ARDNŞ-nin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində geniş məqaləsi dərc olunub. 26000 işarəlik bu məqalədə Heydər və Ilham Əliyevin uğurlu siyasətindən, neft sektorunun inkişafından, əldə etdiyimiz qazanclardan, ölkəmizin dünya liderinə çevrilməsindən bəhs olunur.
Bir sözlə, ənənəvi “YAP strategiyası” məqalənin hər cümləsində hiss olunur: “Iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan dünyanın neft-qaz ixrac edən aparıcı dövlətləri sırasında iti addımlarla irəliləyir. Bu gün ARDNŞ və onun törəmə şirkətləri 18 hasilatın pay bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Biz gələcəyə daha geniş nəzər nöqtəsindən baxırıq və bu, vacib məsələdir”- deyə Rövnəq müəllim bildirir.
Əslində, Rönəq Abdullayev palaz boyda “inkişaf nağılları” əvəzinə, haqqında yazılanlarla bağlı izahat versəydi, daha məntiqli olardı. Yəni ictimaiyyət üçün eyni valın təkrar oxudulması yox, Rövnəq Abdullayevin biznes imperiyasının gizlinləri maraqlıdır.
Dəfələrlə ARDNŞ, şəxsən Rövnəq Abdullayevin özü ilə bağlı araşdırma yazıları ortaya çıxıb və bu faktlar təkzib edilməyib. Bir neçə gün öncə isə, Rövnəq Abdullayevin qayınatasının neft biznesi ilə bağlı geniş araşdırma üzə çıxdı.
Məlum oldu ki, Rövnəq Abdullayevin qayınatası Adəm Əliyev əməlli-başlı bu sahəyə “əl gəzdirib”.
Eyni zamanda Rövnəq Abdullayevin Türkiyədən tutmuş, Rusiyaya qədər həyata keçirdiyi biznes layihələri, digər qohumlarının ARDNŞ-də yüksək vəzifələrə təyin olunması haqqında məlumatlar yetərincədir.
Yaxşı olar ki, məqaləsində “biz gələcəyə daha geniş nəzər nöqtəsindən baxırıq” deyən ARDNŞ prezidenti, bugünə də baxsın və səslənən fikirlərə aydınlıq gətirsin.
Çünki, bu araşdırmalar göstərir ki, Rövnəq müəllim yalnız gələcəyə geniş baxmır, həm də bugündən gələcəyə geniş imkanlar daşıyır.
Dünyanın heç bir ölkəsində yüksək vəzifə tutmuş şəxs, haqqında 10-larla korrupsiya faktı aşkarlandığı halda, uğurlu inkişafdan, təmiz fəaliyyətdən danışmağı bacarmazdı. Rövnəq Abdullayev isə “yaxşı eləmişəm” üslubunda hərəkət edərək, geniş məqalə ilə xalqa “hesabat” verir.
Camaat offşorlarda qeydiyyatdan keçən şirkətlərin pulunun kimlərin cibinə axdığını öyrənmək istədiyi zamanda, Rövnəq Abdullayev ARDNŞ-in törəmə şirkətlərinin sayının artmasını söyləməklə, bizə təsəlli verir.
Demək istəyirik ki, Azərbaycanın sərvətlərini talamaqda ittiham edilən adamın, “Azərbaycan” qəzetində qələmə sarılaraq, şəffaflıqdan danışması adekvat deyil.
Bizə “Əsrin müqaviləsi” nin əhəmiyyətindən danışmayın, yaşadığımız əsrdə neftdən gələn pulların naməlum taleyindən danışın.
Görünür, bu hakimiyyətin “ənənə”sinə görə, bütün pis əməllərin sığortası, keçmiş və indiki prezidenti mədh edə-edə məqalə yazmaqdan keçir.
Ona görə də Rövnəq müəllim haqqında yazılanları neytralaşdırmaq üçün qələmə sarılıb və öz sədaqətini nüməyiş etdirib.
Bir sözlə, futbolumuzu kurasiya edən neft patronu bizi yanıltdı və “topu” qapıya vura bilmədi.
Vallah, biz sizdən başqa açıqlama gözləyirdik.