Fevralın 14-də Baş prokuror Zakir Qaralov İsmayıllı rayonunda qəbul keçirib. Görüşdə İsmayıllı hadisələrinə görə həbs edilənlərin valideynləri də iştirak edib.
İsmayıllı məhbusu Elşən Qurbanovun atası Valod Qurbanov deyir ki, görüşdə Baş prokurordan övladlarının azadlığa çıxması üçün kömək istəyiblər. Məhbus Elşən İsmayıllının atası Səməd İsmayıllı isə deyir ki, Baş prokuror onlara söz verib ki, Respublika rəhbərliyi səviyyəsində tutulanlara güzəşt olunacaq: «Eyni zamanda prokuror qeyd etdi ki, məhkəmənin işinə qarışmaq, müdaxilə etmək hüququmuz yoxdur. Məhkəmə gedir, hər şey ədalətlə həll olunacaq. Düzdür, sözlər yaxşı deyildi. Ancaq məhkəmənin bilavasitə iştirakçısıyıq. Məhkəmədə 86 nəfər şahid dindirilib, onların 72 nəfəri ilkin istintaqa verdiyi ifadələrindən imtina edib. Hətta ifadələrindən imtina edənlərin içində polis əməkdaşları da var. Bundan başqa, orada videogörüntülər göstərildi, ittihamların heç biri təsdiqini tapmır, amma məhkəmə davam edir. Prokurorluğun oradakı nümayəndələri absurd ittihamlar irəli sürürlər. Beş dəqiqə çəkən görüşün keyfiyyəti nə ola bilər? Cəmi bizi beş dəqiqə qəbul elədi. Baş prokuror mülayim danışırdı, vəd verdi ki, güzəşt olunacaq. Amma eyni zamanda elan elədi ki, cəza da olacaq».
Rayon prokurorluğundan isə bildirirlər ki, qəbul yüksək səviyyədə keçirilib. Baş prokurorla görüşmək üçün təxminən yüz nəfərə yaxın şikayətçi İsmayıllı şəhərinə gəlib. Onların hamısı da qəbul olunub. Görüşdə İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Ağsu və Kürdəmir rayonlarından gələn şikayətçilər qəbul edilib (“Azadlıq” radiosu).