Bin Laden və sumqayıtlı hakim haqqında
Əgər Bin Ladenin ölümü ilə dünya düzəlsəydi, biz də bir qrup adamla yığışıb gedərdik Fəvvarələr bağına, rəqs edər, əl çalardıq. Təəssüf ki, dünyanın düzəlməsinə hələ çox var. Hələ çox Mübarəklər, çox Qəddafilər, çox Bin Ladenlər var. Xüsusi sevinməyə hələ var. Eyni zamanda, baş verən olayın miqyasını “Amerika özü yetişdirdi, özü də öldürdü” deyərək kiçiltmək istəyənlərə qoşulmaq gülüş doğurardı. Adamlar var ki, ABŞ-a bir söz demək üçün “A” hərfini də qaralamağa hazırdır. Digər tərəfdən, sui-qəsd nəzəriyyələrinə valeh olan bu adamların reallıq hissini itirməsi isə çox kədərlidir. Az qala Kürün daşmasını da gizli mason təşkilatının əməli sayan bu adamların müzakirələrinə qoşulmağa vaxt da yoxdur. Tarix bu mövzuda söhbətləri çoxdan nəticələndirib və onlara qayıtmaq sadəcə məsuliyyətsizlikdir.
Hər kəsin anlamalı olduğu bir məqam var. Məsələ bir nəfərin ölümündə deyil. Nə də bir nəfərin hakimiyyətdən getməsində deyil. Məsələ ondadır ki, bir nəfərin ölümü, bir nəfərin hakimiyyətdən getməsi bütövlükdə ziyanlı bir sistemin, zərərli ideyanın, təhlükəli prosesin tez çökməsinə səbəb ola bilir. Bin Laden onsuz da perspektivsiz bir ideyanı daşıyırdı, onun ideyaları müsəlmanlara da yaxşı heç nə vəd etmirdi və gec-tez təmsil etdiyi sistem çökməlidir, amma Bin Ladenin ölümü bunu sürətləndirə bilər. Mübarəkin gedişi demokratik bir sistemin qurulmasına yol açdığı kimi. Onların gedişi, məhvi, uğursuzluğu başqalarına da mesajdır: sizin yolunuz səhvdir, sizin yolunuz uçurumadır.
Çünki tarixin yönü var, tarix nəyə üstünlük verdiyini artıq deyib. Demokratik ölkələr hər mənada dünyanın daha böyük gücüdür. Söhbət silahlı güc olmaqdan getmir, bu cəmiyyətlərin mənəvi və sosioloji özülləri möhkəmdir, dağılmazdır. Sən iki nəhəng binanı uçura bilərsən, sən Eyfeli də aşıra bilərsən, amma həmin cəmiyyətlərin inamını qıra bilməzsən və bu cəmiyyətlərə daha yaxşı alternativlər təklif edə bilməzsən.
Əgər Islam dünyasını inkişafa aparmaq istəyirsənsə, hətta xristian ölkələrindən qabağa çıxarmaq arzun varsa, bunun doğru yolunu tapmalısan, doğru yolla getməlisən. Xristian dünyasının əksər ölkələri bu yolu tapıb. Bu yol din azadlığının və bütün azadlıqların qorunduğu dünyəvi demokratik dövlətin qurulmasıdır. Belə bir dövlətin qurulması istənilən Islam ölkəsini inkişafa, rifaha aparacaq. Islamın və müsəlman ölkələrinin təəssübünü çəkən adam bu ideyaya xidmət etməlidir. Hətta xristian olmayan ölkələrdən də kim bu yolu tapmayıbsa, ağır və bərbad durumdadır.
Sumqayıtlı hakimin tapdığı yol
Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynov aprelin 29-da Bin Ladenin ölümü kimi bütün dünyaya səs salacaq bir qərar çıxarıb. Gənc fəal Nurlan Əliyevin şərlənib məhkəməyə gətirilməsi bu adama böyük həvəs və cəsarət verib. Nurlana haqsız olaraq həbs cəzası verilməsi bir yana qalsın, hakim işə baxmaq üçün koridordan bir vəkil də çağırıb. Adətən belə hallarda cəzalandırılan şəxsin vəkili olmur, hakimlər dövlətin təyin etdiyi vəkilləri işə dəvət edir. Həmin vəkili hüquq məsləhətxanaları təyin edir. Bu dəfə məsləhətxananın təyin etdiyi vəkil gəlib ki, hakim işə başqa müdafiəçi ilə baxıb, qərar da verib. Guya bu vəkil dövlətin təyin etdiyi müdafiəçidir. Amma dövlətin təyin etdiyi müdafiəçi başqası idi. Əlində order məhkəməyə gəlib ki, onu koridordan gətirilən başqası əvəz edib. Indi özünüz fikirləşin, belə ədalət məhkəməsi olan ölkəni Bin Laden hansı ağ günə çıxara bilərdi?