Elxan Şahinoğlu: «Ola bilsin Ərdoğanın Bakı səfərində qapalı şəkildə «Gülən hərəkatı» müzakirə olunsun»
«Azərbaycanın bu gün Türkiyə ilə hərbi əməkdaşlığına çox böyük ehtiyacı var»
“Türkiyədə parlament və Cümhur başqanlığına seçkilərdən sonra baş nazir və prezident seçilən şəxs öncə müttəfiq ölkələrə səfər edirlər. Ya bu Kuzey Kıbrıs Türk Cümhuriyyəti olub, ya da Azərbaycan. Ərdoğan da bu ənənəni pozmadı. Doğrudur, bu bələdiyyə seçkiləri olsa da, AKP faktiki qalib çıxıb və ilk xarici səfəri Azərbaycana edib. Səfər zamanı düşünürəm ki, bir çox məsələlər müzakirə olunacaq”.
Bu sözləri “Azadlıq”a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin baş naziri Ərdoğanın bu gün Bakıya edəcəyi səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında strateji əlaqələr inkişaf edir: “Siyasi, iqtisadi, enerji, müdafiə naziri dəyişdikdən sonra hərbi əməkdaşlıqda irəliləmə hiss olunur. Təsadüfi deyil ki, Ərdoğandan öncə Bakıya Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfər etmişdi. Azərbaycanın bu gün Türkiyə ilə hərbi əməkdaşlığına çox böyük ehtiyacı var. Rusiyanın Krımı işğal etməsi fonunda bölgədə təhlükəli dövlətə çevrilib. Rusiya Cənubi Qafqaza təhlükə yaradır. Azərbaycanın da adını tez-tez hallandırırlar. Gah Dağlıq Qarabağ sakinlərinə pasport veriləcək, gah da deyirlər ki, Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir. Düzdür, bunları məntiqsiz fikirlər kimi qəbul edə bilərik. Bunu Jirinovski deyib. Ancaq vaxtilə Jirinovski Krımın da Rusiyaya birləşməsini deyirdi, 10 il sonra onun dediyini həyata keçirdilər. Bu məsələlərə dırnaqarası baxmaq olmaz. Buna görə də Azərbaycanın Türkiyəylə hərbi əməkdaşlığına ehtiyacı artıb. Ola bilsin Ərdoğanın Bakı səfərində Dağlıq Qarabağın ətrafında da geniş fikir mübadiləsi aparılsın. Bu məsələ müzakirə oluna bilər”.
Elxan Şahioğlu Ərdoğanın Bakıda Gülən hərəkatı ilə bağlı müzakirə edəcəyini də istisna etmir: “Ərdoğan hər dəfə seçkidən sonra yumşaldıcı açıqlamalar verir. Bu seçkidən sonra yumşaq açıqlama olmadı. Əksinə, Gülən hərəkatını zəiflətməyə, bitirməyə çalışacaq. Ola bilsin Fətullah Gülənin adamlarına qarşı cinayət işi açılsın, onun dairəsində olan mətbuatı və təhsil ocaqları sıxışdırılmağa başlanılsın. Gülən hərəkatı Türkiyə üçün həqiqətən də təhlükəlidir. Nazirləri dinliyirlər və xarici dövlətlər də bundan istifadə edirlər. Indi Gülən hərəkatı Ərdoğan üçün müxalifət və onu vaxtilə devirməyə çalışan hərbiçilərdən də təhlükəlidir. Ərdoğan çıxışında Gülən hərəkatının Azərbaycanda da qara planlarının olduğunu söyləmişdi. Bu Azərbaycan hakimiyyətinə bir mesaj idi ki, Gülən hərəkatına qarşı bir tədbir görülsün. Gülənin ən güclü şəbəkəsi Azərbaycandadır. Qafqaz universiteti çox yaxşı təhsil ocağıdır. Buranı bitirənlər Azərbaycana canla-başla xidmət edirlər. Ancaq bu şəbəkənin qaranlıq bir hissəsi də var. Onların hansı fəaliyyət göstərdiyini, nə məqsəd güddüyünü bilmirik. Bunlar dövlət içində də yerləşiblər, hakimiyyətdə var. Dövlət Neft Şirkəti Gülənin hərəkatının məktəblərini öz himayəsi altına alıb. Niyə, nə məqsədlə? Ola bilsin Ərdoğanın Bakı səfərində açıq söylənilməsə də, mediaya bu haqda bir söz deyilməsə də, qapalı şəkildə bu məsələlər müzakirə olunsun”.
Ramin DEKO