyev, bahalı maşınlarda gəzən gənclərdən fərqli olaraq öz mahiyyətləri ilə Azərbaycanı təmsil edən yaradıcı gənclərin haqqını unutmamalıyıq. Siyasi məhbusların haqqı hər birimizin boynundadır, biz siyasi məhbusların azadlığını yaşayırıq. Inanıram ki, istər demokratik dünya, istərsə də Azərbaycanın layiqli insanları bu haqqı müdafiə edəcək. Azərbaycanda vicdanı, Allahı olan hər kəs siyasi məhbusları xatırlayır. Bu mitinqə qatılacaq insanlar haqlı tələblərlə çıxış edəcəklər. Hazırda həbsdə olan insanlar cəmiyyətə, təhsilə, fəaliyyətə geri dönməli, mübarizələrini davam etdirməlidirlər. Insanı həbsə salmaq, haqqını əlindən almaq, təqib etmək insanlığa yaraşan bir şeydir.
“Azərbaycan qadınına qarşı həbsə, repressiyaya yox deyilməlidir”
– Azərbaycanda siyasi məhbus problemi indiyə qədər belə qabarıq olmayıb. Baş verənləri necə dəyərləndirmək olar?
– Azərbaycanın tarixində bu qədər siyasi məhbus heç zaman olmamışdı. Azərbaycanın tarixinin ağır dövrləri var. Bu dönəmlər 37-ci illlər, Ikinci Dünya Müharibəsindən sonrakı zamanları əhatə edir. Amma həmin dövrlərdə bu qədər təzyiq olmayıb. Hazırda baş verənlərin yeganə fərqi odur ki, güllələnmə yoxdur. Qalan bütün şərtlər işgəncələr, zülmlər, həbsə salma metodları təkrarlanır. Hətta Azərbaycanda baş verən repressiyalar Türkmənistanda, Özbəkistanda belə təkrarlanmır.
– Hazırda yaşanan repressiyalar xüsusilə qadınlara qarşı amansızdır. Leyla Yunusun həbsi və ona qarşı atılan addımları, Xədicə Ismayılın təqib olunmasını necə dəyərləndirirsiniz?
– Leyla Yunusa qarşı törədilənlər, Xədicə Ismayıla qarşı kampaniyalar məni ürəkdən ağrıtdı. Onlar bizim anamız, bacımızdır. Qadınlara qarşı zülm ənənəsi Azərbaycanın gələcəyi üçün çox təhlükəlidir. Siyasi iqtidarlar, qüvvələr nisbəti dəyişə bilər. Amma bütün rejimlər, bütün mücadilələr üçün qadının həbsi yolverilməzdir. Bu bizim nə mentalitetə, nə tariximizə yaraşmayan bir məqamdır. Doğrudur, SSRI tariximizdə həbs olunmuş, Sibirə göndərilmiş qadınlarımız olub. Amma Allahın yaratdığı zərif varlığa qarşı belə bir zülmün tətbiqi yolverilməzdir. Əminəm ki, mitinqdə də vətəndaşlarımız bu həyəcan səslərini qaldıracaqlar, zülmə işgəncəyə, həbsə yox deyəcəklər.
“Iqtidarın xətrinə dəyməyin, yoxsa zülmü artırar” prinsipi yanlışdır”
– Mitinq ərəfəsində bəzi hüquq müdafiəçiləri tərəfindən belə fikir səslənir ki, əslində Milli Şuranın belə bir aksiya keçirməsinə ehtiyac yox idi. Əksinə demokratik qüvvələr bu aksiya ilə hakimiyyəti daha da qıcıqlandırır və bununla da siyasi məhbus probleminin həllini bir qədər də uzadır. Bu nə dərəcədə düzgün yanaşmadır?
– Bu yanlış bir düşüncə tərzidir. Biz haqqımızı müdafiə etməsək, siyasi məhbusumuzu qorumasaq bu ictimaiyyətin etirazını bildirməməsi demək olar. “Iqtidarın xətrinə dəyməyin, yoxsa zülmü artırar” prinsipi yanlışdır. Ona görə də biz öz etiraz səsimizi beynəlxalq etirazlara qoşmalı, haqqımızı tələb etməliyik. “Onlar bildiklərini edəcəklər” məntiqi yanlışdır. Tarix bunu sübut edib. Onların etdiklərinin də bəraəti yoxdur. Baş verənlərin hamısına görə cavab verəcəklər, zülm mütləq bir yerdə qırılacaq. Siyasi basqılara, təzyiqlərə son vermək üçün xalq səsini qaldırmalı və baş verənlərə “yox” deməlidir. Biz bu haqqı müdafiə etməliyik. Bunun bir forması da mitinqlərin reallaşdırılmasından və bu yol ilə etiraz səsinin ucaldılmasından keçir.
– Milli Şura aksiyanın bir siyasi tədbir olmadığını bəyan edib və “siyasi məhbuslara azadlıq” şüarını bölüşən bütün siyasi qüvvələri aksiyaya dəstək verməyə çağırıb. Amma bəzi siyasi qüvvələr Milli Şuranın dəvətini almadıqları üçün aksiyaya qatılmayacaqlarını bəyan ediblər…
– Təbii fəlakət olanda ora yardım etmək üçün dəvətnamə göndərmirlər. Toya dəvətnamə göndərsələr də, yasa, fəlakətə kömək üçün dəvətnamə göndərilmir. Cəmiyyət bir yanğın yaşayır, bura dəvət göndərilmir. Aksiya cəmiyyətin yaşadığı problemi həll etmək üçün atılan bir addımdır. Siyasi mənsubiyyətindən asılı olmayaraq insanların aksiyada olmasına ehtiyac var.
“Ölkənin demokratikləşməsi problemlərin həlli yoludur”
– Ilham Əliyev hakimiyyətinin 3-cü dönəminin birinci ili arxada qaldı. Bu il siyasi məhbus probleminin daha da qabardılması, rəhbərliyində təmsil olunduğunuz partiyanın qərargahının partladılması ilə yadda qaldı…
– Birinci il çox ağır keçdi. Ilham Əliyevin hakimiyyətə təyin olunmağının növbəti dövrü kifayət qədər təlatümlərlə doludur. Bu özünü yalnız siyasi təzyiqdə göstərmir. Bu fəsadlar özünü iqtisadi vəziyyətdə də göstərir. Ölkənin insanları ağır yaşayır. Azərbaycan ziyalısının aldığı əmək haqqı onun ehtiyaclarını ödəmir. Təhsildə dəyişikliklər kosmetik xarakter daşıyır və onun fundamental problemləri həll olunmur. Azərbaycanın bacarıqlı kadrları var. Sadəcə olaraq müəllimlərin güzəranı yaxşılaşdırılmalı, əmək haqları artırılmalıdır. Eyni problem səhiyyə ilə bağlı da yaşanır. Azərbaycandan xaricə səfər edənlərin yarısından çoxu xəstələrdir. Onlar şəfa tapmaq üçün Türkiyəyə, Irana səfərlər edirlər. Azərbaycanın təcrübəli həkimləri var. Amma onların müasir avadanlıqları, şəraiti yoxdur. Bütün bu mənfliklərdən azad olmaq üçün cəmiyyət, idarəçilik sağlam olmalıdır. Korrupsiya olan ölkədə isə bu problemlərə çarə tapmaq çox çətindir.
Məsələn, dünya bazarında neftin qiymətinin düşməsi, əslində Rusiyaya qarşı gerçəkləşdirilən ciddi bir tədbirdir. Amma onun bəlasını Azərbaycan da yaşayacaq. Baş verənlərin nəticəsində vətəndaşın rifahı kəskin pisləşə bilər. Bu zaman cərəyan edən proseslərin qarşısını almaq üçün görüləcək tədbirlər yetərli olmaya bilər. Çünki ölkədə korrupsiya geniş yayılıb. Bu isə vətəndaşın rifahının yüksəlməsi üçün atıla biləcək addımların effektivliyini aşağı salır. Bütün neqativlərdən qurtulmaq üçün Azərbaycanda sürətlə islahatlara başlanılmalıdır. Islahatlar hər sahədə olmalıdır. Təhsil, mədəniyyət, səhiyyə diqqətdən kənarda qalmamalıdır. Ictimai qınaq yaaradılmalıdır. Bir sözlə ölkədə demokratik ab-hava yaranmasa Azərbaycanın nə sosial problemi həll olunacaq, nə də ağır dərdimiz Qarabağ çözüləcək.
“Türk millətinin gücü üzləşdiyi problemləri həll etmək potensialındadır”
– Kamil müəllim, hazırda Türkiyədə baş verənləri necə dəyərləndirirsiniz. Ölkənin IŞID-lə bağlı tutduğu mövqe ciddi çaxnaşmaya səbəb olub. Baş verənlərin sonunu necə görürsünüz?
– Türkiyə seçkilərdən sonra yeni bir yola qədəm qoyub. Bu həm islahat, həm də inqilab yoludur. Elə məsələlər var ki, islahatlarla həll edilməlidir. Amma elə məsələlər də var ki, orada mütləq inqilab lazımdır. Məsələn, xarici siyasətdə Türkiyə bir dövlət olaraq mənliyini bir daha təsdiq etdi. ABŞ, Avropa və Rusiya, Çin strateji üçbucağında Türkiyə öz yanaşmasını ortaya qoydu. Amma bu zaman Türkiyə ölkənin 30 il müddətində qazandığı bəzi problemləri yenidən gündəmə gətirmiş oldu. Türkiyə demokratiya yolunda olan bir ölkədir. Türkiyənin yürütdüyü müstəqil və daxili siyasət böyük güclərin heç də xoşuna getmir. Ona görə də Türkiyədə baş verənlərin arxasında daxili qüvvələrdən çox, xarici qüvvələr dayanır. Türkiyə uzun illərdən sonra öz maraqlarına uyğun bir siyasət gerçəkləşdirir. Nə IŞID oyunu, nə Fətullahçıların addımları, nə PKK Türkiyəni öz yolundan çıxara bilməz. Çünki Türkiyədə hakimiyyətlə yanaşı, millətin bir reaksiyası var. Idarəçilikdə millətin yanaşmasını vacib edən də demokratiyadır. Türkiyə idarəçilikdə hər cür qaraguruhdan uzaq dünya dəyərlərinə söykənir. Türkiyə hazırda üzləşdikləri çətinlikləri dəf edəcəkdir. Baş verən hadisələr bir-biri ilə əlaqəlidir. Türk millətinin gücü onları həll etmək üçün yetərlidir. Bəzən mediada Türkiyədə baş verənlərlə bağlı mənfi məqamlar qabardılır. Amma mən Türkiyədə yaşayan bir şəxs kimi deyə bilərəm ki, bu ölkədə inkişafa yönələn addımlar atılır. Bu təşəbbüslər ölkəni iqtisadi inkişafa, təhsil və mədəniyyət sahəsində yeni müstəviyə çıxmağa aparır.
Xəyal Şahinoğlu