Qətər də diktatora müxalif qüvvələri rəsmən tanıdı
Liviyada gərginlik davam edir. Müəmmər Qəzzafi rejiminə qarşı üsyan edənlər diktatorun doğma şəhəri Siirtə nəzarəti ələ keçirib. Diktatora sadiq silahlıların müqavimətinə baxmayaraq, müxalifət tərəfdarları şəhərə daxil ola bilib. Bir neçə gün öncə isə ölkənin şərqindəki bütün sahil şəhərləri – Ras Lanuf, Breqa, Uqayla və Bin Cavad üsyançıların nəzarəti altına keçib.
Dünəndən etibarən Liviyada bütün hərbi əməliyyatlara komandanlığı NATO öz üzərinə götürüb. Bir həftəyə yaxındır ki, BMT-nin qərarı ilə, Liviyada dinc sakinlərin Qəzzafi rejiminin hücumlarından qorunması üçün beynəlxalq koalisiya qüvvələri bu ölkədə hərbi əməliyyatlar həyata keçirir.
ABŞ-ın müdafiə naziri Robert Qeyts artıq diktatora yaxın qüvvələrin ölkənin qərbinə tərəf geri çəkildiklərini bildirib: “Biz onların ölkənin qərbinə doğru geri çəkildiklərini müşahidə edirik. Bəlkə BMT hansısa yeni qərarlar verə bilər. Amma prezident Obama bizim bu ölkədə hərbi addımlarımıza dair konkret məhdudiyyətlər tətbiq edib”.
Qətər dövləti Liviyadakı milli keçid hökumətinin legitimliyini tanıyıb. Bununla da Liviyada alternativ hökumətin legitimliyini tanıyan ölkələrin sayı ikiyə çatıb. Qətər dövləti bəyan edib ki, Benqazidə formalaşan hökumət Liviya xalqının yeganə legitim hökumətidir. Çünki bu hökumət Liviya xalqının dəstəyinə sahibdir.