Qabaqlar Ilham Əliyev olmayan yerdən “Azərbaycan dövləti demokratik dövlətdir”, deyirdi. Indi bu ağ yalana biri də qatılıb – “Azərbaycan dövləti sosial dövlətdir”. I.Əliyev özünün bu aldadıcı tezisini “hazırladıqları sosial proqramlarla” tutarqalamağa çalışır. Çox istərdik belə olsun: Azərbaycan dövləti sosial yönümlü demokratik hüquq dövləti olsun. Indilikdə belə deyil. Belə olmadığına görə də hansısa Ictimai (Ellik) Palata yaratmaq, siyasi aksiyalar keçirmək gərəyi yaranır.
Bunun ardınca nə baş verir? Ilham Əliyev hökuməti əli altındakı bütün administrativ resurslardan, ayrıca olaraq polis gücündən, “ictimai şura” adı atında yaradılan kriminal elementlərdən, televiziyalardan yararlanmaqla xalqın legitim istəyini antilegitim araçlar, metodlarla boşa çıxarmağa çalışır. Elə bu görsənişin özü “demokratik”, “sosial dövlət” adı altında I.Əliyevin hərbi-polis rejimi qurması faktını ortaya qoyur, onun “demokratik”, “sosial” ritorikalarını bütünlüklə boşa çıxarır.
Bu gün kimlərsə H.Əliyev dönəmində olduğu sayaq, “Ilham Əliyev yaxşıdır, ətrafı pisdir” yalanına əl atmaqla I.Əliyevi duruya çıxarmağa çalışırlar. Hamısı yalandır. I.Əliyev gerçəkdən-gerçəyə komandasından yüksəkdə dayanan kimsə olsaydı, bu gün Ictimai Palataya özü üçün bir qurtuluş qurşağı olaraq baxar, çeşidli yollarla Palataya zərbələr vurmağa deyil, onu gücləndirməyə çalışardı. Ancaq o, sosial yönümlü demokratik hüquq dövlətini özünün atadanqalma hakimiyyəti üçün gerçək qorxu saydığından, bütün gücü ilə işdə belə bir dövlətin olmamasına çalışır. Bunun özü də atadanqalma kursdur: sosial yönümlü demokratik hüquq dövləti sözdə ola bilər, işdə ola bilməz! Əliyevçi rejimin ideologiyası, siyasəti bütünlüklə belə bir prinsip üzərində qurulub, biçimlənib.I.Əliyev tez-tez bunu da deyir: “Azərbaycan dövləti hüquq dövlətidir”. “Sosial dövlət”, eləcə də “hüquq dövləti” anlayışı bütünlüklə bir anlayışa bağlıdır – demokratiya anlayışına. Demokratiya olmayan yerdə bunlar da olmur. Qabaqca demokratiya olur, demokratikləşmə prosesləri gedir, bu proseslərin sonucu olaraq ortaya HÜQUQ DÖVLƏTI, SOSIAL DÖVLƏT faktoru çıxır. Azərbaycan Konstitusiyasının birinci maddəsinin birinci bəndində deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Burası Konstitusiyada belədir. Gerçəkdəsə, gördüyümüz, bildiyimiz kimi, Azərbaycanda dövlət hakimiyyətinin tək qaynağı Əliyevlər ailəsi, bu ailəyə yaxın kimsələrdir.
Konstitusiyanın ikinci maddəsi “Xalqın suverenliyi” adlanır. Bu maddənin birinci bəndində deyilir: “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Birinci faktda olduğu kimi, ikinci faktda da Azərbaycan xalqı konstitusion hüququ pozulmuş, tapdanmış, əlindən alınmış durumdadır. Əliyevlər rejimi uzun illərdən bəri Azərbaycan xalqının SUVEREN HÜQUQLARINI pozaraq onun öz IDARƏETMƏ FORMASINI bəlirlətməsinə yol vermir. Necə? Rejimləri boyunca keçirdikləri bütün seçkiləri SAXTALAŞDIRMAQLA!
Konstitusiyanın altıncı maddəsinin I, II bəndlərinə baxaq: 1) “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”. 18 ildir Əliyevlər, onlara yaxın bəlli sosial qrup Azərbaycanda hakimiyyəti gerçəkləşdirmək yetkisini mənimsəyib. Ikinci bənddə deyilir: “Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”.
Ictimai Palata xalqın SUVEREN HÜQUQLARININ qorunması, HAKIMIYYƏTIN MƏNIMSƏNILMƏSI kimi ƏN AĞIR CINAYƏTIN aradan qaldırılması üçün yaradılmış LEGITIM qurumdur! Azərbaycan xalqının PASSIONAR kəsiminin yaratdığı belə bir qurumla yalnız öyünmək olar!!