Milli Şura üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı qaldırdığı iddia ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından Apelyasiya Məhkəməsinə şikayəti təmin edilməyib.
G.Hacıbəylinin vəkilləri Mahmud Mehdiyevin onun şərəf və ləyaqətinə xələl gətirən açıqlamaları ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim etsələr də, hakim Yasamal Rayon Məhkəməsinin qərarını dəyişməyib.
Vəkil Bəhruz Quliyev “Azadlıq”a açıqlamasında məhkəməyə əlavə sübutların təqdim etdiklərini dedi: “Mahmud Mehdiyevin Gültəkin xanımı təhqir etməsiylə bağlı video çəkiliş, qəzetlərin nüsxələri, saytlardan çıxarışı məhkəməyə təqdim etdik. Buna baxmayaraq məhkəmə qanunsuz olaraq şikayəti icraata qəbul etmədi. Iş günü olan kimi Ali Məhkəməyə müraciət edəcəyik”.
Məlumat üçün qeyd edək ki, bir müddət öncə Gültəkin Hacıbəyli Mahmud Mehdiyevlə bağlı Yasamal Rayon Məhkəməsi qarşısında iddia qaldırmış, qarşı tərəfin onun şərəf və ləyaqətinə xələl gətirən açıqlamalarına görə məsuliyyətə cəlb edilməsini tələb etsə də, məhkəmə bu iddianı rədd edib.
Ramin DEKO