Bu gün Quba şəhərində Azərbaycan və Rusiya Federasiyası Daxili İşlər Nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə, İşçi Qrupun fəaliyyətinə, onun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələləri müzakirə ediblər.
Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın təməlini Azərbaycan və Rusiya Prezidentlərinin yürütdükləri mehriban qonşuluq və dostluq siyasəti təşkil edir.
Qeyd olunub ki, hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğundur. İş birliyinin istintaq-əməliyyat tədbirlərinin razılaşdırılaraq həyata keçirilməsi, informasiya mübadiləsi, kriminalistik uçot-qeydiyyatın müvafiq növlərinin məlumat banklarından birgə istifadə olunması, sorğuların, istintaq tapşırıqlarının icrası və başqa formalarından geniş istifadə olunur. İki ölkənin daxili işlər orqanlarının əməkdaşları tərəfindən “Sərhəd-Sipər” şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində hər il xeyli cinayətkar qrup ifşa olunur, ağır cinayətlər açılır, məhkəmə və istintaq orqanlarından yayınan şəxslərin yerləri müəyyənləşdirilərək tutulurlar.
Görüşdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın təhdid və çağırışlarına qarşı sərhədyanı ərazilərdə də adekvat cavab verilməsinə daim hazır olmağın vacibliyi vurğulanıb.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini – Şimali Qafqaz regionunda Rusiya DİN-in orqan və hissələrinin müvəqqəti operativ qruplaşmasının rəhbəri, polis general-mayoru İqor Romaşkin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini qeyd etmişdir. Ekstremizm, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya ilə mübarizə sahələrində birgə səylərin daha da fəallaşdırılmasına dair konkret təkliflər səsləndirilib.
Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-mayoru Abduraşid Maqomedov, nazir müavini Vasili Salyutin, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyəti baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər.
İclasın yekunlarına dair müvafiq protokol imzalanıb. Sənəddə əməkdaşlığın səmərəliyinin artırılmasına və sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
***
Rusiya daxili işlər nazirinin Qubaya gəldiyi barədə məlumat təsdiqlənib. Quba rayon İcra Hakimiyyətindən ANS PRESS-in bölgə müxbirinə bildirilib ki, Rusiyanın daxili işlər nazirilə birgə digər səlahiyyətli şəxslər də Qubaya gəliblər. Lakin səfərin məqsədi barədə heç bir açıqlama verilməyib.
***
Rusiyanın baş naziri Dmitri Medvedyev yaxın günlərdə Qubaya gələcək. Bu dövlətin daxili işlər naziri Vladimir Kolokotsev isə artıq Quba rayonunda səfərdədir.
Dogru.tv Quba rayonundakı mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının daxili işlər naziri Qubada 5 ulduzlu “Rixos Quba Azerbaijan” otelinədir. Naziri Quba səfəri ilə bağlı rayonda fövqəladə vəziyyət hökm sürür. Bilgi verən mənbə qeyd edir ki, Rusiya daxili işlər nazirinin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi “Rixos Quba Azerbaijan” otelinədir. Belə ki verilən bilgiyə görə, nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Azərbaycan daxili işlər nazirliyinin məsul çəxsləri Quba rayonundadır.
Məlumata görə, Rusiya daxili işlər nazirinin gəlişinin əsas məqsədi yaxlın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedyev və Dağıstan prezidenti Ramazan Abdulatipov “Rixos Quba Azerbaijan” otelində bir sıra görüşlər keçirəcəklər. Bundan əlavə, Qubaya gələn baş nazirə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan bir villa da bağışlanacaq. Mənbə bildirir ki, artıq villa tam yaşayış üçün hazırdır.
Bildirilir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev Qubaya səfərinə həyat yoldaşı Svetlana Medvedyeva ilə gələcək. Qonaqların Qubada 3 gün qalacaqları bildirlir.
Yaxın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlir. Baş nazir və prezident Qubada “Rixos Quba Azerbaijan” otelinə gedəcəklər.
***
“Azadlıq” qəzetinin redaksiyasına daxil olan məlumata görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycandadır. O, Qubada “Riksos” otelində qalır. Qəzetə məlumat verən mənbə nazirin rayonda kortejlə hərəkət edərkən göründüyünü iddia edir.
Başqa bir məlumatda isə Qubaya gələnin nazir yox, nazirliyin yüksək səviyyəli nümayəndələri olduğu deyilir.
Mənbə rusiyalı nazirin, yaxud nazirlik nümayəndələrinin Qubaya hansı məqsədlə gəldiyi haqda məlumatın olmadığını deyir.
Məlumatla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bu barədə hər hansı informasiyanın olmadığını bildirdilər.