«Fövqəlnazir» orduda baş verən olaylardan istifadə edərək müdafiə nazirinə qarşı açıq şəkildə hücuma keçib
Hakimiyyət daxilində müdafiə naziri postunu ələ keçirmək uğrunda mübarizə başlayıb. Bəzi qruplar zaman-zaman müdafiə naziri Səfər Əbiyevi devirməyə çalışıb. Lakin bu, indiki qədər açıq şəkildə müşahidə olunmayıb. Ekspertlərin fikrincə, Səfər Əbiyevə qarşı açıq hücumlar son günlər Azərbaycan Ordusunda baş verən hadisələrlə bağlıdır.
Əldə etdiyimiz məlumatlara görə, Səfər Əbiyevin “vurulmasına” daha çox çalışan fövqəladə hallar nazir Kəmaləddin Heydərovdur. “Fövqəlnazir”lə müdafiə nazirinin münasibətləri Mülki Müdafiə Qoşunları Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra başlayıb. Səfər Əbiyev heç vəchlə Mülki Müdafiə Qoşunlarının Kəmaləddin Heydərovun nəzarətinə keçməsinə razı deyildi. Lakin bu mübarizədə “fövqəlnazir”ə qalib gələ bilmədi. Əvəzində rəhbərlik etdiyi sahədə Kəmaləddin Heydərova yaxın şəxsləri sıxışdırmağa başladı. Sabiq baş hərbi komissar Əliağa Hüseynovla münasibətləri də elə məhz bundan sonra daha da gərginləşdi. Səfər Əbiyev bütün potensialını işə salaraq “fövqəlnazir”lə dostluq münasibətləri olan sabiq baş hərbi komissarı tutduğu vəzifədən uzaqlaşdırdı.
Indi Kəmaləddin Heydərov ard-arda orduda baş verən “çp”lərdən istifadə edərək Səfər Əbiyevi yaxın adamı ilə əvəzləməyə çalışır. “Fövqəlnazir”in yaxın çevrəsinə daxil olan siyasilər, deputatlar, politoloqların da tez-tez Səfər Əbiyevi tənqid etməsinin səbəbi budur.
Yeri gəlmişkən, elə dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında(BAXCP) orduda baş verən hadisələr müzakirə olunub. BAXCP ölkənin siyasi rəhbərliyini Azərbaycan ordusunda baş verən bu və ya digər hadisələr haqqında ciddi düşünməyə və Müdafiə Nazirliyində köklü kadr islahatları aparmağa çağırıb. Əlbəttə ki, partiya bu bəyanatında haqlıdır. Lakin məsələ burasındadır ki, BAXCP-nin rəhbəri Qüdrət Həsənquliyev Kəmaləddin Heydərova yaxın şəxsdir. Bu isə artıq belə bir bəyanatın “fövqəlnazir”in mətbəxindən qaynaqlanması barədə mülahizə yürütmək üçün ciddi əsasdır.
İnformasiya şöbəsi