Ekspertlər yeni təyinatlardan sonra müsbət irəliləyişin müşahidə olunmadığını söyləyirlər
9 oktyabr seçkilərindən sonra cəmiyyətdə belə bir gözlənti var idi ki, hökumətdə geniş tərkibdə kadr islahatları həyata keçiriləcək və xeyli sayda nazir öz postu ilə vidalaşacaq. Ancaq, reallıq onun göstərdi ki, hakimiyyət bir neçə şəxsi vəzifədən azad etməklə islahatların imitasiyasın aparmaq fikrindədir.
Nəticədə Əmək və əhalinin sosial müdafiə naziri, Müdafiə naziri və Kənd təsərrüfatı naziri postunda dəyişiklik oldu.
Düzdür bu nazirlərin fəaliyyətini 2 ay müddətində qiymətləndirmək çətindir və obyektiv qiymətləndirmə üçün vaxt tələb olunur. Ancaq düşünürük ki, mütəxəssislər hətta 2 ay müddətində də hansısa qiymətləndirmə apara bilərlər.
Ekspert Vahid Məhərrəmov yeni təyin olunmuş Kənd təsərrüfatı nazirinin fəaliyyətində hansısa müsbət addımların müşahidə olunmadığını və bu adamın adaptasiya dövrü keçdiyini bildirdi: “Yeni nazir təyinatından sonra 2 müavin vəzifəsindən azad edildi və bu müavinlərdən biri digər vəzifəyə təyin edildi. Əslində bu müavinlərin heç bir fəaliyyəti yox idi. Yəni, kadr dəyişikliyi baxımıdan ciddi islahatlar olmadı. Ümumiyyətlə bu müddətdə qiymətləndirmə çətindir. Ancaq, Kənd Təsərrüfatı Nazirliyi ölkənin ərzaqla təminatında cavabdeh qurumdur. Buna görə də bu qurum istehsalla bağlı daha dəqiq məlumat verməlidi, qiymətlərin qalxmasını əvvəldən proqnozlaşdırmalıdı, idxalla bağlı müəyyən tədbirlər həyata keçirməlidi. Yeni nazir bu sahənin peşəkarı deyil və adaptasiya dövrü keçir. Ümumilikdə kənd təsərrüfatında, istehsal sahəsində, texniki təhcizatda, müsbət inkişaf müşahidə olunmur. Ümumiyyətlə yeni nazir hansısa proqramla çıxış etməyib, ona görə də sonrakı mərhələ haqqında fikir yürütmək çətindir”.
Iqtisadçı ekspert Qubad Ibadoğlu Əmək və əhalinin sosial müdafiə nazirinin fəaliyyətində müəyyən dəyişikliklərin hiss olunduğunu, ancaq sonrakı mərhələ haqqında konkret fikir yürüdə bilməyəcəyini bildirdi: “Hesab edirəm ki, ƏƏSMN-in sistemində müəyyən dəyişikliklər həyata keçirmək səyləri olub. Əsasən bu islahatlar anti-korrupsiya xarakterli olub. Bildiyimiz kimi ünvanlı sosial yardımın çatdırılması və əlillik dərəcəsinin verilməsi ilə bağlı boşluqlar, neqativ hallar var. Bu halların aradan qaldırılması ilə bağlı kadr dəyişikliyini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu sahədə həqiqətən ciddi problemlər var. Düzdü bu problemlərin obyektiv səbəbləri də var. Çünki, bu sektorda çalışanların əmək haqqlarının aşağı olması da neqativ halların yaranmasına səbəb olur. Bu dəyişikliklər o zaman effekt verəcək ki, sosial müfəttişlərin maaşları da artırılsın. Ümumiyyətlə təcrübə göstərir ki, hər zaman müsbət təşəbbüslər olur, ancaq sonrakı mərhələdə yenə hər şey əvvəlki vəziyyətinə qayıdır. Çox istərdim ki, Səlim Müslümovun göstərdiyi səylər davamlı olsun”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli yeni nazirin fəaliyyəti barədə bunları söylədi: “Zakir Həsənovun müdafiə naziri vəzifəsinə təyin olunduğu dövrü yekun olaraq qiymətləndirmək hələ tezdir. Amma bir sıra məsələləri artıq qeyd etmək olar. Öncədən bildirim ki, yanvarın birinci 10 günlüyündə ”Doktrina” Mərkəzi 2013-cü ildə Silahlı Qüvvələrimizdə baş verən proseslərə dair mətbuat konfransı keçirəcək və bu tədbirdə hesabatımızı ortaya qoyacağıq. Iki aylıq dövrdə 50-dən artıq orta və yüksək vəzifəli hərbi qulluqçu ehtiyata göndərildi və ya başqa vəzifəyə keçirildi. Bu dövrdə Müdafiə Nazirliyində kadr islahatlarının aparıldığı barədə məlumatlar verildi. Lakin bu kadrların Azərbaycan Silahlı Qüvvələrinə hər hansı fayda verəcəyinə inanmaq çox çətindir. Birincisi, bu kadrların əksəriyyəti bir vaxtlar Səfər Əbiyevin yaxın adamları olublar və ordumuzdakı pis durumun ortaya çıxmasında, korrupsiya və rüşvətxorluğun tüğyan etməsində, əsgər ölümlərinin sayının artmasında onların da birbaşa və dolayı məsuliyyəti var. Ikincisi, bu kadrlar arasında NATO standartlarına uyğun kimisə tapmaq çox çətindir. Zakir Həsənov gələndən sonra Azərbaycan Silahlı Qüvvələrinin ştat-strukturunda müəyyən dəyişikliklər edilir, belə ki, müavinlərin sayı artırılır, mənzil-tikinti məsələlərinə cavabdeh olan strukturlarda dəyişikliklər edilir, Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsi ləğv edilib, tenderlərin şəffaflıq məsələləri ilə bağlı bir sıra addımların atılacağı barədə bəyanatlar səsləndirilir. Orduda bir sıra texniki vəzifələrə mülkilərin gətiriləcəyi barədə məlumatlar var. Naxçıvanda yeni ordu strukturu yaradılır və s. Amma bunların nə dərəcədə səmərəli olması mübahisə doğurur. Digər tərəfdən Müdafiə Nazirliyinin informasiya siyasəti hələlik bizləri qane etmir. Iki ay müddətində cəmiyyətə konkret məlumat verilməyib. Fikrimcə, nazir Zakir Həsənov mətbuat konfransının keçirilməsini təmin etməli və nazir olduğu müddət həyata keçirilən islahatlarla bağlı açıqlama veriməlidir”.
Ilham