“Qəzetlər bağlanır, jurnalistlər döyülür, vətəndaş cəmiyyəti təzyiq və şantaja görə faktiki olaraq fəaliyyətini dayandırıb. Hüquq müdafiəçilərinin həbs edilməsi və işgəncələrə məruz qalması adi hala çevrilib. 100-dən çox siyasi məhbusu olan, toplaşma və söz azadlığına qadağa qoyan ölkə Avropa Şurasında sədrlik edir və Olimpiya Oyunlarına hazırlaşır”,- “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının bəyanatında deyilir.
Şəkidə Xalq Cəbhəsi Partiyası üzvlərinin fleşmobda iştiraka görə həbs edilməsi növbəti qanunsuz addımdır. Əli Abdullayev və Rauf Əbdürrəhimli 5 sutka həbs edilib, Mübariz Əbdülkərimov və İslam Həsənov 500 manat cərimə olunublar.
2013-cü ildən sərbəst toplaşma haqda konstitusiya normaları pozularaq 75-dən çox adam 500-dən 3000 manatadək cərimə edilib.
10-dan çox adam 30 sutkayadək inzibati həbs edilib. NİDA təşkilatının üzvləri də daxil olmaqla, 15-dən çox gənc uzun müddətə həbs olunub”, – bəyanatda deyilir.
Ötən gün Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul edib. “Biz bu qətnaməni birmənalı olaraq dəstəkləyirik və bütün beynəlxalq təşkilatları qətnaməni dəstəkləməyə, siyasi məhbusların azad edilməsinə yardım göstərməyə çağırırıq”, – sənəddə vurğulanır.