Nizami Isgəndərova məxsus istirahət mərkəzinin qarşısında mühafizə postu qurulub
“CTF” şirkətinin təsisçisi, keçmiş deputat Nizami Isgəndərova məxsus, ötən il faciə baş verən “Nabran Holiday Village” istirahət mərkəzində əl dəyişib. “Yeni Müsavat”ın yazdığına görə, bir müddət öncə sabiq deputat istirahət mərkəzinin fəaliyyətini yenidən bərpa etmək üçün obyektinin adını dəyişdirmək istəyib. “Nabran Holiday Village”in yeni adı “Caspian Summer Beach” olacaqmış.
Məlumata görə, sonuncu dəfə Xaçmaz Rayon Icra Hakimiyyətində olan Nizami Isgəndərova deyilib ki, yalnız “yuxarı” dairələrlə razılaşdırıldıqdan sonra istirahət mərkəzi yeni adla fəaliyyətə başlaya bilər. Mərkəzdə ayaqlarını itirən Imran Cəfərzadənin işi ilə bağlı məhkəmə prosesi gedən zaman sabiq deputat “Nabran Holiday Village”in yol kənarındakı reklam lövhəsini gecə ilə sökdürüb. Eyni zamanda, istirahət mərkəzində bu adın yazıldığı bütün loqotip və yazılar silinib. Xaçmazdakı tikinti firmalarından biri ilə müqavilə bağlayan N.Isgəndərov istirahət mərkəzindəki mövcud binanın görünüşünü dəyişdirmək üçün layihə hazırlatdırıb.
Lakin məlumatlı mənbənin dediyinə görə, bir neçə gün öncə orada yenidənqurma işləri dayanıb. Tikinti firmasında çalışan işçilər evlərinə buraxılıblar.
Səbəb olaraq onlara deyilib ki, obyekt başqa adama satılıb və yeni sahib tamam ayrı bir tikinti firması ilə müqavilə bağlayıb.
Sözügedən məkana baş çəkərkən reklam lövhələrinin söküldüyü və bir neçə mühafizə postunun olduğunu müşahidə etdik. Mühafizəçilər bildirdilər ki, ərazidə tikinti işləri getdiyindən kənar şəxslərin bura daxil olması qadağandır.
Qapısında “Işləmir” elanı olan istirahət mərkəzinə vaxtilə Baş Prokurorluq tərəfindən vurulan möhür sökülmüşdü. Ərazidəki fəhlələr bildirdilər ki, orada iki tikinti briqadası çalışır. Tikinti işləri əsasən gecələr aparılır.