Əslində, hamını, hamını, ucdantutma öldürmək! Məhv etmək! Allah verən ömrünü əlindən almaq. “HƏ” deməyən kim varsa öldürmək, yox etmək.
Öldürmək – ağalarının xoşuna gəlmək. Vicdanını, şərəfini, mənliyini, kimliyini unutmaq. Sabahını unutmaq. Sabah haqq divanı qarşısına keçəcəyi günü unutmaq. Bu gününə bel bağlamaq. Yalaq eşqi. Yarınmaq ehtirası. Özünün sağ qaldığına bir daha inanmaq və əmin olmaq üçün öldürmək. Sabah, bir gözəl gündə övladlarının necə gözükölgəli, xəcalət çəkə-çəkə cəmiyyət içinə çıxa bilməyəcəyi günü düşünmədən öldürmək.
Onlar köləsi olduqları rejimi yaxşı tanıyır. Bu rejim qana, ölümə, meyitə, cəsədə, kəfənə, irinə susayıb. Hamını udsa da doymaz. Onun qan daman cəhənglərinə nəsə atmalısan ki, bəlkə bir gün, iki gün, bir neçə il təhlükə səndən sovuşa. Onun cəhənglərindən, qılınc kimi sivri dişlərindən kimsə sığortalanmayıb – nə yapçı, nə cəbhəçi, nə o birilər. Ama hazır müxalifətçilər varkən nədən bu quduz canavarın, bu azman bədheybətin dişlərinin altına onlar düşsün ki? Onunçün də, öldürmək, öldürmək, öldürmək. Sabahını düşününcə, bu gün canını düşünmək. Təpəgöz qurban tələb eləyir. Basatın gələcəyi günəcən qurbanı əsirgəməmək.
Həsən Kərimovu da öldürmək istəyirdilər. Diri gözlü. Otağın qapısını qırıb vəhşicəsinə içəri soxulurlar. Söyüş, hədə, işgəncə. Qorxmadan, çəkinmədən. Arın-arxayın. Həbs üçün, evdə axtarış üçün məhkəmə sənədi təqdim etmədən: “… dedilər ki, nə sənəd, nədən danışırsınız?..”.
Onlara nə qədər də gülməli və cəfəng gəlir. Sənəd… Heyrət ya! Məgər öldürmək, məhv etmək, əzmək, aşağılamaq üçün sənəd lazımmı? Sənin dövlətin səni qorumur ki, bir sənəd də təqdim eləyə. O sənəd deyilən şey bir kərə imzalanıb – 1993-də və hər yerdə, hər zaman keçərlidi. Öldür, kəs, sındır, uçur, dağıt, şikəst elə – order var. 1993-də verilib. Sən də onun qurbanpayını ver. Verməsən özün qurbansan. Can şərəfdən, vicdandan şirin seydi. Canını qoru.
Canını qoru. Həsən Kərimovu isə öldür. O pis azərbaycanlıdı. “HƏ” demir. Tərsdi. Inaddı. Nə sınır, nə əyilir. Nə dönür. Nə qıvırır. Inad deyil, inad oğlu inaddı.
Hə, burun qollarını, söyün, itələyin, əlli nəfər doldurduğunuz beş adamlıq kameraya salın. Gözləyin. Qoy yavaş-yavaş ölsün. Nəfəsi kəsilsin. Boğulsun. Iki infarktı var. Üçüncüsünü gətirin. Monstr onun ətinə dikib gözünü. Dişinin dibini dəyişmək istəyir. Cavanların ətindən doyub. Onun qulaqlarında necə də gözəl səslənir: Həsən Kərimovu öldürmək! Öldürün onu! O öldükcə siz yaşayacaqsınız.
Həkim çağırmaqmı? “Yaxşı, yaxşı, çağırarıq…”. Iki saat da ötürün. Yenə həkim istəyirmi? Istəsin. O, çox şey istəyir. Noolsun. Hər istənilən verilirmi? O azadlıq da istəyir. Onu da verəcəkmisiz? Yox! Kameranın nəfəsliyini də bağlayın. Qoy ölsün. Öləcək. Ağzı nədi ölməyə. O ölməsə balalarınız ac qalacaq. Axı onun ətindən sizin balalarınız da yeməlidi. Uşaqları aclıqla sınağa çəkmək olmaz. Bu heç insanlıqdan olmaz. Axı, Həsən pis adam deyil, Allah var baş üstdə. O özü də istəməz ki, hər hansı bir uşaq acından ölsün. Öl də, Həsən bəy, noolar…
Onu alçalda-alçalda zirzəmidən qaçaraq beşinci qata rəisin otağına qaldırın. Qoy ürəyi tablamasın. Verin müstəntiqin cənginə. O, öldürər Həsəni. Aman, bu vəkili kim öndərib. Nə böyük yanlışlıq! Vəkil – ürəyi vətən üçün partlamış adamın – Fərman Kərimzadənin oğlu. Olurmu?.. Fərmanın oğlu vətəni sevən birini öldürməz axı.
Qurtuldunmu, Həsən? Qurtuldum. Offf, aman gözüm, yalqız gözüm! Oğlan, sənə ölüm yoxdu.
Yox e, öldürmək, öldürmək. Kimisə öldürmək.
Cəlilabadda bir uşaq öldü…
Biz daha ölmək istəmirik. Istəmirik ölmək… Uşaqlar heç istəmir!