İstefası qəbul olunmayan ukraynalı baş nazir açıqlama verdi
İstefa ərizəsi qəbul olunmayan ukraynalı baş nazir Arseni Yatsenyuk büdcə islahatlarının separatçılara qarşı əməliyyatların daha səmərəli maliyyələşdirməyə imkan verəcəyini bildirib.
Bu gün Ukrayna parlamenti sonda Yatsenyukun təklif etdiyi büdcə düzəlişləri barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin səsvermədən keçməsi ilə Ukrayna höküməti beynəlxalq kreditorların ayırdığı maliyyə yardımına görə öz öhdəliklərini qismən yerinə yetirib və orduya büdcədən əlavə vəsaitin ayrılmasına nail olub.
Yatsenyuk ordu büdcəsinin genişləndirilməsi hesabına yeni silahların alınacağını, hərbi təlimlərin keçiriləcəyini, həmçinin dağınıq ordu infrastrukturunun yenidən qurulacağını diqqətə çatdırıb. Parlament istefa ərizəsini rədd etdikdən sonra jurnalistlərə brifinq verən baş nazir eyni zamanda Rusiyanı tənqid edərək Kremlin davamlı olaraq beynəlxalq qanunları pozduğunu car çəkib.
Ukraynanın baş naziri Arseni Yatsenyuk deyir ki, “Bu məsələ, tək Ukraynanın deyil, bütün dünyanın problemidir. Bu, bütün beynəlxalq ictimaiyyətə çətinlik yaradır. Rusiya davamlı olaraq beynəlxalq qanunları pozur. Bu, təcavüzə meylli bir ölkədir. Onlar İkinci Dünya müharibəsindən sonra xəritəni yenidən çəkmək istəyir. Onlar nəticələri dəyişməyə çalışır, ancaq onlara bunu etməyə icazə vermirlər. Qanunun aliliyini və beynəlxalq hüququ bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Yatsenyuk ötən həftə parlamentin onun təkliflərini qəbul etməməsindən sonra istefa verdiyini bəyan etsə də cümə axşamı keçirilən səsvermədə 109 deputat onun istefasının əleyhinə səs verib. (ans)