Səxavət Əlisoy: “Mən bu barədə düşünürəm. Mənimlə yanaşı, islahatçı qrup da düşünür”
“Bir çıxışında az qala 50 dəfə “mən” deyən biri icra aparatındakı çetesinin hər türlü oyunbazlığı sayəsində sədr seçildi”
“Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu. Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə “mən” deyən, bir 50 dəfə də İsa Qəmbərə isnad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər, hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.
Bu fikirlər Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoya məxsusdur. Əlisoy bu qeydi Facebook səhifəsində paylaşıb.
O, eyni zamanda “Publika.az” saytına müsahibəsində də bir sıra ittihamlar səsləndirib.
“Partiya yeniliyə hazır deyil. Çünki Arif Hacılı 6 ildir ki, partiyada Mərkəzi İcra Aparatının rəhbəri, seçki qərargahının sədri kimi 10-15 vəzifə daşıyıb. Arif Hacılının rayon təşkilatlarında, Mərkəzi İcra Aparatında olan “çətəsi” konfransların keçirilməsini monopoliyada saxlayıblar və özlərinə lazım bildikləri adamları qurultaya seçmişdilər. İki il bundan qabaqdan qurultaya nümayəndələrin seçilməsinin məqsədi də bu idi ki, onlar Arif Hacılıya səs versinlər. Daha doğrusu, onları seçdirmişdilər.
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi də Mərkəzi İcra Aparatının funksionerləri, məmurlarından ibarət idi. Son 2 il ərzində qurultay məsələləri birbaşa Arif Hacılının özünün nəzarəti altında olmuşdu. Özünə məqbul saydığı şəxsləri də nümayəndə olaraq seçdirmişdi. O şəxslərin də baş populist olan Arif Hacılının fikirlərinin ziddinə getməsi qeyri-mümkün idi”, – deyə S.Əlisoy bildirib.
S.Əlisoy tərəfdarları ilə birlikdə partiyadan istefa verə biləcəklərini də deyib: “Mən bu barədə düşünürəm. Mənimlə yanaşı, islahatçı qrup da düşünür. Mən partiyanın qanuni, hüquqi müstəvidə fəaliyyətinin tərəfdarıyam. Amma bu dəstə meydanlara çıxmaq, icazəsiz aksiyalar istəyir. 90-cı illərdə də belə idi. Ondan qabaq Kommunist Partiyasında da hamı alqışlayır, lakin insanlar pis gündə yaşayırdı. İndi də eyni vəziyyətdədir. Partiyanın bərbad günə qalmış strukturlarının vəziyyətinə görə Arif Hacılı günahkardır. Populist, şüarçılarla islahatçıların eyni komandada işləməsi düşündürücü haldır. Bəzi dostlarımız mənə müraciət ediblər, bəziləri məsləhət istəyirlər. Amma gələcək fəaliyyət fərdi olaraq verilən qərardır. Mən ömrümü şüarçılığa, populizmə həsr etmək istəmirəm. Gələcək fəaliyyətim haqqında yaxın günlərdə açıqlama verəcəm”.
“Partiyada yaranmış vəziyyətə İsa Qəmbərin münasibəti necədir?” sualına isə Əlisoy belə cavab verib: “Bundan sonra İsa bəyin nə deməsi də mənim üçün önəmli deyil”.