Elnur Məmmədov Adil Əliyevin xəbərdarlığına məhəl qoymayaraq K-1-in növbəti layihəsini həyata keçirməyə hazırlaşır
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov qalmaqala səbəb ola biləcək müsahibə verib. Lent.az-ın yaydığı məlumata görə, Elnur Məmmədov Azərbaycan və Yaxun Şərq üzrə rəsmi nümayəndəsi olduğu K-1-in növbəti layihəsi barədə danışıb.
Onun sözlərinə görə payız aylarına təsadüf edəcək növbəti layihə əvvəlindən daha möhtəşəm olacaq. Bu dəfə əfsanəvi Badr Hari turnirin iştirakçıları sırasında olacaq: “Bu dəfə də dünyanın ən məşhur idmançıları Bakıya gələcək. Artıq payız aylarına təsadüf edəcək turnir K-1-in təqviminə daxil edilib. K-1 həvəskarları Bakıda əfsanəvi Badr Harinin döyüşünü canlı izləmək imkanı qazanacaq”.
Elnur Məmmədov mətbuatda K-1-in iflasa uğramasıyla bağlı yayılan məlumatları təkzib edərək yazılanların həqiqətə uyğun olmadığını söyləyib: “K-1-in iflasa uğraması absurd fikirdir. 2011-ci ildən K-1-in sahibi dəyişib. Yeni investor olan koreyalılar bu brendi 11 milyon dollara aldı. Indi onlar böyük yatırımlarla möhtəşəm layihələr keçirir. Los-Anceles, Tokio və Zaqrebdə Qran-Prilər oldu.
K-1 Azərbaycanda heç kimlə danışıq aparmayıb, heç kimə əməkdaşlıq təklif etməyib. K-1 brendi bu idman növündə ali qurum olmaqla həvəskar federasiya ilə danışıq apara bilməzdi. K-1 həvəskar federasiya səviyyəsində layihələr etmir. Biz də möhtəşəm layihə zamanı Gənclər və Idman Nazirliyi tərəfindən dəstək aldıq. Ölkədə idman siyasətini icra edən qurum bizə kömək oldu. Böyük layihəni ölkəmizə gətirmişik, təəssüf ki, uğurumuza sevinməyən, qərəzli danışan insanlar var…
…K-1 kikboksinq deyil, bu dünyada tanınan brend olaraq qalır. Bizim 4 idmançımız K-1 ilə rəsmi müqavilə imzalayıb. Bu ölkə idmanı adına böyük uğurdur. Biz şəxsi prinsip yox, ölkəmizin adının dünyada ucalmasına xidmət edirik”.
K-1-in bundan əvvəlki layihəsi qalmaqala səbəb olmuşdu. Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri, deputat Adil Əliyev Elnur Məmmədovu bu layihəyə görə tənqid etmişdi. Deputat yarışın Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli olduğunu bəyan etmişdi. Adil Əliyev növbəti dəfə bu mövzuya qayıdanda bir qədər də sərt danışmışdı: “Həmin ”K-1″ bankrot olmuş təşkilat idi və pullu adam axtarırdı ki, bunu qaldırsın. Görünür ki, bizim bəzi insanlarımızın da yaxşı imkanı olduğu üçün gedib onlara yaxşı pul təklif ediblər ki, gəlib burada yarış keçirsin. Həmin yarışda Bakıda təşkil olundu. Ancaq bizim xəbərimiz olmadan. Əslində bu yarış Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli idi”. Adil Əliyev daha sonra bildirmişdi: “Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu məhkəmə predmetinə çevriləcək.
“K-1″ mənə neçə illərdir deyir, gəl müqavilə bağlayaq və Bakıda yarış keçirək. Ancaq mən onlarla bu razılığa getməmişəm. Əvvəla, mənim elə imkanım da yoxdur ki, ”K-1″ yarışını keçirim. Yarışın səviyyəsi, o yarışda verilən bahalı viski və siqarın səviyyəsi ilə ölçülmür. Yarışın səviyyəsi idmançıların səviyyəsidir”.
Göründüyü kimi Elnur Məmmədov növbəti yarışın anonsunu verib. Bunun ciddi qalmaqala səbəb olacağını indidən söyləmək olar. Güman ki, bu dəfə Elnur Məmmədovla Adil Əliyev mətbuatda deyil, məhkəmədə üz-üzə gələcəklər. Hər halda Adil Əliyev belə deyib.