«Akif Çovdarov bildirdi ki, hazırda pullarınızı Gülər Əhmədovadan ala bilmirik. Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev bizə icazə vermir»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq” qəzetinə yenə müraciət göndərib. Müraciətdə Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovla bağlı ittihamlar yer alıb. Elşad Abdullayev yazır ki, Akif Çovdarov təkcə qardaşı Mahir Abdullayevin oğurlanmasında iştirak etməyib. Natiq Babaşov və Mirsahib Məcidov adlı şəxslərin həbsini də o təşkil edib.
Sabiq rektor bildirir ki, Mirsahib Məcidov və Natiq Babaşov Mahir Abdullayevin oğurlanması ilə bağlı onun yanına gəliblər. Elşad Abdullayevin sözlərinə görə, Mirsahib Məcidov milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamıdır: “Mənə özünü Sahib müəllim kimi təqdim etmişdi. Onlar mənə demişidlər ki, Mahir Abdullayevi geri almaq üçün ”Cəlilabadlı Şahin” kimi tanınan bir şəxsin vasitəsilə Akif Çovdarov və onun dostu Qulu Cəfərovla danışıqlar aparıblar. Bu söhbətin videogörüntüsü də var və mən bunu ictimailəşdirmişəm. Sonradan mən bu adamlarla bağlı şikayət etdim. Onlar həbs olundu. Əslində bu adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin əsas üzvlərindən olan Akif Çovdarovu, Səftər Kələtərovu, “Cəlilabadlı Şahin”i,”Bandotdel”in Yasir adlı əməkdaşını və digərlərini məsuliyyətdən kənarda saxlamaq üçün idi. Onların himayədarı o qədər güclü idi ki, hətta məhkəmə zalında belə hakimləri təhdid etdilər. Bütün bunları Akif Çovdarov edirdi”.
Elşad Abdullayev daha sonra bildirib ki, Gülər Əhmədova olayının ört-basdır edilməsində də Akif Çovdarovun müstəsna xidməti olub. Sabiq rektorun sözlərinə görə, “mandat alveri”lə bağlı MTN-ə müraciət etdikdən 2 həftə sonra Akif Çovdarov onu qəbul edib: “Akif Çovdarov məni MTN-dəki iş otağına dəvət etdi. Mənim şikayətimlə bağlı dedi ki, qızım sizin rəhbərlik etdiyiniz Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin məzunudur. Buna görə də sizə kömək edəcəm. Eyni zamanda bildirdi ki, hazırda pullarınızı Gülər Əhmədovadan ala bilmirik. Çünki Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev bizə icazə vermir. Dedi ki, əgər Gülər Əhmədova deputat seçilməsə MTN onu həbs edəcək, o zaman sizin də pulunuzu alıb verərik. Daha sonra bildirdi ki, qardaşın Mahir Abdullayevə 72 min dollar borcum var. Zəhmətimə görə onu da mənə bağışlayarsınız”.
Elşad Abdullayev müraciətində daha sonra yazıb: “Akif Çovdarovun adı jurnalistlərə qarşı keçirilən aktlarda da qırmızı xətlə keçir. Elmar Hüseynovun qətli, Aqil Xəlil olayı, Eynulla Fətullayevə təzyiqlər, Xədicə Ismayıla bağlı baş verənlər buna misal ola bilər. Eyni zamanda bu şəxs Nazilə və Zakir Bədəlovların(Zakir Bədəlov Akif Çovdarovun ondan hədə-qorxu yolu ilə 200 min manat aldığını iddia edir) başına oyun gətirib. Akif Çovdarov aclıq aksiyası keçirən bacım oğlu Azad Mürsəliyevə də cinayətkar təkliflər edib”.