Ənənəvi «arqument»lər qüvvəsini itirib
Bütün dünya Azərbaycanda insan haqlarının pozulmasından, siyasi repressiyaların artmasından, korrupsiyanın dövlət siyasətinə çevrilməsindən danışır. Azərbaycan hakimiyyəti isə, bütün tənqidlərə ənənəvi arqumentlərlə cavab verməyi qarşısına məqsəd qoyub.
Belə ki, həm daxildəki tənqidçiləri, həm də xaricdən gələn demokratiya tələblərini neytrallaşdırmaq üçün “erməni lobbisi” və “Qarabağ məsələsi” ifadələri sipərə çevrilir. Vəziyyət o həddə çatdı ki, YAP funksionerləri Avropa Parlamentini, beynəlxalq təşkilatları, hətta ABŞ prezidenti Barak Obamanı ermənipərəstlikdə ittiham etdi. Daha sonra isə, beynəlxalq aləmin Qarabağ münaqişəsinə ikili standartlardan yanaşması, qərəzli mövqe nümayiş etdirməsi kimi fikirlər ortaya çıxdı.
Ancaq, vəziyyət o qədər şəffaflaşdı ki, hakimiyyətin ənənəvi arqumentləri “etibarsız sənəd” kimi qüvvəsini itirdi. Avropa Parlamenti Qarabağla bağlı 2 qətnamə qəbul etdi, AŞPA-da Qarabağ məsələsi müzakirəyə çıxarıldı və yeni məruzəçi təyin edildi. Hakimiyyət nümayəndələri də bu hadisəni Azərbaycanın növbəti uğuru, ermənilərə ağır zərbə kimi dəyərləndirdi. Yəni, etiraf etmiş oldular ki, Qarabağ məsələsində prinsipial addım atılıb və ermənilərin ziyanına qərar qəbul olunub.
Indi, bütün “arqument”ləri dəfn etmiş hökumətimiz təhqir və böhtana start verib.
YAP-çı deputat Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, dələduzlardan ibarət təşkilatlar Azərbaycana təzyiq göstərir: “Təbii ki, Azərbaycana təzyiq göstərmək niyyətləri var. Azərbaycanın artan iqtisadi inkişafı, Azərbaycanda olan ictimai-siyasi sabitlik bəzi dairələri narahat edir.
O ki qaldı Kozlariçə, bu kimdir, mənim başım çıxmır. Bu adam adi bir institut müəllimidir. O, vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəyirdi, ancaq imkan verilmədi. Istəyirdi ki, güzəştli şəkildə Azərbaycanın enerji sektorundan o da nəsə əldə eləsin. Kozlariç enerji sektorundan bəhrələnmək istəyirdi, alınmadı deyə, bu gün Azərbaycana qarşı belə mövqe tutur və ayrı-ayrı təşkilatlardan da maliyyə dəstəyi alır.ÿ
“Freedom House” təşkilatına gəlincə, onların ipi erməni lobbisinin əlindədir. Ipi dartan kimi onlar başlayırlar. 20 ildir onlar eyni şeyləri təkrar edirlər. “Freedom House”, yaxud “Human Rights Watch”, nə bilim nə…5-6 dələduz yığışıb bir təşkilat yaradıb, ölkələr haqda bəyanat verirlər. Heç kəs buna əhəmiyyət vermir. Hər birinin idarə heyətində, katibliyində 2-3 erməni çalışır” – deyə Siyavuş Novruzov bildirib”.
Hüquqşünas Siyavuş müəllim xüsusi araşdırmalar nəticəsində aşkar edib ki, bu beynəlxalq təşkilatlar dələduzluqla məşğuldu. “Freedom House”, “Human Rights Watch” təşkilatlarının hesabatları dünyada mötəbər qəbul olunur və bütün ölkələr üzrə obyektiv araşdırma həyata keçirirlər. Sadəcə olaraq Kozlariç və Devid Kramer Azərbaycan hakimiyyətini kəskin tənqid etdikləri üçün, hakimiyyətin “qara siyahı”sına düşüblər. Ölkə daxilində həqiqətləri dilə gətirənlər şərlənərək həbs olunur. Ölkə xaricində bu həqiqətləri dilə gətirənləri həbs edə bilmədikləri üçün, böhtan və təhqirdən istifadə edirlər.
Siyavuş Novruzovun hesablamalarına görə dünyada erməni lobbisinə işləməyən təşkilat yoxdur. Millət vəkilinin son “tapıntı”sı da Kozlariç və Kramer olub.
Istənilən halda proseslər hakimiyyətin süqutunun anonsunu verir. Çünki, hakimiyyət qanunsuzluqları inkar edə bilmir və bunun üçün faktlar da yoxdur. Əgər, təhqir və böhtan yeganə çıxış yolu kimi seçilibsə, deməli məğlubiyyət qaçılmazdır.
Birdə ki, “erməni” şüarı ilə qorunmağın axırı, “sanksiya” tələbi ilə qurtarmalıydı.
Akif