Neftlə zəngin ölkənin sakinləri niyə dilənçi kökündə yaşayır?
Astarada Qurban bayramını keçirə bilməyən ailələr oldu. Həmin ailələrin qurbanlıq kəsib paylaya bilməmələri bir yana, heç adi bayram süfrəsi hazırlamağa belə imkanları çatmayıb. Astara rayonunun Şahağacı kəndində yaşayan Ibrahimovlar ailəsi də belə ailələrdən biridir. Bu ailə ağır iqtisadi vəziyyətdə yaşayır. Ailənin 3 üzvü əlildir.
Ailə əlil Eldar Ibrahimovun himayəsində yaşayır. Eldar Ibrahimovun dediyinə görə, təkcə onun müalicəsi üçün ayda 500-600 manat pul tələb olunur. 1-ci qrup şəkər xəstəsi olan Eldar Ibrahimov çürümə getdiyi üçün ayağını kəsdirib. O deyir ki, əməliyyatı Iranda aparılıb:
“İranda ayağımı kəsdilər”
“Dolanmaq çətindir, 50 manatla dolanmaq olmur. Xəstə adamam, qan təzyiqim var, şəkərim var, gözüm görmür. Iranda ayağımı kəsdilər. Nə qədər pul aldılar məndən. Güc-bəla ilə özümü yaxşı eləmişdim. Iynə-dərman almaq üçün pul tapa bilmirəm”.
Eldar Ibrahimov deyir ki, həyat yoldaşı müəllimə işləsə də 70 manat pul alır. Ailəyə gələn 120 manatla, 2 uşağı daxil olmaqla 4 baş ailə dolanmaq məcburiyyətində qalıb. Üstəlik, xəstə və əlil olan bacı və qardaşları da onunla yaşayır. O deyir ki, uşaqlarını məktəbə göndərmək üçün vəsait yoxdur:
“Çatdırmaq olmur…”
“Çatdırmaq olmur. Paltardır, çantadır, hər şey bahadır. Uşaq oxumaq istəyir, almaq olmur. Bahalaşma gedir. Necə çatdırım, 50 manat pensiya verir. Kənd yeri”.
Eldarın qardaşı Anar Ibrahimov də iqtisadi vəziyyətdən şikayət edir.
Deyir ki, əlildir, 40 yaşı var, imkanı olmadığından evlənə bilmir.
“40 yaşım var, indiyə kimi evlənməmişəm”
“Mən də əliləm, vəziyyət çətindir, 40 yaşım var. Indiyə kimi evlənməmişəm. Kasıbçılıqdır. Vəziyyət çətin, iş yox. Xəstə adamıq. Bir baxan yoxdur. Hökmət baxmır. Qalmışıq avara. Kimə dərdimizi deyək? Yarım kiloqram ət verdilər. Bu gün almışam yarım kilo əti. Dedim xəstə adamam mənə də düşür də. Camaata verirsiniz, mənə də verin də, mənim kimim var ki?”.
Eldar Ibrahimov qardaşının sözlərinə əlavə kimi deyir ki, qanunla bir ailədə 2 və daha çox əlil varsa, ildə iki dəfə pul yardımı edilməlidir.
Lakin indiyə kimi bu yardımı görməyiblər: “Indiyə kimi soruşmayıblar ki, nə var, nə yox? Sizdən başqa gələn olmayıb. Deməyiblər ki, nə edirsiniz, nə eləmirsiniz. Qaz hələ yandırmırıq. Sonra borclu qalaram, gələrlər kəsərlər qazımı, qalaram qazsız”.
Eldar Ibrahimov deyir ki, maddi imkanları qışda təbii qazdan lazımı səviyyədə yararlanmağa imkan vermir. Qaz bahadır. O deyir ki, qazdan bütün ayı istifadə etsələr, sayğac 60-70 manat yazar. Buna görə də az da olsa odun tədarük ediblər.
Digər bir ailə – Ərçivan kəndində yaşayan Ağayevlər ailəsi də bayramı ürəkləri istədikləri kimi keçirə bilməyiblər. Ailənin yaxın adamı Vaqif Ağayev deyir ki, bu ailənin heç bir üzvü işləmir. Kənddə iş yoxdur.
Həyətyanı təsərrüfat da cüzi qazanc gətirir. Bu qazanc ancaq çörəyə çatır. Ailənin üzvlərindən 25 yaşlı Mail Ağayev əlildir. Aldığı 70 manat pensiya deməsinə görə, dərmanına çatmır:
“Bunlara verilən yardımlar tamamilə başqa səmtə yönəldilir”
“Heç bir yardım olunmur. Nə ataya, nə anaya yardım olunur. Qanuna görə, əgər ana birinci qrup əlilə baxırsa, 5 il əmək stajı varsa, onların təqaüdə çıxmağa ixtiyarları var. Ana bütün həyatını bu uşağa həsr edib. Indi 25 ildir ki, ana onunla məşğuldur. Aztəminatlı ailədir.
Bunlara verilən yardımlar tamamilə başqa səmtə yönəldilir”.
O deyir ki, xəstəni müalicə etmək üçün də vəsait tələb olunur:
“Heç bir bayramda yardım edilmədi”
“Azərbaycanda dərmanların sabit qiyməti yoxdur. Sabit qiymətlər olmadığı üçün bu dərmanları hər dəfə almaq omur. Bu ailənin yaxın qohumu olduğum üçün mən bunu deyirəm. Heç bir bayramda yardım edilmir. Bu ailənin köməyə ehtiyacı var”.
1550 nəfərə 2 ton 700 kiloqram qurban əti verilib
Astara rayon icra aparatının şöbə müdiri Xanverdi Şirinov deyir ki, rayonda 6300 nəfər əlil var. Yardımlar bütün kateqoriyalı əlillər üçün nəzərdə tutulmayıb. Icra başçısının sərəncamında şəhid ailələrinə, Qarabağ, Çernobıl, Əfqanıstan əlillərinə və imkansız ailələrə qurban əti verilməsi nəzərdə tutulub. Daxili imkanlar hesabına 2 kiloqram nəzərdə tutmaqla 1550 nəfərə 2 ton 700 kiloqram qurban əti verilib. Müavinin dediyinə görə, dekabr ayında bir çox əlil ailəsinə dövlətdən pul yardımı da nəzərdə tutulub.
Iqtisadçı Vidadi Mirzəyev deyir ki, əhaliyə edilən sosial güzəştlər dəryada bir damladır. Illərlə dillərinə ət dəyməyn insanlr var. Onun sözlərinə görə, birinci qrup əlilə verilən 50 manat pensiya gülüş doğurur.
Vidadi Mirzəyev deyir ki, Azərbaycan neftlə zəngin ölkədir. Onun əhalisi dilənçi kökündə yaşamamalıdır. Iqtisadçının sözlərinə görə, hələ sovet dövründə deyirdilər ki, Azərbaycanın nefti ona çatsa küçələri asfalt əvəzinə qızıldan salmaq olar. Indi isə sovet dövründən qalma asfaltlar da dağılır.
“Azadlıq” radiosu