Fransanın “Le Figaro” qəzeti hüquq müdafiəçisi Leyla Yunusun həbsindən yazıb. Məqalədə deyilir:
“Fransanın Şərəf Legionu Ordeni ilə mükafatlandırılmış azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-da səhər saat 11.45-də evinin qarşısında saxlanılaraq həbs olunub. Bu barədə Frans-Press Agentliyinə onun nümayəndəsi Yusif Ağayev məlumat verərək bildirib ki, hüquq müdafiəçisi mətbuat konfransına getmək üçün evdən çıxaraq avtomobilə əyləşib və evinin yaxınlığında maşının qarşısını kəsiblər. Üç nəfər şəxs maşına hücum edərək, həm sürücünün, həm də Leyla Yunusun telefonunu alıblar. Leyla Yunusu zorla prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıblar. Ardınca Leyla Yunusun həyat yoldaşı Arif Yunus da hədələnərək, həmin idarəyə çağırılıb.
Leyla Yunus və həyat yoldaşı Fransa prezidenti Fransua Ollandın Bakıya builki səfərindən bir neçə gün əvvəl – aprelin 28-də Bakı hava limanında saxlayaraq, ölkədən çıxışlarına imkan verməmişdilər. Yunusların şəxsi əşyalarını, sənədlərini əllərindən almış, Leyla Yunus prokurorluqda altı saatlıq dindirmədən sonra buraxdırmışdılar. Şərəf Legionu Ordeninin sahibi olan Leyla Yunus eyni zamanda, Sülh və Demokratiya İnstitutunun direktorudur. O, uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Azərbaycan və Ermənistan arasında yaranmış problemin həlli, xalqlar arasında barışıq əldə olunması istiqamətində fəaliyyət göstərirdi. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, neftlə zəngin olan bu keçmiş sovet ölkəsində İlham Əliyevin rəhbərlik etdiyi rejim istənilən fərqli fikri, müxalif mövqeni boğur”.
azadliq.info