«SAB», «Səhliyalı», «M&T LTD» şirkətlərinin halal ət məhsulları istehsal etməsinə yaşıl işıq
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən və müsbət rəy verilən şirkətlərdən üçünün adı məlum olub. “SAB”, “Səhliyalı” və “M&T LTD” şirkətlərinə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib.
“SAB” şirkətinin satış müdiri Eldar Yusif Nərimanoğlu ilkin müsbət rəy aldıqlarını təsdiqləyib. Onun sözlərinə görə, hazırda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Iqtisadi Inkişaf Nazirliyinin əməkdaşları müəssisəyə baxış keçirir. “Səhliyalı” şirkətinin müdir müavini Cavad Quliyev şirkətə “Min Bərəkət-Halal” markası altında halal ət məhsulları istehsal etməklə bağlı ilkin müsbət rəy verildiyini bildirib. O qeyd edib ki, mart ayında “Səhliyalı” şirkətinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları şirkətin xammal aldığı xarici ölkələrdəki ət kəsimi müəssisələrinə baxış keçirib, halal kəsimlə bağlı videoçəkiliş aparılıb: “Dünən də Dövlət Komitəsinin əməkdaşları bizim müəssisəmizə baş çəkdi. Şirkətimizə ”Min Bərəkət-Halal” markası altında halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy verilib və yaxın zamanlarda bununla bağlı sertifikat veriləcəyini gözləyirik”. “M&T LTD” şirkətinə isə “Hacı Turqay” markası altında halal məhsullar istehsal etməklə bağlı müsbət rəy verilib. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OIC/ SMIIC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti tərəfindən bununla bağlı yoxlamalar aparılır. “Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində əsassız olaraq “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılır. Reydlər zamanı bu cür istehsalçıların məhsulları müəyyən edildikdə satışdan çıxarılacaq və həmin istehsalçılara qarşı inzibati qaydalara uyğun sərt təbdirlər görüləcək. Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, Azərbaycanda fəaliyyət göstərən cəmi 9 müəssisə Komitəyə “halal” standartının alınması ilə bağlı müraciət edib və artıq 4 belə müəssisəyə bu standarta uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib.
Xatırladaq ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları Idarəsi arasında uzun müddət halal məhsulların istehsalına zəmanət verilməsi ilə bağlı mübahisəli durum yaşanıb. QMI Bakı şəhərində fəaliyyət göstərən “SAB” və Gəncə şəhərində fəaliyyət göstərən “Halal Qida” şirkətlərinin məhsullarına halal zəmanəti verib. Mübahisəli durumun aradan qaldırılması üçün Dövlət Komitəsi Islam ölkələrindəki təcrübəni öyrənib və “Halal qida. Ümumi tələblər” dövlət standartını hazırlayaraq təsdiqləyib(APA).