İlham Əliyevin yeni təyinatına Mehdiyev-Paşayevlər davasının təsiri
Paşayevlər YAP-ı ələ keçirmək üçün Mehdiyevçiləri necə zərərsizləşdirir?
Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQIDK) sədri vəzifəsinə təyin olunan Mübariz Qurbanlının yeni iş yerində təqdimatı keçirilib. Komitədən ANS PRESS-ə verilən məlumata görə, təqdimat mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Komitə sədrinin müavini Səyyad Aran iştirak edib.
Qeyd edək ki, bundan öncə DQİDK-in sədri Elşad İsgəndərov olub. O, 31 may 2012-ci ildə sədr vəzifəsinə təyin edilib. 2 may 2014-cü ildə komitə sədri tutduğu vəzifədən azad edilib.
Mübariz Qurbanlının yeni təyinatı bir sıra mülahizələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu təyinat Ramiz Mehdiyevin dini komitəni növbəti dəfə nəzarətə götürməsi kimi qiymətləndirilə bilər. Məsələ burasındadır ki, DQIDK-in ilk sədri Rafiq Əliyev Ramiz Mehdiyevin kadrı hesab olunurdu.
Qafqaz Müsəlmanları Idarəsi (QMI) ilə DQIDK arasında intriqanın ssenaristi də Ramiz Mehdiyev hesab edilirdi. Bu intriqa PA rəhbərinə nəyə görə lazım idi, bəlli deyil. Amma fakt odur ki, Ramiz Mehdiyev QMI sədri Allahşükür Paşazadəni “vurmaq” üçün Rafiq Əliyevi önə vermişdi.
Nəhayət, bu intriqa birinci şəxsi də yordu və Rafiq Əliyev Hidayət Orucovla əvəzləndi. Bu dəfəki sədrin Ramiz Mehdiyevlə münasibətləri o qədər də yaxşı deyildi və onun təyinatı PA rəhbərinin iradəsindən kənar baş vermişdi. Elə bu amil QMI ilə DQIDK arasında münasibətlərin normallaşmasına gətirib çıxardı.
Hidayət Orucovdan sonra quruma rəhbərlik edən Elşad Isgəndərov isə Paşayevlərə yaxın şəxs kimi xarakterizə edilirdi. Onun dövründə də QMI ilə DQIDK arasında hər hansı problem yaşanmadı. Elşad Isgəndərov nurçularla əlaqəli olması barədə iddialara əsasən görəvdən alındı.
Onun yerinə gələn Mübariz Qurbanlının isə Ramiz Mehdiyevin komandasının üzvü olduğu barədə əsaslı iddialar var. Onun təqdimatını da Ramiz Mehdiyevin eləməsi təsadüfi deyil. Məhz bu səbəbdən ekspertlərin fikrincə, Mübariz Qurbanlının təyinatını PA rəhbərinin DQIDK-i nəzarətə götürməsi hesab etmək olar.
Ramiz Mehdiyevin uğurunun “sirri” isə Paşayevlərin YAP-ı nəzarətə götürməyə çalışması ilə izah edilir. “Ikinci iqtidar partiyası” yaratmaq planı iflasa uğradıqdan sonra bu qruplaşma hakim partiyanın özünü nəzarətə götürmək uğrunda mübarizəyə başlayıb. Lakin uzun müddət YAP-a nəzarət Ramiz Mehdiyevin əlində olduğu üçün partiyanı tam ələ keçirmək o qədər də asan deyil. YAP-ın 2013-cü ilin prezident seçkisi ərəfəsində keçirilən qurultayında Mehriban Əliyevanın və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin partiyala müavinlik postuna gətirilməsi Paşayevlərin ilk uğuru sayıla bilər. Bundan sonra proses daha da sürətlənib. Məlumatlara görə, Paşayevlər 2015-ci ildə hakim partiyaya əhəmiyyətli təsir etmək gücündə olmaq niyyətindədirlər. YAP-a nəzarət isə Milli Məclisdə daha çox təmsilçilik əldə etmək üçün gərəkdir. YAP-da Ramiz Mehdiyevə yaxın şəxslərin bu və ya digər şəkildə Milli Məclisdən və partiya işindən uzaqlaşdırılması Paşayevlərin maraqları çərçivəsindədir. Mübariz Qurbanlının dini komitəyə təyinatına bu qruplaşmadan dirəniş göstərilməməsi də bununla bağlıdır. Paşayevlər YAP-ı Mehdiyevçilərdən təmizləmək üçün bu cür təyinatları daha uğurlu variant hesab edirlər. Doğrudur, Mübariz Qurbanlı dini komitəyə sədr təyin olunmaqla YAP-dan xaric olunmayıb. Lakin onun digər YAP-çı məmurlar kimi partiya işi ilə sıx məşğul olacağı inandırıcı görünmür. Eyni sözləri Əli Əhmədov barəsində də demək olar…
Analitik şöbə