AMEA alimlərinin yarısından çoxu təqaüd yaşına çatıb
Nurəddin Məmmədli: «Azərbaycanda elm perspektiv vəd etməyən, normal yaşayışa təminat verməyən sahəyə çevrildiyi üçün gənclər elmdən kənar sahələrdə fəaliyyət göstərirlər»
Iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında akademiyanın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. Bu hadisə AMEA-nın real vəziyyəti ilə bağlı məqamları gündəmə gətirdi.
Qeyd edək ki, AMEA ilə bağlı uzun illərdi cəmiyyətdə böyük narazılıq var və digər sahələrdə olduğu kimi burda da qeyri-şəffaflığın hökm sürdüyü, müəyyən şəxslərin hökmranlıq etdiyi, elmi adların tapşırıqla verildiyi kimi iddialar səsləndirilir.
Ancaq son günlər ortaya çıxan iki məqam vəziyyətin həqiqətən də pis olduğunu göstərir.
Birincisi, elmi işçilərin kütləvi ixtisarı ilə bağlıdır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin sayı 2-3 min nəfər azaldıla bilər. Verilən məlumata görə, “AMEA-nın 2020-ci ilə qədər Inkişaf Konsepsiyası”nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri olaraq qalır. Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının (təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması nəzərdə tutulur.
Ikinci məsələ gənc alimlərin az olmasıdır. “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər Inkişaf Konsepsiyası”nda elmdə orta nəsil alimlərinin demoqrafik böhranı, yaşlı alimlərin sayının artması probleminə toxunulub. Konsepsiyada qeyd olunub ki, bu durğunluğun əsas səbəbi AMEA-da uzunmüddətli kadr sabitliyinin olmasıdır. Nəticədə AMEA alimlərinin 20 faizi 40 yaşa, yarısından çoxu isə təqaüd yaşına çatıb.
Həm 2-3 min alimin ixtisarı, həm də alimlərin böyük əksəriyyətinin təqaüd yaşında olması ciddi problemdir. Bu həm də onu göstərir ki, bu illər ərzində yeni kadrlar yetişdirilməyib.
AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli hesab edir ki, bugün elm perspektiv vəd etməyən bir sahəyə çevrildiyi üçün gənclər bu sahəyə meyl etmir: “Sovet dövründə alimlərə böyük qayğı var idi, alimlər evlə təmin olunurdu, ən yüksək maaşı alimlər alırdı. Heydər Əliyevin ötən dövrdə hakimiyyətə gəlişindən sonra elmlər akademiyası gənc alimlərə ev verilməsi ənənəsini ləğv etdi.
Ancaq həmin dövrdə alimlərə yüksək əmək haqqı verilməsi prosesi davam edirdi. Elmə böyük maraq ilk növbədə maddi stimullaşdırmadan qaynaqlanır. Yəni insanlar bilirdi ki, elm onun yaşaması üçün bütün şərtlərə təminat verəcək. Müstəqillik dönəmində isə elmə qarşı amansız terror aparıldı. Müstəqilliyin ilk dövrlərində 44000 alim Elmlər Akademiyasında fəaliyyət göstərirdisə, indi bu rəqəm 4000-ə enib. Üstəlik, indi məlum olur ki, 2-3 min alimi ixtisar etmək istəyirlər. Yaranmış vəziyyət o həddə çatdı ki, gənclik elmə gəlmədi. Elm perspektiv vəd etməyən, əhəmiyyətsiz bir sahəyə çevrildi. Bunun nəticəsində istedadlı gənclər öz gələcklərini elmdən kənar sahələrdə axtarmağa başladılar”.
Professor onu da qeyd etdi ki, bugün elmlə məşğul olmaq istəyən, karyera qurmaq istəyən gənclər ölkə xaricinə axın edirlər: “Mənim tanıdığım onlarla elmə töhfə vermiş adamlar elmi tərk etməyə məcbur oldular. Yaxud başqa ölkələrdən təklif aldıqları üçün ölkəni tərk etdilər. Bugün də həmin ”beyin axını” davam edir və istedadlı gənclər ölkəni tərk edir. Bu hakimiyyətin Azərbaycan xalqına vurduğu zərbələri müəyyən müddətə aradan qaldırmaq mümkündür. Ancaq Azərbaycan təhsilinə, elminə vurulan zərbələri 100 il müddətində aradan qaldırmaq mümkün olmayacaq”.
Akif