Əliabbas Rüstəmovu nə adla tutduqlarını biləndə yenə yadıma qaramat dünyanın ən mahir təsvirçisi Frans Kafkanın “Proses” romanı düşdü. Təxminən bizdəki kimi bir məhkəmə prosesindən bəhs edən roman belə başlayır: “Görünür, kimsə Yozef K-nı şərləmişdi, çünki pis bir iş tutmasa da, onu həbs etmişdilər”.ÿ
Tanınmış vəkilin həbsini eşidən kimi əminliklə yanımdakılara söylədim: “Şərlədilər, son vaxtlar çox fəal idi, Ilham Əliyevə yazdığı məktubu isə ona bağışlamayıblar”.
Bu zaman yalnız həbs xəbər yayılmışdı, həbs barədə əlavə heç bir məlumat yox idi. Amma ilk rəsmi açıqlama özü sübut etdi ki, doğrudan da onu şərləyiblər. Eynən Kafka absurdu idi. Seçkinin nəticələrinə heç bir çıxışı olmayan Anar Məmmədlini seçkini saxtalaşdırma ittihamı il necə tutdularsa, Əliabbas bəyi bu qədər gülməli adla həbsə atdılar. Guya vəkil öz müştərisindən rüşvət alıb. Vəkil müştərisindən necə rüşvət ala bilər? Vəkil müştərisindən qonorar alır və onu müdafiə edir. Vəkillər hətta ən qatı cinayətkarı müdafiə edir və pul ala bilirlər. Əliabbas bəy isə heç qatı cinayətkarı da müdafiə etməyib, sadəcə qatı cinayətkarlar barədə Ilham Əliyevə açıq məktub yazmışdı. Həmin məktub “Azadlıq” qəzetində və sosial mediada yayılıb. Məktubda milyonlarla məbləğdə yeyinti və korrupsiya barədə faktlar açıqlanırdı.
Əliabbas bəy illərdir ölkədəki vəziyyətlə bağlı fikirlərini açıq söyləyir, sosial şəbəkələrdə ən sərt tənqidləri yazır və paylaşır, tənqidi fikirlərin elan edildiyi tədbirlərə qatılır, mitinqlərdə iştirak edir. Tənqidçi jurnalistlərə hüquq məsləhəti verir, Azərbaycan hakimiyyətinin sevmədiyi demokratik proseslərə səmimi dəstəyini ifadə edir.
Əsasən vergi ödənişi ilə bağlı mübahisələndirmələrlə məşğul olan Əliabbas bəy hətta SMTD sədri Anar Məmmədlinin müdafiəsi ilə bağlı işə çıxmaq üçün müraciət etmişdi. Biz də çox məmnun olmuşduq ki, vergi işini yaxşı bilən və mövqeli bir hüquqşünas bu işə qatılacaq. Bürokratik əngəllərə görə onun bu işə çıxmasını sənədləşdirə bilməsək də, bilikləri ilə öz töhfəsini verdi.
Kimlərinsə bilməməsi mümkündür, amma heç kimin şübhəsi olmasın: Əliabbas Rüstəmov siyasi motivlə həbs edilib və hüquq müdafiəçiləri onun müdafiəsinə çox ciddi diqqət göstərməlidirlər.
Ömürlük prezident olub yaltaqlığı bəyənməmək
Dünəndən bir xəbər sosial medianı başına götürüb. Qazaxıstanın ömürlük prezidenti Nursultan Nazarbayev iş adamını ona yaltaqlanmaqda qınayıb. Tikinti şirkətinin sahibi olan iş adamı Nurlan Smaqulov qurduğu ticarət mərkəzinin “Nur Plaza” adlandırmaq üçün prezidentdən xeyir-dua istəyib. O da bunu pis qəbul edib və soruşub ki, bu yaltaqlığı kimdən öyrənib.
Iş adamı da deyib ki, ona bunu həyat öyrədib. Yəni sən öyrətmisən!
Hətta yarınmağa qarşı o cür yekəxana reaksiya göstərir ki, özünü ölkənin prezidenti kimi yox, ağası kimi aparanda bu cür yaltaqlıq adi həyat olmalıdır.
Prezident ömürlük olanda bilmirdiniz ki, yaltaqlıq, əyilmək, məddahlıq da olacaq?!
Azərbaycanda da belə deyilmi? Bilsələr ki, sabah seçkidə hakimiyyət dəyişəcək, yaltaqlıq məcburiyyət və qorxuya çevrilməzdi. Bu qədər olmazdı.
Yaltaqlığı yaradıb, onu adi gerçəkliyə çevirib, sonra da bəyənməmək bu ömürlüklərin təzə hoqqasıdır. Guya bunlar tənqidə dözən, azad sözü qoruyan, demokratiya ilə idarə edən saf və dürüst yeni çağ siyasətçiləridir.
Adamdan soruşarlar: Bəs siz hakimiyyətdən yapışıb qalmağı kimdən öyrəndiniz? Yaltaqların padşahı olmağı necə öyrəndiniz?