Şahvələd Çobanoğlu
Ermənilər Qarabağı qazandımı? Xeyr. Hətta Ermənistanın özünü daha ağır şərtlərlə itirdilər. Daha ağır zərbələrlə, travmalarla. Hüzn və itkilərlə. Həm ruslara etdiklərinə görə xain sayıldılar, həm rusların onlara xəyanət etdiyini düşündülər. Çox ağır günlər yaşadılar.
Bəs biz? Mən demirəm ki, münaqişə Dağlıq Qarabağ üstündə idi, digər rayonlar onsuz da boşaldıla bilirdi. Belədir, amma yenə də o rayonlar qayıtdı. Sonucda Dağlıq Qarabağın bir hissəsi “çox uzağa” getsə də. Həm də daimi sülh gətirmədən. Çünki araya rus qoşunları girib. Rus qoşunlarının ərazilərimizə gəlməsi hər zaman müharibənin alovlana bilməsi deməkdir. Münaqişənin əvvəlində də atan kazaklar idi! Kazaklar yenə ata bilər…
Rus əsgəri əvvəl də dolayısı ilə Qarabağda idi, amma formal deyildi, indi rəsmən Dağlıq Qarabağ onun nəzarətindədir. Bizə Minsk qrupunu söyüb-söydürüb, onun ermənilərə ən çox arxa duran, silah verən üzvünü subay Moskva qrupu elədilər, torpaqlarımıza rus əsgəri gətirdilər… Azərbaycan müstəqilliyinə xəyanət idi. Böyük yanlış idi.
Hər şey bitdimi?
Bu suala bir az uzaqdan gələrək cavab vermək yerinə düşər. Uzun illər öncə “Bəs Qaradağ?!” adlı bir yazı yazmışdım. Məğzi budur – Qarabağ işğaldadır, bəs Qaradağ niyə talan edilir? Qaradağ sözü orada oxşarlığa görə seçilmişdi, yəni qalan ərazilərimiz nəzərdə tutulurdu. Son günlərdə Ordumuzun və dövlətimizin güclü olduğunu hamı sevinərək deyirdi. Amma bundan qat-qat güclü ola bilərdik, dünyadakı yerimiz də, imicimiz də başqa cür ola bilərdi. Cəmiyyətimiz də bundan güclü olardı. Nəinki dünyanın, hətta Güneyin mənəvi dəstəyi daha yaxşı olardı və s. və i.a.
Yaranmış fürsəti böyüdüb (torpaqların ciddi qisminin qayıtmasını), yaranmış problemi də (rus əsgərinin nəfəs qədər yaxın olduğunu) nəzərə alıb, Azərbaycanı demokratik, ədalətli, yüksək inkişaf etmiş, güclü cəmiyyəti, iqtisadiyyatı və ordusu olan bir ölkəyə çevirmək – yeganə çıxış yoludur. Buna mənəvi şərtlər də var, məğlubluq hissi də bitdi, “Qarabağ boyda dərdimiz var” bəhanəsi də bitməlidir.
Türkiyə böyük arxadır. Lakin bu, sadəcə etnik qohumluq duyğuları üçün istifadə edilməli deyil. Onun dəstəyinə də arxalanıb, ölkə yenidən qurulmalı, yenilənməli, Avropa dəyərləri ilə yaşayan, Avropanın və dünyanın də rəğbətini qazanan bir ölkəyə çevrilmək – yeganə çıxış yoludur. Heç kim demir NATO-ya inteqrasiya edirik. NATO bizə Türkiyə qədər yaxın olan deyil, nə də başağrısına imkan qalmayıb. Sadəcə xalqa inteqrasiya etmək lazımdır. Həm xalqa görə, həm güclənməyə görə, həm dünyaya inteqrasiyaya görə. Bu, sadə və incə düsturdur. Qələbə aclığından küçələrdə sevincdən ağlaya-ağlaya rəqs edən xalqın qarnı da acdır… Təhsilimiz, səhiyyəmiz, iqtisadiyyatımız nə mahiyyətcə o deyil, nə dəyərcə… Hamı hər şeyi bildiyi üçün sadalamağın nə faydası.
Fərqli düşünənləri, danışınları təqib edildiyi, azad medianın məhv edildiyi, demokratiyanın d-si olmayan bir cəmiyyət ermənilər kimi hər şeyi itirməyə doğru gedir…
Çıxış yolu bundan qurtulmaqdır. Yoxsa Azərbaycan torpaqlarına rus ordusu ilə yanaşı, yeni bir yaltaqlar ordusu da daxil olub, ikincisi içdən yeyib tükədər bizi…
Rus əsgəri bu qədər yaxındırsa, rus əsgərini bu ölkədən çıxaran Əbülfəz Elçibəyin düsturuna qayıtmalıyıq. “80 faizini azad etmişik…” deyirdi. İndi deməliyik ki, daha çoxunu azad etmişik… Bu qədəri ilə azad və rifahlı olaq. Doğru yol bizi doğru nəticələrə aparacaq.
Gələcəkdə sülh və Qarabağ probleminin həlli üçün yeni şanslar olacaq. Bəlkə ermənilər də bu ağrılardan sonra doğrunu görməyə başladılar. Ümid azdır, amma ümid edək. Rusiyaya gəldikdə, çox yanlış yoldadırlar, içdən çürüməyə aparacaq qədər yanlış yolda…
Biz doğru yolda olmalıyıq. Olacağıqmı?