Elmar Hüseynovun qətlindəki gizlinlər

Adil İsmayılov: «Bu cinayəti araşdıran müstəntiqin ölüm işinin istintaqı sahəsində təcrübəsi yoxdur»

İstintaq orqanı üç nəfərin adını niyə gizli saxlayır?

“Adisad” hüquq firmasının rəhbəri, vəkil Adil Ismayılov bugünlərdə “Azadlıq” radiosuna müsahibəsində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı bir sıra gizli məqamlara toxunub. Xüsusən, qətldə adı hallanan iki nəfərin Azərbaycana daha üç Gürcüstan vətəndaşıyla birlikdə gəlib-getdiyi barədə vəkilin dedikləri dərin müzakirələrə yol açır. Mövzunu elə Adil Ismayılovun özü ilə müzakirə etmək qərarına gəldik:

– Elmar Hüseynovun qətli peşəkarlar tərəfindən törədilib. Cinayəti törədənlərin xaricdən gətirilməsi və onların dərhal Azərbaycanı tərk etməsi, hadisə yerində silahın atılması da bunu deməyə əsas verir. Bəs necə olub ki, onlar istintaqın maraq dairəsinə düşüblər? Maraq dairəsinə düşənlər məhz iki azərbaycanlıdır – Teymuraz Əliyev və Tahir Xubanov. Halbuki, onlarla birlikdə daha üç nəfər başqa millətdən olan Gürcüstan vətəndaşı da olub – Kasiya Arçil, Bolkvadze Nuqzar, Davrişov Serqo.
O iki nəfəri də hadisə yerində görən şahid yoxdur, danışıqlarının mətni yazılmayıb. Sadəcə, bir-birilə əlaqə saxlayan nömrələrin siyahısından söhbət gedir. Elmarın hərəkət marşrutu üzrə telefon zəngləri analiz olunub. Maraq dairəsinə düşən nömrələrdən biri də Turqay Bayramova məxsus olub. O da bildirib ki, nömrə onun deyil, sadəcə, Gürcüstandan gəlmiş qohumları şəxsiyyət vəsiqəsilə nömrə alıb.
Həmin adamların Azərbaycana gəliş-gedişi müəyyənləşdirilib. Onlar 2005-ci ilin əvvəlində bir neçə dəfə burada olublar. Ölkədən son çıxışları martın 3-də səhər saat 8.24-də Qırmızı körpü sərhəd-keçid məntəqəsində olub. Onda da 5 nəfər olublar. Amma nədənsə, ikisinin adı daim hallandırılır, digər üç nəfərin adı çəkilmir.
Bundan başqa, hadisə yerinin yaxınlığında papaq və silah tapılmışdı. Bu adamların Bakıda kirayə qaldıqları evdən götürülmüş tüklərlə papaqdakı tüklər ekspertizadan keçirilib və məlum olub ki, eyni şəxsə məxsusdur. Amma istintaq müəyyən edə bilməyib ki, qətli məhz kim həyata keçirib, həmçinin cinayətin sifarişçiləri məlum olmayıb.

– Belə olan halda, onları qatil kimi təqdim etmək olarmı?
– Bu adamların cinayətdə iştirakını sübut edəcək başqa dəlillər olsaydı, yəqin ki, Gürcüstan tərəfi onları həbs edərdi.
Bundan başqa, əksər ölkələrin, o cümlədən Azərbaycanın, Gürcüstanın Konstitusiyasına görə, dövlət öz vətəndaşını, hətta cinayət törədibsə belə, başqa dövlətə vermir. Bu adamların cinayəti sübuta yetirilsə, onlar vətəndaşı olduqları dövlətdə mühakimə olunacaq, cəzalarını alacaqlar. Beynəlxalq axtarışa verilsələr və Gürcüstandan kənar dövlətin ərazisində saxlanılsalar, bu halda onların Azərbaycana verilməsi mümkündür.

– Ən azı, Gürcüstanda müəyyən istintaq hərəkətləri aparmaq, məsələn, adları çəkilən şəxsləri dindirmək olmazdımı?
– Beynəlxalq hüquq imkan verir ki, gedib orada istintaq hərəkətləri aparılsın. Məsələn, Neft Akademiyasındakı terrorla əlaqədar istintaqçılarımız dəfələrlə orada təbii ki, Gürcüstan tərəfinin də iştirakıyla axtarış, dindirmə kimi istintaq hərəkətləri apardılar. Eyni hərəkətləri bu işdə də eləmək mümkündür. Düşünürəm ki, Gürcüstan öz nüfuzuna xələl gətirməmək üçün məhz bu işdə istintaq hərəkətlərinin aparılmasına problem yaratmayacaqdı.

– Rəsmi açıqlamalara görə, problem yaradır…
– Rəsmi açıqlamalarda deyilir ki, Gürcüstan bu adamları bizə vermir. Gürcüstan öz qanunvericiliyinə görə, düz eləyib vermir. Yetərincə sübut təqdim olunsaydı, Gürcüstan tərəfi özü o adamları tutub məhkəmə qarşısına çıxarardı.

– Neft Akademiyasındakı qətliama görə həbs olunanlar da Gürcüstan vətəndaşlarıdır. Necə olur ki, Gürcüstan onları təhvil verir, bunları yox?
– Rəsmiyyətdə o adamları Gürcüstan təhvil verməyib. Belə rəsmiləşib ki, onlar bu və ya digər yolla burada həbs olunublar.

– Bir vaxtlar bu qətlin Hacı Məmmədovun bandası tərəfindən törədilməsi barədə də fikirlər səsləndi…
– Hacı Məmmədov məhkəməsində qəfildən bəyanat verdi ki, bu qətli onun dəstəsi törədib. Cinayətin konkret kim tərəfindən törədildiyini də deyirdi. Elə adamın adını çəkirdi ki, o, bu dəstənin zərərsizləşdirilməsi əməliyyatında öldürülmüşdü. Bu bəyanatdan sonra araşdırmalar başladı və indiyə qədər nəticəsindən xəbər yoxdur.
Elmar Hüseynovu Hacı Məmmədovun dəstəsi öldürübsə, bu, birbaşa xüsusi xidmət orqanlarının gözü qarşısında baş verib. Çünki rəsmi sənədlərə görə, fevralın 27-dən Hacı Məmmədov izlənilib, telefonları dinlənilib. Belə çıxır ki, Hacı Məmmədov xüsusi xidmət orqanlarının nəzarəti altında olduğu halda bu cinayəti törədib, bu da fikrimcə, ağlabatan deyil.
Müdafiəçisi olduğum Zakir Nəsirov Hacının bir ifadəsilə ömürlük azadlıqdan məhrum edilib. Avropa Məhkəməsinə təqdim etmək üçün sorğu göndərdik ki, Hacının Elmarla bağlı bəyanatı üzrə araşdırmaların nəticəsi necə oldu. MTN hələ də sorğuya cavab verməyib.

– Yeri gəlmişkən, Eynulla Fətullayevin də bu cinayətlə bağlı bəyanatı olmuş və o, MTN-in yüksək rütbəli zabitini ittiham etmişdi…
– Bu barədə mətbuatdan oxudum. Eyni zamanda, qarşı tərəfin də fikirlərini oxudum ki, Fətullayevin dedikləri qeyri-ciddidir, qərəzlidir və s. Ola bilər, amma istənilən halda, onun dedikləri yoxlanılmalı, sonra nəticə çıxarılmalıydı. Ən azı, ona görə ki, Hacı Məmmədovun bu qətllə bağlı bir bəyanatına görə xeyli istintaq hərəkətləri aparıldı.
Burada o məqam da ortaya çıxır ki, MTN nə dərəcədə öz işçisilə bağlı obyektiv araşdırma apara bilər. Fətullayevin dedikləri işin MTN-dən alınması üçün ciddi əsas olmaya bilər. Amma bu fikirlər varsa, istər-istəməz MTN-ə qarşı inamsızlıq yarana bilər.

– Belə fikirlər də var ki, işin prokurorluqdan alınıb MTN-ə verilməsi məlumatların kənara çıxmaması məqsədilə atılmış addımdır…
– Bilmədiyim bir şeydən danışmaq istəməzdim. Bu işlə bağlı müəyyən məlumatlarımın olması da ondan irəli gəlir ki, müdafiəçi kimi iştirak etdiyim bəzi başqa işlərlə bu iş arasında bir bağlantı oldu. Söhbət Zakir Nəsirovun və Fərhad Əliyevin işlərindən gedir. Zakir Nəsirov Elmarın qətlindən sonra Baş Cinayət-Axtarış Idarəsinin rəisi kimi, təxminən iki həftə hər gün bu işlə əlaqədar Nizami Rayon Polis Idarəsində olub və toplanmış məlumatlardan xəbərdar olub. Özü də bir neçə dəfə demişdi ki, bu iş üzrə bildiyi məlumatları istintaq orqanı ilə bölüşməyə hazırdır. Təəssüf ki, heç kim həmin məlumatların nədən ibarət olmasıyla maraqlanmadı.
Yeri gəlmişkən, Xubanov və digərləri haqda məlumatlar da hələ iş MTN-ə verilməmişdən toplanmışdı. Hadisə yerindən tapılmış silahla bağlı da müəyyən işlər görülmüşdü və cinayətkarların həbsi istiqamətində intensiv iş gedirdi. Bu mənada cinayətin terrora tövsif olunub, birdən-birə prokurorluqdan alınıb MTN-ə verilməsi müəyyən söz-söhbətlər yaratdı. Sifarişçilər və icraçı, qətlin motivi məlum olmadığı halda, bunun terror aktı kimi tövsif olunması başadüşülən deyil.
Düzdür, MTN-in yaxşı texniki imkanları var. Amma MTN-in müstəntiqləri qəsdən adam öldürmə cinayətlərinin açılmasında mütəxəssis sayıla bilməz. Bu, onların sahəsi deyil. Hacı Məmmədovun dəstəsilə bağlı ölüm işlərini misal çəkə bilərlər. Amma o işlərin də istintaqı çox bərbad şəkildə aparılıb.
Elmar Hüseynovun qətlilə bağlı istintaqı aparan müstəntiq Faiq Qəniyevi şəxsən tanıyıram. Onun apardığı başqa işlərdə vəkil kimi iştirak etmişəm və işindən narazılığım olmayıb. Amma ölüm işinin istintaqı sahəsində onun təcrübəsi yoxdur.

– Belə çıxır ki, işin MTN-ə verilməsindən sonra istintaqda ciddi irəliləyiş olmayıb…
– Yüzlərlə adam dindirilə, ekspertizalar keçirilə bilər, amma işin faydalılıq əmsalı nəticə ilə ölçülürsə, əmsal sıfra bərabərdir. MTN etiraf etməlidir ki, Elmar Hüseynovun qətlilə bağlı istintaq dalana dirənib. Bundan sonra da yerində sayacaq.
Bu adamların şəkilləri yayılmalı, müəyyən şahid və sübut bazaları yaradılmalıydı. Ümumiyyətlə, bu adamların şəkilləri, görüntüləri, onların barəsindəki məlumatların indiyə qədər KIV-də yayılmaması mənə qaranlıq qalır.

– Deməli, yaxın perspektivdə bu işin açılmasını gözləməyə dəyməz…
– Sirr deyil ki, bizim hüquq-mühafizə orqanları onlara bir balaca göstəriş olanda daha yaxşı işləyirlər. Yəqin ki, burada da ölkə rəhbərliyinin göstərişi və istəyi olsa, hüquq-mühafizə orqanlarının rəhbərləri işlərini sürətləndirib nəticə əldə edərlər.

Aytən Məmmədova