ARDNŞ hər gün 6-7 evi sökür, 300-dən artıq evin sökülməsi üçün məhkəməyə müraciət edib
Dünən ARDNŞ öz balansında olan torpaqlarda qanunsuz tikinti aparılmış ərazilərə reyd təşkil edib. Reyddə jurnalistlər və ARDNŞ nümayəndələri, o cümlədən şirkətin qanunsuz tikililər problemini araşdıran Hüquq Idarəsinin rəhbərliyi iştirak edib.
Ilk olaraq Buzovna qəsəbəsində H.Z.Tağıyev adına NQÇI-nin ərazisinə baxış keçirilib. Hüquq Idarəsinin rəisi Eldar Orucovun sözlərinə görə, adı çəkilən idarənin ərazisinin 200 hektarı qanunsuz olaraq zəbt olunub. Ərazidə yüzlərlə qanunsuz tikinti işləri aparılıb.
ARDNŞ yaşayış olmayan tikililəri artıq söküb, yaşayış olan evlərə isə toxunulmayıb”.
Reyd iştirakçılarına, o cümlədən yerli sakinlərə həmin ərazinin torpaqlarının xəritəsi nümayiş etdirilib və bu ərazilərin ARDNŞ-a məxsus olduğu göstərilib. Reyd zamanı qanunsuz tikililərin sahibləri olan yerli sakinlər bu torpaqların onlara yerli bələdiyyələr tərəfindən ayrıldığını və buna görə ödəniş etdiklərini, əllərində müvafiq sənədlərin olduğunu bildiriblər. Bəzi sakinlər isə bildiriblər ki, burdakı torpaqları Davud adlı fiziki şəxsdən sotu 1000 dollara alıblar. Sakinlər iddia edir ki, son bir neçə aya qədər bu torpaqların ARDNŞ-a məxsus olmasından xəbərsiz olublar:”Tikinti aparılanda bundan yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin və polisin də xəbəri olub, amma heç bir maneçilik etməyiblər”.
Buna cavab olaraq E.Orucov deyib ki, ARDNŞ-a məxsus torpaqları qanunsuz olaraq əhaliyə satdığına görə Bakının bəzi bələdiyyələri şirkət tərəfindən məhkəməyə verilib.
Reyd iştirakçıları Buzovnadan sonra Balaxanıya yollanıblar. Balaxanı NQÇI-nin ərazisində 5 minə qədər qanunsuz ev tikilib. NQÇI-nin rəisi Müqdət Xəlilov bildirib ki, idarənin əhatə etdiyi 1894 hektarın 570 hektarı və ya 30-35%-i vətəndaşlar tərəfindən zəbt olunub, tikililərin 99%-nin sənədi yoxdur, 1%-nin sənədləri isə saxtadır. Idarənin əməkdaşları bildirib ki, ərazidə orta hesabla gündə 5-7 ev sökülür, 114 tikilinin sökülməsi barədə məhkəmə qərarı var, 300 tikilinin işinə isə məhkəmələrdə baxılır. Təkcə Balaxanı ərazisində qanunsuz tikililərə nəzarət etmək üçün 18 post qurulub.
Yerli sakinlər bu torpaqların onlara yerli bələdiyyələr tərəfindən ayrıldığını və buna görə ödəniş etdiklərini, əllərində müvafiq sənədlərin olduğunu bildiriblər. Buna cavab olaraq E.Orucov bildirib ki, sənədi olan vətəndaşlar evləri söküləcəyi halda, bələdiyyədən evin qiyməti həcmində kompensasiya tələb edə bilərlər.