Təhsil Nazirliyi dinin ayrıca fənn kimi tədrisinin əleyhinədir, ekspertlər isə bunu vacib sayır
Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, Azərbaycanda din ayrıca fənn kimi məktəblərdə tədris olunmur. Onun sözlərinə görə, müəyyən fənlərdə, məsələn, “Həyat bilgisi” dərsliyində dini bilgilər uşaqların yaş qruplarına uyğun tədris olunur: “Uşaqlara dünya dinləri barədə də əlavə məlumatlar verilir. Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var. Bundan sonra da biz bunları nəzarətdə saxlayacağıq”.
Bir müddət əvvəl də dini dərslərlə bağlı məsələ müzakirə mövzusuna çevrilmişdi. Orta təhsil müəssisələrində dinin tədrisi üçün ayrıca saatların təyin edilməsi, yoxsa ümumi bilgilərlə kifayətlənmək məsələsi ətrafında fikir mübadiləsi aparılırdı. Ekspertlər bu məsələdə fərqli fikirlər ortaya qoymuşdu.
İlahiyyatçı ekspert Elşad Miri Azərbaycanın orta məktəb dərsliklərində dinlə bağlı məlumatların informasiya xarakterli deyil, çox cüzi, səthi yanaşmalar şəklində olduğunu deyir. Onun fikrincə, Türkiyədə gündəmə gələn və Azərbaycanın özündə də mövcud olan, məktəblərdə keçirilən mənəviyyat dərsləri problemin həllinə yardımçı ola bilər. “Çağ” öyrətim şirkətinin həftədə bir dəfə keçirdiyi mənəviyyat dərslərində insanlara dinlə bağlı müəyyən bilgilər verilməsini təqdir edən ekspert, əslində, məsələnin həlli yolunun olduğunu bildirir: “Türkiyədə fakültativ də olsa, dini fənnin tədris olunması gündəmə gəldiyi, tətbiq edildiyi halda, Azərbaycanda bu məsələnin geridə getməsi və ya tətbiq edilməməsi mənfi haldır. Azərbaycanda Suriyaya gedənlərlə bağlı, eləcə də məzhəb qarşıdurması və digər məsələlərin gündəmə gəlməsi ərəfəsində bu məsələ daha effektiv həllini tapmalıydı”.
Ekspertin fikrincə, orta məktəblərdə dinin tədris olunmasının digər variantı kimi, müəyyən vəsaitlərlə uşaqlara dinin ümumi bilgiləri öyrədilməli, bu proses universitetlərdə də fakültativ olaraq keçilməlidir. Elşad Miri əlavə edir ki, orta məktəblərdə bu işi görəcək mütəxəssislərlə bağlı problem varsa, belə kadrlar hazırlanmalıdır. O, dini fənlərin ümumiyyətlə, kəsilib atılmasının heç də yaxşı hal olmadığını vurğulayır.
Nigar