Qobustanda ölkə başçısı ilə görüşmək istəyən sakinlər niyə döyülüb?
7 massivi olan qəsəbənin nədən bir massivi asfaltlaşdırılır?
Ölkə başçısı Ilham Əliyev neçə gündür ki, Bakı kəndlərini gəzir. Belə ki, martın 9-da Bakı Şəhər Icra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Müşavirədə şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar verilib. O, tapşırıqlarla tanış olmaq üçün aidiyyəti ünvanlara üz tutur. Bir məqamı da qeyd etmək yerinə düşər. Ilham Əliyevin şəhərətrafı qəsəbələrin sakinləri ilə görüşünə ANS-dəki həmkarlarımız maraqlı münasibət sərgiləyiblər: “Indi Ilham Əliyevi küçədə görsəniz, təəccüblənməyin”. Bəlkə də ölkə başçısını şəhərətrafı qəsəbələrin sakinləri görəndə artıq təəccüblənmirlər. Amma…
“Bu cür özbaşınalıq olmaz!”
Əmması odur ki, sakinlər onlarla görüşə gələn Ilham Əliyevin qəbuluna düşə bilmirlər. Elə Qobustan və Ələt qəsəbələrində olduğu kimi…
Aprelin 4-də adıçəkilən ünvanlara səfər olub. Hökumətin nəzarətində olan qəzet və informasiya agentlikləri, telekanallar görüşlə bağlı geniş reportajlar yayımlayıb. Üstəlik, qeyd edilib ki, Qobustanın 14 min 585 nəfər əhalisi var. Ancaq görüşdə 30-35 nəfər sakin olub. Qəsəbənin sakinləri ilə söhbət zamanı məlum oldu ki, Ilham Əliyevlə görüşənlərin əksəriyyəti Ələt qəsəbəsinin sakinləridir. Analoji hal Ələtdə də baş verib. Ilham Əliyev qəsəbəyə gedəndə qarşısına qobustanlılar çıxıb.
Daha bir maraqlı faktlardan biri də odur ki, Ilham Əliyev tamamlanmamış yolun “açılışına” gəlib. Sakinlər deyirlər ki, ölkə başçısı gələn zaman bütün ətraf nəzarətə alınmışdı: “Görüş üçün heç kəsə icazə verilmirdi. Əlimizdə nə qədər şikayət məktubu vardı. Bizi yaxına buraxmadılar. Etiraz edənləri ya ərazidən uzaqlaşdırırdılar, ya da döyüb, təhqir edib yaxınlıqdakı həyətə salırdılar. Hətta qadınlardan birini təhqir etdilər, döydülər. Başqa bir gənci isə döyüb aparmaq istəyirdilər. Sakinlər güclə onu döyənlərin əlindən aldılar. Döyənlər prezidentin mühafizə xidmətinin əməkdaşları idi. Artıq sakinləri prezidentin şəxsi ”oxranası” döyür. Belə vəhşilik, bu cür özbaşınalıq olmaz. Əgər Ilham Əliyev görüşə gəlibsə, hamıyla görüşsün, hamımızın dərdini dinləsin. 25-30 nəfər, özü də bu qəsəbənin sakini olmayan adamla niyə görüşür? Axı onlar bizim hansı problemlər içində boğulduğumuzu bilməzlər…”.
Sakinlərin dediyinə görə, həyətdə saxlanılan sakinlər buna etiraz ediblər: “Qışqırırdılar, o səsləri Ilham Əliyev də eşidirdi, ancaq fikir vermirdi. Çünki etiraz edənlərin səs-sədaları onun olduğu yerdən 10-15 metr kənarda idi. Mümkün deyil ki, həmin qışqırıqları eşitməsin”.
Sakinlər deyirlər ki, ölkə başçısı ilə görüşdə beş-altı nəfər qobustanlı vardı. Onlar da DSK sədri, MnSK sədrləri, bələdiyyə sədri və üzvləri idi.
Paşayevlərə məxsus biznes
Ilham Əliyevin təşrif buyurduğu məkan qəsəbənin 6-cı və 7-ci massivlərinin arasındakı yoldur. Uzunluğu 150 metr olan yolda hələ də asfaltlaşma işi gedir. Qəsəbənin başqa küçə və məhəllələri asfaltlaşdırılmayıb. Qobustanlılar deyir ki, indiki yoldan başqa heç bir yer asfaltlaşdırılmayacaq. Fikirlərini belə izah edirlər ki, niyyətləri olsaydı, çoxdan edərdilər.
Qəsəbədə olan zaman başqa bir məlumat da əldə etdik. Adının çəkilməsini istəməyən qəsəbə sakini deyir ki, 6 və 7-ci massivlərin arasındakı yolun asfaltlaşdırılmasının özəl səbəbləri var. Onun dediyinə görə, həmin yolun sonu Paşayevlərin biznes obyektinə gedib çıxır: “Yol tamamlanandan sonra dənizkənarı ərazidə böyük bir biznes obyektinin qurulacağı xəbəri yayılıb. Yəni bu yolu da qara gözümüzə aşiq olub asfaltlaşdırmırlar. Özlərinin rahatlığı və məqsədləri üçün belə bir addım atıblar”.
Qobustanda gördüyümüz problemlərin Ələtdə də şahidi olduq. Orada da ölkə başçısı uzunluğu 200-250 metr olan, həmçinin tam başa çatmayan asfalta görə sakinlərlə görüşüb. Ələtlilər də çox can atsalar da, Ilham Əliyevin qəbuluna düşə bilməyiblər. Onların da şikayət məktubları əllərində qalıb. Yenə də DSK sədri, MnSK sədrləri, bələdiyyə üzvləri ölkə başçısının qarşısında “farağat” durub.
Maraqlı müraciət…
“Cənab Prezident! Bizim qəsəbəyə xoş gəlmisiniz! Sizi görməyimizə çox şadıq.
Mən 17 nömrəli şəhər xəstəxanasının baş həkimiyəm. Sizin sərəncamınıza əsasən görülən işlər bizim qəsəbədə də göz qabağındadır. Bizim çox yollarımız asfaltlanıb, işıq, qaz fasiləsiz verilir. Sizə çox minnətdarıq. Rayonumuz da abadlaşır. Abadlıq işləri göz qabağındadır. Ancaq Sizdən bir xahişimiz vardır. Bizim xəstəxana bərbad vəziyyətdədir. 1952-ci ildə tikilmiş köhnə binada yerləşir. Onun yenidən qurulmasına ehtiyac var, poliklinika, təcili yardım xidməti bir həyətdə olsa, çox yaxşı olar. Əminik ki, Sizin buraya gəlməyiniz bizim problemimizin həllinə böyük dəstək olacaqdır.
Məktəbimizin də binası kiçikdir. Təzə orta məktəbin də tikilməsinə böyük ehtiyac var, idman salonu da olsun ki, uşaqlar orada məşğul ola bilsinlər. Başqa problemlərimiz yoxdur”.
Göründüyü kimi, qəsəbə başdan-başa problem içindədir. Baş həkim problemləri sadalayır və sonda da başqa problemin olmadığını deyir…
Ramin DEKO