«Hazırda həbsxanada cəmiyyətin ən ləyaqətli insanları yatır»
Elçin Manaflı: «Ölkədə doğurdan da dini təhlükə varsa, biz də onun qarşısını almağa hazırıq»
ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) – dini sui-istifadələrin monitorinqi üçün yaradılmış müstəqil federal orqanın məruzəsi maraq doğurur. Təşkilat Azərbaycanda 51 dini məhbus olduğunu üzə çıxarıb. Azərbaycan dini azadlıqlar məsələsində Əfqanıstan, Kuba, Qazaxıstan və s. kimi ölkələrlə birlikdə “2-ci səviyyə”də yer alıb.
USCIRF-in baş analitiki Ketron Kozman bildirib ki, Azərbaycan hökumətinin tolerantlıq haqqında bəyanatlarına baxmayaraq, son bir neçə ildə ölkədə dini azadlıqlar pisləşib. Hesabat dövründə (aprel 2013 – aprel 2014) dini təşkilatların bağlanması, vətəndaşların dini fəaliyyətə görə saxlanılması və cərimə olunması faktları olub. Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti 2009-cu ildə din haqqında dini fəaliyyət dairəsini məhdudlaşdıran repressiv qanun tətbiq edirdi. Sonradan din haqqında qanunun pozulmasına görə cərimələr artırılıb (2010 və 2011-ci illərdə).
Qeydiyyatsız dini fəaliyyət qadağan edilib, qeydiyyatdan keçmiş qrupların fəaliyyətinə isə din haqqında qanun çərçivəsində ciddi nəzarət olunur.
2014-cü ilin yazında Azərbaycan parlamenti din, QHT haqqında qanunlara və digər qanunlara guya dini ekstremizmin qarşısının alınması üçün əlavə məhdudlaşdırıcı düzəlişlər edib. 2010-cu ildə pozuntulara görə cərimələr 16 dəfə artırılıb.
Eyni zamanda 2010-cu ildə Təhsil Nazirliyinin standart məktəb forması tətbiq edərək, məktəblərdə hicabı qadağan etməsi də xatırlanıb. Məhz bu addımın 2012-ci ilin oktyabrında etirazlara və 72 islamçının həbsinə səbəb olduğu vurğulanıb. Sənəddə 2011-ci ilin avqustundan Azərbaycanda dini səbəblərdən həbs edilmiş 51 məhbusun siyahısı dərc edilib.
Onlar arasında 31 hicab məhbusu, 10 nəfər azadxaber.az dini saytı ilə əlaqədar həbs edilmiş dindar, xeber44.com saytında nəşrlərlə bağlı Masallıdan 6 dindar, ilahiyyatçı Taleh Bağırzadə, müəllim Əbdül Nemət Süleymanov var.
Kozman bildirib ki, hakimiyyət xarici dini təbliğatçılarının radikal qruplar yaratmağa çalışdığını, onların qarşısının alınmalı olduğunu iddia edir.
Lakin müstəqil analitiklər hesab edirlər ki, hakimiyyət Qərbə yalançı təhlükə nümayiş etdirərək, hər şeyi böyüdür.
Hesabatda əks olunan məqamlarla razılaşdığını bildirən Islam Partiyasının sədr əvəzi Elçin Manaflı qeyd etdi ki, inanclı kəsim də həmişə bu dövlətin xoşbəxt gələcəyini, rifahını istəyib: “Ölkədə doğurdan da dini təhlükə varsa, biz də onun qarşısını almağa hazırıq. Axı nəyə görə süni təhlükə görüntüsü yaradılmalıdır. Biz xalqımız, dövlətimiz naminə Islama, millətimizə zidd hərəkətlə üz-üzə gəlməyə hazırıq. Amma inanclı kəsimi cəmiyyətə təhlükə kimi qiymətləndirməsinlər. Hazırda həbsxanada cəmiyyətin ən ləyaqətli insanları yatır. Onların istər daxili həyatlarına, istərsə də cəmiyyətdəki addımlarına baxsaq, onların necə insan olduğunu görərik. Hacı Mövsüm Səmədov, Abgül Süleymanov, Tale Bağırzadə hər biri cəmiyyətdə nüfuz sahibidir. Onları bu cür həbs etmək heç məntiqə də uyğun deyil”.
Hazırda IŞID-in törətdiyi vəhşiliklərə Azərbaycan vətəndaşlarının da şahid olduğunu deyən E.Manaflı vurğuladı ki, onlar nə zamansa vətənə qayıdacaqlar. Amma kim zəmanət verir ki, həmin şəxslər cəmiyyətə tam formada inteqrasiya oluna biləcəklər. “Həmin şəxslər cəmiyyət üçün real təhlükəyə çevrilə bilər. Amma cəmiyyət sağlam olsa, zamanında dini kəsim bu cür gəncləri öz tərəfinə çəkə bilsə, böyük bir kütləni istiqamətləndirə bilər. Bunun üçünsə inanclı kəsimin tanınmış nümayəndələrinin həbsdə olmaması lazımdır”.
Xəyal