Rusiya ordusunun şərqi Ukraynadakı müharibədə bilavasitə iştirak etdiyi təsdiqlənəndən sonra rəsmi Kiyev üzvlük üçün NATO-ya müraciət etmək niyyətindədir. Bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk bəyanat verib.
Ukrayna hökuməti Ali Radaya (parlament) Avroatlantik inteqrasiya kursunun bərpa edilməsi barədə qanun layihəsi də göndərib.
Ukraynanın 3 keçmiş prezidenti – Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko da Ukraynanın NATO-ya inteqrasiya təşəbbüsünə dəstəklərini ifadə ediblər.
Məsələyə NATO baş katibi Anders Foq Rasmussen də münasibət bildirib. O, deyib ki, Ukrayna özünün hərbi-siyasi statusunu müəyyən eləməklə bağlı sərbəst qərar vermək hüququna malikdir. Kiyev təhlükəsizlik və müttəfiqlərin seçilməsi məsələlərini özü həll edə bilər.
“Mən Ukraynadakı siyasi diskussiyalara qarışmayacağam. Amma icazə verin NATO-nun 2008-ci il Buxarest sammitinin qərarını xatırladım: Ukrayna əlbəttə ki, NATO-nun üzvü olacaq, əgər özü bunu istəyəcəksə və meyarlara cavab verəcəksə”, – deyə Rasmussen vurğulayıb.