«Regionun lider dövləti»ndə insanlar ərzaq almağa pul tapmır; dükanlarda «nisyə dəftərləri» qalaqlanıb
“Nisyə veririk. Bunsuz mümkün deyil. Çünki insanlarda pul yoxdur. Nəğdi də bizdən alırlar, nisyəni də. Əgər bununla razılaşmasaq, bazarımız ölər, heç kim alver etməz”.
Bunu “Azadlıq”a metronun “28 may” stansiyasının yaxınlığında sovet dövründə tikilən 2 mərtəbəli binanın altında eyvanını mağaza edən sakin Firuzə Ismayılova deyir.
“Iki cildlik” nisyə dəftərilə işləyən dükan sahibi hələ ki, alıcılardan narazı olmadığını bildirir. Deyir ki, bir az gecikmələr olsa da, pulunu ala bilir.
“Pulu olsa, nisyə almaz…”
Indi nisyə dəftərləri hər yeri bürüyüb. Təbii ki, Bakının böyük, gözoxşayan marketlərini çıxmaq şərtilə…
Əvvəllər nisyə dəftərləri kəndlərdə olurdu. Həm dükan sahibi kənd camaatını tanıyır, “yox” deyə bilmir, həm də maddi vəziyyət yaxşı olmadığından, qohum-qonşunun vəziyyətini nəzərə alırdılar. Xeyli vaxtdır ki, bu “proses” paytaxta da siraət edib. Işsizlik, problemlərin gündən-günə artması, qayğıların çoxalması vətəndaşların nisyə ərzaq üçün dükanlara tutmasına gətirib çıxarır.
Məhəllələrdə, binaların altında fəaliyyət göstərən mağazaların əksəriyyətində nisyə dəftərləri var.
Binəqədi rayonun kənd hissəsində demək olar ki, bütün dükanlarda buna rast gəlmək mümkündür. “Crost” dükanın sahibi deyir ki, nisyə ərzağa görə ona olan borcun miqdarı mağazada satılan məhsulların ümumi dəyərinə yaxındır: “Nisyə vermədən işləmək olmur. Qohum-qonşu gəlir, bir söz deyə bilmirsən. Məcbursan. Hərdən əsəbiləşirəm, çünki bəzən mal almağa kassada pul olmur, nisyə verdiyimə təəssüflənirəm. Amma hirsim soyuyandan sonra hər şey əksinə olur. Insanları başa düşürəm. Bilirəm ki, pulu olsa, gətirib verər, heç nisyə almaz”.
“Dükan işlətmək, onun xərclərini qarşılamaq özü bir dərddir”
“Crost”dan təxminən 200 metr aralıda qapısına “Nisyə mal verilmir, üz vurma” elanı vurulmuş adsız dükana daxil oluruq. Belə bir elan varsa, deməli, burada “nisyə dəftəri” axtarmaq məntiqsizdir, amma yenə də düşündük ki, “kənddir, bəlkə də oldu”, içəri keçdik. Gümanımız özünü doğrultdu. Mağaza sahibi Saleh Hüseynov bir qalaq dəftər göstərir. Məlum olur ki, indiyə qədər 10 min manatdan çox puldan vaz keçməli olub: “Bir dəfə ”bankrot” oldum, nisyələri yığa bilmədim. Dükanı bağladıq, dolanmaq mümkün olmadı, yenidən borca girib dükanı işlətməyə başladım. Özümə söz versəm də, yenə bacarmadım, nisyə verməli olurduq. Indi isə demək olar ki, nəğd alver edirik. Beş-altı qonşu var ki, bizə həm yaxındı, həm də vaxtlı-vaxtında borcları qaytarırlar, onlara nisyə veririk”.
Saleh bəy əvvəlki borclardan əlini üzdüyünü desə də, nisyə dəftərini özündə bərk-bərk saxlayır. Səbəbi isə nisyə alver etmək istəyənlərə keçmişi xatırlatmaqdı: “Gəlirlər nisyə istəyirlər, vaxtilə borclarını vermədiklərini xatırladıram. Düzdür, bəziləri küsür, ancaq məni də başa düşmək lazımdı. Dükan işlətmək, onun xərclərini qarşılamaq özü bir dərddir. Kommunal xidmət haqqı, vergini ödəmək var, ”görüm-baxım” var. O qədərdi ki, saymaqla qurtarmaq olmaz. Indi yaydı, kondisioner bütün günü işləməlidi. Çünki biri gəlir, biri gedir, qapı daim işləkdi. Buna görə nə qədər pul ödəyirsən… Bunları nəzərə almaq lazımdı. Çoxları belə başa düşür ki, qaz vurub qazan doldururuq. Heç də elə asan deyil. Bütün günümü burda keçirirəm. Xeyir-şərə gedə bilmirəm. Normal qazanc olsaydı, işçi götürərdim”.
“Daha çox çörəyi, siqareti nisyə alırlar”
“Nisyə dəftərləri” söhbəti yalnız super-marketlərə yaddır. Həm alıcıları çoxdur, balaca dükan sahibləri kimi müştərini qaçırmamaq üçün dəridən-qabıqdan çıxmırlar, həm də balaca dükanlardan qismən də olsa, ucuzdu. Ancaq alıcılar bunun da yolunu tapıblar. Bankların verdiyi kredit kartlarından istifadə edib lazımi tədarüklərini görürlər.
“Bank of Baku”nun “Bol kartı”, “Unibank”ın “Albalı kartı” bir çoxlarının işinə yarayır. Həftəlik, aylıq ərzaqlarını alırlar, pulunu hissə-hissə ödəyirlər.
“Daha çox çörək, siqaret nisyə alırlar. Adam heç nə deyə bilmir. Başa düşürük, ancaq alıcılar bizi anlamır. Dəfələrlə olub ki, bizdən nisyə alırlar, maaşlarını alan kimi şəhərin o biri başına gedib marketlərdən nəğd alver edirlər. Lap məəttəl qalırsan. Bilmirsən nə edəsən…” – bunu isə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında yerləşən 9 mərtəbəli binanın zirzəmisində fəaliyyət göstərən dükan sahibi Nazim deyir.
Reportaj hazırlayarkən Bakının ayrı-ayrı ərazilərində maraqlı mənzərələrin şahidi olduq. Nisyə verməmək üçün ilhama gələn dükan sahiblərinə də rast gəldik. Məsələn, bir mağazanın qapısında belə yazılıb:
Müştəri xoş gəlib,
Xoş qədəm olsun.
Nisyə mal verilmir,
Lap dədəm olsun.
Dükan sahibi Rövşən Həsənov deyir ki, nisyə ərzaq alanların əlindən boğaza yığılıb: “Nə qədər demək olar ki, nisyə vermirəm. Alırlar, ancaq qaytarmırlar. Pulunu istəyəndə deyir ki, bu ay çox toya getdim, filan problemim var, alınmadı, milyon bəhanə gətirirlər. Adam bilmir nə etsin. Dava edəcəksən, deyəcəklər ki, 10 manatın üstündə müsibətə çıxır, şikayət edəcəksən, sənə pis baxacaqlar. Birində 10, o birində 15, başqasında 3 manat pulun qalır. Belə götürəndə xırdadır, di gəl, siyahıya baxanda 2-3 min manatın it-bata düşdüyünü görürsən”.
***
Indiyə qədər 20 min manatdan çox nisyədə pulunun batdığını deyən Hikmət adlı başqa bir satıcı yenə də məcburiyyətdən bunu etdiyini bildirir: “Bəzən mümkün olmur, alverə görə nisyə verməli olursan. Bəzən isə tanış-biliş olur deyə, keçə bilmirsən. Ancaq bacardığımız qədər pulu çox şişirtməməyə çalışırıq”.
Ramin DEKO