“Kiyev hökumətinin inqilabı müdafiə etmək üçün nə iradəsi, nə imkanı, nə də ordusu var”
“Putin şərq və cənub vilayətlərini ələ keçirəcək, amma uda bilməyib, boğulacaq”
Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsov Ukraynanın şərq vilayətlərini Putin rejiminin ələ keçirmək cəhdi qarşısında Kiyev hökumətinin təpərsizliyini tənqid edib. Nemtsov şəxsi Facebook səhifəsində yazıb ki, indiki vəziyyət Putinin şərqi-Ukraynanı ələ keçirmək ehtimalını gücləndirir. Çünki Ukrayna hökuməti inqilabı müdafiə edə bilmir.
Bununla yanaşı o, Ukrayna siyasətinin Putini bitirəcəyini də yazır və ukraynalıları cəlbedici dövlət qurmağa səsləyir.
“Hər bir inqilab yalnız o zaman nəyəsə dəyir ki, müdafiə olunmağı bacarır”, – deyə Lenin günümüzün Ukraynası barədə deyib. Şərqdəki hadisələr, xüsusən də Ukraynanın 6 zirehli texnikasını “yaşıl adamcıqların” (Rusiya silahlı qüvvələrinin Ukraynaya yeritdiyi xüsusi təyinatlılar – red.) ələ keçirməsi göstərir ki, Kiyev hökumətinin inqilabı müdafiə etmək üçün nə iradəsi, nə imkanı, nə də ordusu var. Bu faktdır. Şərqdəki əhali də ölkənin bütövlüyünü qorumaq üçün az ruhlandırılıb. Böyük ehtimalla Putin şərq və cənub vilayətlərini ələ keçirəcək. Amma uda bilməyib, boğulacaq. Dərhal boğulmayacaq, amma boğulacaq.
Milyonlarla insana pensiya verilməlidir; kömür sənayesi dəstək tələb edir; metallurgiya böhran içindədir… Ölkə isə təcriddədir və silahlanma yarışına da pul tökmək lazımdır…
Ukraynalılar isə bu müddətdə uğurlu ölkə qurmalıdırlar ki, şərq vilayətləri illər sonra geri qayıtmaq üçün müraciət etsin – Almaniyada olduğu kimi”, – deyə Nemtsov yazır.