D-18 Gənclər hərəkatı sorğu nəticəsində təhsil sahəsindəki nominasiyaları müəyyən edib. Belə ki, avtoritar, rüşvətxor müəllimlər nominasiyası üzrə qaliblər müəyyən edilib. “Dövlət Iqtisad Universitetində Tapdıq adında müəllim var, rüşvətxorluqda ad çıxarıb, ona görə də bütün universitet ona ”dollar Tapdıq” deyir”, deyə D-18-in rəhbəri Ruslan İzzətli bildirib.
Ən avtoritar rektor sırasında BDU rektoru Abel Məhərrəmov yer alıb. Daha bir rüşvətxor müəllim sırasında “Cavanşir Beydulla”nın adı çəkilir. C.Beydulla Dillər Universitetinin müəllimidir.
Bununla yanaşı, rüşvət almayan müəllimlər üzrə də nominasiya var. BDU-nun müəlliməsi Nüşabə Sadıxlı belə müəllimlərdən biridir. Tədbirə qatılan N.Sadıxlı “rüşvət almayan müəllimə” nominasiyasında qalib olub. Bir sıra müəllimlər “rüşvət almayan müəllimlər” nominasiyasında qalib olsalar da, universitetlərin rəhbərliyinin qorxusundan mükafatlarını almağa gəlməyiblər.
Tədbirə dəvət edilən Tələbə Qəbulu üzrə Tələbə Komissiyasının ilk sədri Vurğun Əyyub rüşvəti və rüşvət almağı pisləyib. Ölkədə rüşvətin yayılmasına səbəb kimi “hər ölkədə rüşvət var” deyən rəsmi Bakının rüşvətə loyal yanaşması göstərilib.
Rüşvət məsələsinin təkcə müəllimlərlə məhdudlaşmadığı, həkimlərin də bu sıraya aid edildiyini bildirib. “Rüşvətxorluq əslində ölkəni idarəetmə üsuluna döndərilib”, – deyə V.Əyyub ölkədə rüşvət faktlarını pisləyib. Maaşların aşağı olması üzündən müəllimlərin rüşvət almağa məcbur olduqları vurğulanıb, amma bunun müəllimlər üçün çıxış və ya bəraət yolu olmaması xüsusi qeyd edilib.
“Turan”