Bakıdakı 23 saylı məktəbdən Tahir Həsənovun adı götürülüb, büstü «yox»a çıxıb
Hərbi jurnalist, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov şəxsi “Facebook” səhifəsində həssas bir məsələdən bəhs edərək mətbuata müraciət edib. Müraciətdə bildirir ki, Bakıdakı 23 nömrəli orta məktəbdən Milli Qəhrəman Tahir Həsənovun adı götürülüb: “Bildiyiniz kimi, dünən (srağagün-red) Azərbaycan prezidenti Ilham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Axşam saatlarında televiziya kanallarından məktəbin açılışı ilə bağlı reportajda bir cümlə diqqətimi cəlb etdi. Orada belə bir ifadə işləndi ki, 23 saylı məktəb bu yaxınlara kimi Tahir Həsənovun adını daşıyıb. Televiziyadan eşitdiyim sözü olduğu kimi burada yazdım. Nədən 20 ildən çox müddətdə Bakının mərkəzində – 28 may küçəsi 14 ünvanda yerləşən 23 saylı orta məktəbdə aparılmış təmir-tikinti işlərindən sonra birdən-birə Milli Qəhrəmanın adı götürülüb?
Mən başa düşürəm ki, adın dəyişdirilməsi ola bilsin ki, kimlərinsə uğursuz ideyası olub və onlar belə bir addım atıblar. Amma dövlət başçısının da iştirak etdiyi bir tədbirdə bunun edilməsi, hesab edirəm ki, ciddi bir hadisədir və yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”.
Tahir Həsənov kimdir?
Üzeyir Cəfərov xatırladıb ki, Həsənov Tahir Tofiq oğlu 1970-ci il fevralın 22-də Bakı şəhərində anadan olub. 1987-ci ildə paytaxtın Nəsimi rayonundakı 23 nömrəli orta məktəbi bitirib. 1988-ci ildə hərbi xidmətə çağırılıb. 1990-cı ildə isə ordudan tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub: “Tahir ailənin yeganə övladı olmasına baxmayaraq, universitetin ikinci kursundan könüllü olaraq vətənin müdafiəsinə qalxan oğulların sırasına qoşulmuşdu. Igid döyüşçü Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında fəal iştirak etmişdi. 1992-ci il sentyabrın 2-də cəsur komandir öz dəstəsi ilə Çıldıran yüksəkliyindəki uğurlu əməliyyatdan qayıdarkən düşmənlə üz-üzə gəlmiş və sayca üstün olan ermənilərə qarşı var-qüvvəsi ilə vuruşub”.
Üzeyir Cəfərov daha sonra qeyd edib ki, Tahir Həsənov elə həmin döyüşdə düşmən əlinə keçməmək üçün son anda əlindəki qumbaranı partladaraq həm özünü, həm də ətrafdakı erməniləri öldürüb.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb: “Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Təhsil aldığı 23 nömrəli orta məktəb də onun adını daşıyırdı.
Dəyərli dostlar, hesab edirəm ki, bu məsələ ilə əlaqədar yaxın vaxtlarda Bakı şəhər Baş Təhsil Idarəsi və Təhsil Nazirliyinin yetkililəri cəmiyyətə açıqlama verəcəklər. Bir qədər əvvəl isə Milli Qəhrəmanın anası Qalibə xanım Budaqovanın dünən eşitdiyi xoşagəlməz xəbərdən sonra halının pisləşməsi xəbərini aldıq. Döyüşçü dostlarımız mərhum silahdaşlarının valideynlərindən bir qədər səbrli olmalarını xahiş etdilər. Belə acınacaqlı vəziyyətlə rastlaşdıqlarına görə çaşqın vəziyyətdə olan Milli Qəhrəmanımızın ailə üzvləri şok içərisindədirlər. Allah cəmi Şəhidlərimizi rəhmət eləsin!”
“Oğlumun büstünü harasa atıblar”
Tahir Həsənovun anası Qaibə xanım isə Modern.az-a bunları deyib: “Bakının 28 may küçəsində, ”Nizami” kinoteatrına çatmamış 23 saylı məktəb vardı. 2 il bundan qabaq həmin məktəbi təmir üçün bağladılar. Təmir artıq başa çatıb, 2 gün bundan qabaq gedib gördüm ki, məktəbə oğlumun adını verməyiblər. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə həmin məktəbə oğlumun adı verilib. 1994-cü ilin sentyabrın 3-də orada büstünü də açdılar. O büstü məşhur heykəltəraş Ömər Eldarov düzəltmişdi. Həmin büstün açılışında mərhum prezident Heydər Əliyev də iştirak edib.
Indi isə büstü harasa atıblar. Bunu kimin etdiyini soruşdum. Məktəbdə bunu edənin kim olduğunu bilmirlər. Bəlkə də büstü ya oğurlayıblar, ya da harasa atıblar.
Məktəbin direktorundan da oğlumun adının götürülməsinin səbəbini soruşdum. O da “xəbərim yoxdur, göstəriş belə olub. Mənə nə deyiblər onu da etmişəm. Çox xahiş edirəm, müvafiq qurumlardan, bu məsələni diqqətsiz qoymasınlar”.
Milli Qəhrəmanlardan etiraz
Tahir Həsənovun 23 saylı məktəbdən adının götürülməsinə Milli Qəhrəmanlar da etiraz edib. Milli Qəhrəman Məhəmməd Həsənov modern.az-a bu barədə deyib: “Indi milli qəhrəmanları yada salan yoxdur. Bir məktəbə Milli Qəhrəmanın adı verilibsə onu götürmək heç də doğru deyil. Bunu edənləri cəzalandırmaq lazımdır”.
Milli Qəhrəman Vahid Quliyev də bunun yaxşı hal olmadığını bildirib: “Bu yaxşı hal deyil. Milli qəhrəmanların adlarını əbədiləşdirmək lazımdır. Çünki bu gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bir təbliğat vasitəsidir. Hər halda aidiyyatı qurumlar buna aydınlıq gətirəcək”.
Milli Qəhrəman Mirzə Quliyev baş verənlərə münasibətinin mənfi olduğunu deyib: “Bu məsələyə münasibətim birmənalı olaraq mənfidir. Bu heç də yaxşı iş deyil. Aidiyyatı qurumlar belə halların qarşısını almalıdır”.
Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun isə münasibəti belə olub: “Ruslar demişkən ”ya protiv” (”mən əleyhinəyəm”). Başqa da bir şey demək istəmirəm”.