«İnsanların cibinə narkotik, evinə silah atmaq, bir yolla şərləmək olar, ancaq düz sözdən çəkindirmək mümkün deyil»
Gənc fəal Ömər Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi toplandı
Bu yaxınlarda həbs olunan “Axın” hərəkatının təsisçisi, gənc fəal Ömər Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi dünən Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunda (RATI) mətbuat konfransı keçirib. Tədbirdə Ömər Məmmədovun atası Elyar Məmmədov, vəkilləri Xalid Bağırov, Əlayif Həsənov və Fəxrəddin Mehdiyev, üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı, hüquq müdafiəçisi Əlövsət Əliyev, “NIDA”çılar, diplomatik korpus nümayəndələri və gənc fəallar iştirak edib.
Ömər Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Əlövsət Əliyevdir. Komitə sədri çıxışında növbəti dəfə azadlıqdan məhrum edilmiş bir gəncə görə toplaşmaqdan təəssüfünü ifadə edib: “Bu ilk dəfə deyil, sonuncu da olmayacaq. Nə qədər ki, gənclərə qarşı yönəlmiş repressiyalar davam edəcək, həbslər qaçılmazdır. Həbs edilən gənclərin böyük əksəriyyəti narkotiklə ittiham edilir. Elə bir fikir formalaşdırıblar ki, sanki müxalif düşüncəli insanların, gənclərin hamısı narkotik aludəçisidir. Əlbəttə, bu gənclərin həbsini sifariş verənlər də, hakimlər də, ümumilikdə bu prosesdə iştirak edənlərin hamısı bilir ki, bu gənclər günahsızdır. Amma onlar üçün bunun fərqi yoxdur. Problem olan məsələlərdən biri də vəkillərdir. Bu cür siyasi proseslərdə həbs edilənlərin hüquqlarını qoruyan vəkillər də getdikcə azalır. Bəziləri sadəcə, iştirakdan boyun qaçırırlar, bəzilərinə təzyiq edilir ki, işi götürməsin, geridə qalanlar isə azlıq təşkil edir. Əlbəttə, onların gördükləri işi görməzlikdən gəlmək olmaz. Əllərindən gələni edirlər ki, bu günahsız insanlar zindanlarda çürüməsinlər. Gənclər əsgər ölümlərinə, təhsildəki rüşvətə, qiymət artımına, qanunsuz həbslərə etiraz etdikləri üçün tutulurlar. Insanların cibinə narkotik atmaq, evinə silah qoymaq, bir yolla şərləmək olar, ancaq düz sözdən çəkindirmək mümkün deyil”.
Ömərin atası Elyar Məmmədov iki ildir ki, Kiprdə ali təhsil alan oğlunun siyasi fəaliyyətinə görə həbs olunduğunu vurğulayıb. Bildirib ki, ötən il dekabrın 31-də onu “bandotdel”ə çağıraraq, oğlunu siyasi fəaliyyətdən, sosial şəbəkələrdə fəallıqdan çəkindirməyi tələb ediblər. Bu baxımdan, Elyar Məmmədov oğlunun həbsinin gözlənilən olduğunu vurğulayıb.
Yanvarın 20-də Ömər Məmmədov təhsil aldığı Kiprdən Bakıya tətilə gəlib, yanvarın 21-də onu “Bandotdel”ə aparılıblar. Ö.Məmmədovla orada “profilaktik söhbət” aparılıb: “Idarədə ona ehtiyatlı olmaq ”tövsiyəsi” verilib. Bu “tövsiyə”dən 3 gün sonra Ömər saxlanıldı. Ömər heç vaxt narkotikdən istifadə etməyib. Bu şər-böhtandır”.
Ölkəni irəli məhz belə azad ruhlu gənclərin aparacağını deyən deputat Sabir Rüstəmxanlı hakimiyyəti gənclərə qarşı bu cür münasibətdən çəkinməyə çağırıb: “Biz bu gün təkcə Ömər Məmmədovu yox, gənclərin taleyini düşünməklə üz-üzə qalmışıq. Bu gedişatla gəncliyimiz uçuruma gedir. Azərbaycan gəncliyinin bir hissəsi yerli universitetlərdə məddah kimi böyüdülür. Onlara ilk olaraq, rüşvəti verməyi və rüşvəti necə almağı öyrədirlər. Saxta kitablarla, saxta tarixlərlə onların başlarını aldadırlar. Başqa bir hissəsi isə daha fəaldır. Təhsil almaq istəyir, bunun üçün mübarizə aparır. Xaricdə oxuyurlar, digərlərindən fərqlənirlər. Onlar da vətənə qayıtdıqdan sonra iş tapa bilmirlər. Buna görə də ya başqa ölkələrə üz tuturlar, ya da burada qalıb öz etirazlarını bildirirlər ki, bizə yaşamaq üçün normal şərait yaradın”.
Vəkil Əlayif Həsənov Ö.Məmmədovun həbsinin siyasi motivli olduğunu söyləyib və gənc fəalı “siyasi məhbus” adlandırıb: “21 ildir ki, ölkədə ”siyasi məhbus” konveyeri işə düşüb, hakimiyyət ona sərf etməyən insanları müxtəlif adlarla şərləyib həbsə alır”.
Hazırda ölkədə 134 siyasi məhbus olduğunu deyən vəkil bildirib ki, bu həbslərin əsassızlığı kənardan belə aydın göründüyü üçün beynəlxalq qurumlar məhkəmə prosesi olmadan onlara “vicdan məhbusu” statusu verir.
“Bu həbslərə səbəblərdən biri də iqtidarın siyasət sahəsini inhisara alması, bu sahədə rəqib tanımaq istəməməsidir. Ona görə də gəncləri həbsə salırlar”, – deyə Əlayif Həsənov bildirib.
Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. Mülki geyimli şəxslər onu Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinə aparıb. Istintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı Istintaq Təcridxanasında saxlanılır.
Ramin DEKO