Vəfa Quluzadə: «Dağlıq Qarabağ və Şotlandiya məsələsi tamam fərqlidir»
Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Sıddık Xəzər Universitetində məruzə ilə çıxış edib. APA-nın məlumatına görə, səfir çıxışında Şotlandiyanın Böyük Britaniyadan ayrılması barədə diskussiyalara və Dağlıq Qarabağ münaqişəsinə toxunub. Bildirib ki, yaxın altı ay ərzində Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı debatlar keçiriləcək. Diplomat eyni zamanda, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməli olduğunu vurğulayıb.
Irfan Sıddık bu məsələni öz ölkəsindəki olaylarla müqayisə edib: “Britaniyada baş verənlər də maraqlıdır. Şotlandiyada bəzi insanlar Britaniyanın tərkibində qalmaq istəmirlər. Müharibə etməkdənsə, biz referendum keçirəcəyik. Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsində çıxış yolu da referendum olmalıdır. Bu, statusun müəyyən edilməsi üçün məntiqli kompromisdir. Ortada birbaşa münaqişə var, bəziləri Azərbaycanda qalmaq istəyir, bəziləri isə yox. Bizdə də elədir. Bəziləri Britaniyada olmaq istəyir, bəziləri yox. Baxaq görək nə olacaq”.
Səfirin dediklərini şərh edən politoloq Vəfa Quluzadə Şotlandiya məsələsini Böyük Britaniyanın daxili işi adlandıraraq Şotlandiyanın orada referendum keçirməsinə Britaniyanın özünün qərar verəcəyini bildirir. Politoloq deyir ki, Qarabağda isə məsələ tamam fərqlidir: “Bu, Rusiya tərəfindən qondarma bir məsələdir. Nəzərə almaq lazımdır ki, Ermənistan da Azərbaycan torpağında Rusiya imperiyası tərəfindən yaradılmış dövlətdir. Biz humanizm baxımından Ermənistanın və xalqının dağılaraq məhv olmasını və torpağımızın qaytarılmasını tələb etmirik. Dağlıq Qarabağ sırf Azərbaycan torpağıdır və bizim torpağımız olaraq qalacaq. Azərbaycan əhalisi Dağlıq Qarabağdan deportasiya olunub və onlar ora qayıtmalıdır. Rusiya burada Ukraynadakı kimi geosiyasi bomba yaradır. O, Ukraynanı ayıraraq yenidən Rusiyaya calamaq istəyir. Azərbaycana münasibətdə də Rusiya eyni məqsəd güdür. Rusiya düşünür ki, bu münaqişə vasitəsilə Azərbaycanı Ermənistan adıyla darmadağın etsin və yenidən öz imperiyasına calasın”. V.Quluzadə bu mənada, Böyük Britaniya səfirinin dediklərilə razılaşmır və səfirin Dağlıq Qarabağ münaqişəsi barədə yetərincə məlumatlı olmadığından bu cür danışdığını deyir. “Böyük Britaniya ilə Azərbaycandakı durum tamamilə fərqlidir. Bunu bilmək üçün ölkəmizdə baş verənləri daha yaxından öyrənmək lazımdır”, – deyə politoloq vurğulayıb.
Nigar